AQRO

24 Dekabr

Azərbaycan yaxın gələcəkdə Avropa ölkələrinə bal ixrac edə bilər

“Avropa İttifaqı bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan heyvan mənşəli qida məhsulların ixracı zamanı onların müəyyən standartlara uyğunluğu tələb edir.  Bu isə heyvan mənşəli məhsulların Avropa İttifaqı ölkələrinə ixracını çətinləşdirir".

Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycandan Avropa İttifaqına heyvan mənşəli qida məhsullarının ixracının asanlaşdırılması üçün işlər həyata keçirir: "AQTA Avropa İttifaqına müraciət etməyi planlaşdırır. Biz isə AQTA-ya müraciət etmişik ki, qadağası aradan götürüləcək məhsulların sırasına bal da daxil edilsin”.

B. Həsrətov vurğulayıb ki, Avropa İttifaqının heyvan mənşəli qidalara qadağa tətbiq etməsi ədalətsizdir: “Məhdudiyyət aradan götürüldüyü təqdirdə balımızı Avropa ölkələrində tanıda bilərik. Azərbaycan balını “Premium” bal kimi tanıtmaq lazımdır. Çünki bizim bal təbiidir və təbiətdən alınır”. 

Xatırladaq ki, builki bal istehsalı artıq 6 min tondan çox olub. Əvvəlki illərdə hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, bu il orta məhsuldarlıq 15 kiloqrama çatır. Azərbaycan artıq xaricə bal ixrac etməyə başlayıb. Bu il Yaponiyaya 8 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3 ton, Dubaya isə 4 tona yaxın bal göndərilib. Hazırda isə İordaniya ilə danışıqlar aparılır.

© Report