“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilən yeni qaydaya əsasən, aqrar subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə veriləcək.
Fins.az xəbər verir ki, Kənd təsərrüfatı sahəsinə dəstək tədbirləri ilə bağlı yeni mexanizm bu sahədə hesabatlılığın, şəffaflığın artmasına, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsinə, fermerlər üçün müraciətlərin sadələşdirilməsinə, elektronlaşdırılaraq asanlaşdırılması və əlçatan olmasına xidmət edir. Yeni mexanizmin tətbiqi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi bütün hazırlıq tədbirlərini başa çatdırıb.
Elektron hökumət portalı www.mygov.az içərisində www.eagro.az portalı formalaşdırılıb və portalda 449259 fermer qeydiyyatdan keçib. Əkinçiliklə məşğul olan fermerlərin torpaq sənədləri və payızlıq əkinləri barədə məlumat Kənd Təsərrüfatı Nazirliyinin intensiv təlimlər keçmiş əməkdaşlarının dəstəyi ilə sistemə daxil edilib. Hazırda bu məlumatların monitorinqi aparılır. Monitorinqlər yekunlaşdıqdan sonra mərhələli olaraq subsidiyalar fermerlərin kartlarına köçürüləcək.