AQRO

09 Yanvar

Bu rayonda ət, süd və yun istehsalında artım qeydə alınıb

İmişlidə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları, emal müəssisələri yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən layihələr nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.

Rayon statistika idarəsindən bildiriblər ki, hazırda İmişlidə ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 95 min 397 baş iribuynuzlu mal-qara və 256 min 234 baş qoyun-keçi saxlanılır. Bu da 2018-ci il ilə müqayisədə ümumilikdə 1590 baş çoxdur. Naxırda ana inək və camışların sayı 40 min 692 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib və məhsul istehsalında artım olub.

Ötən il rayonda 13 min 432 ton ət (diri çəkidə), 50 min 48 ton süd, 418 ton yun istehsal olunub. 2018-ci il ilə müqayisədə süd istehsalında 451 ton, ət istehsalında 3 ton, yun istehsalında isə 26 ton artım qeydə alınıb.