AQRO

24 Dekabr

Bu rayonda on bir ayda 18 min tondan çox süd istehsal olunub

Hacıqabulda heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir, hərtərəfli qayğı göstərilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün rayonda müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Görülən işlər nəticəsində də mal-qaranın baş sayı, ət, süd, yun və yumurta istehsalı artır.

Rayon statistika idarəsindən verilən məlumata görə, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 39 min 452 baş iribuynuzlu mal-qara, 139 min 18 baş qoyun-keçi bəslənilir ki, bu da ötən ilin eyni dövründəkindən ümumilikdə 1822 baş çoxdur. Naxırlarda ana inək və camışların sayı 16 min 712 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin dəyişdirilməsi istiqamətində görülən işlər ət, süd və yun istehsalının da artmasına təsir göstərib.

Cari ilin on bir ayında rayonda 8 min 510 ton ət (diri çəkidə), 18 min 25 ton süd, 231 ton yun, 321 milyon 952 min ədəd yumurta istehsal olunub ki, bu da 2018-ci ilin eyni dövründə istehsal olunan ətdən 1375 ton, süddən 2 min 248 ton, yundan 2 ton, yumurtadan isə 53 milyon 623 min ədəd çoxdur.

© Azərtac