ANALİTİKA

02 Dekabr

Braziliyanın ilk milli turizm məktəbində Azərbaycan izi

COP29-da təşkil edilmiş ilk turizm günü üzrə keçirilən tədbirlər çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən Braziliya Federativ Respublikasının turizm naziri Selso Sabinoya hədiyyə edilən nar ağacı Braziliyanın ilk milli turizm məktəbinin həyətində əkilib. 

Fins.az xəbər verir ki, bu haqda Braziliyanın turizm naziri Selso Sabino sosial şəbəkə hesablarında paylaşım edib.

Ağac nazir Selso Sabino və COP30-un keçiriləcəyi Belem şəhərinin paytaxtı olduğu Para Ştatının qubernatoru Helder Barbalyo tərəfindən əkilib. 

Braziliyalı nazirə hədiyyə edilən nar tingi COP29-da ilk dəfə keçirilən turizm günündə əsası qoyulan turizmin iqlim dəyişikliyindəki rolunu vurğulayan təşəbbüslərin Braziliyada keçiriləcək COP30-da davam etdirilməsini simvolizə edir.

Qeyd edək ki, nar tingi braziliyalı nazirə noyabrın 23-də Dövlət Turizm Agentliyinin inzibati binasının önündə ağacəkmədən sonra hədiyyə edilib.

Zemfira Ms
Fins.az