AQRO

20 Dekabr

Fındıq ixrac edən sahibkarlara XƏBƏRDARLIQ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq ixracı ilə məşğul olan sahibkarlara müraciət edib. 

AQTA-dan Fins.az-a daxil olan müraciətdə bildirilir ki, 22 oktyabr 2019-cu il tarixli 2019/1793 saylı Avropa İttifaqının (Aİ) Komissiya Tətbiqi Qərarına əsasən, Aİ qanunvericiliyində idxal prosedurları ilə bağlı bir sıra dəyişikliklər edilib. 

Belə ki, Aİ-yə məhsul ixrac edən sahibkarlıq subyektləri məcburi qaydada Ticarətə Nəzarət və Ekspert Sistemində (TRACES) qeydiyyata düşməlidir. Müvafiq dəyişiklik 14 dekabr 2019-cu il tarixdən qüvvəyə minib.

Digər dəyişikliyə əsasən, əvvəllər Aİ-nin sərhəd keçid məntəqələrinə kağız formasında təqdim edilən Ümumi Giriş Sənədi (Common Entry Document) Ümumi Sağlamlıq Giriş Sənədi (Common Health Entry Document) ilə əvəzlənmiş və yalnız elektron qaydada TRACES sistemi vasitəsilə sərhəd-keçid məntəqələrinə təqdim olunmalıdır.

İxracatçı subyektlər TRACES sistemində //webgate.ec.europa.eu/tracesnt elektron keçidinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Sistemdə qeydiyyatdan keçmiş istifadəçilər eyni zamanda şirkətlərini “qeyri-heyvan mənşəli yem və qida müəssisəsi kimi” qeydiyyatda almalıdırlar. Müvafiq sorğular TRACES sistemi vasitəsilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunacaqdır.

Müəssisələr təsdiq olunduqdan sonra ixrac zamanı sahibkarlar CHED-D sənədini elektron qaydada dolduraraq TRACES sistemi ilə Aİ-nin sərhəd-keçid məntəqələrinə təqdim etməlidir.

Qeyd olunan prosedurlara riayət edilmədiyi təqdirdə məhsullar Aİ ərazisinə qəbul edilməyəcək. Prosedurlarla bağlı əlavə məlumat üçün Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin sertifikatlaşdırma və idxal-ixraca nəzarət sektoruna müraciət oluna bilər.