ANALİTİKA

24 Oktyabr

Tailand və Kamboca vahid turizm vizası tətbiq etməyi planlaşdırır

Tailand və Kamboca arasında turizmin inkişafına dair mühüm bir təşəbbüs işıq üzü görüb.

Fins.az xəbər verir ki, Kambocanın Turizm Nazirliyi və Tailand rəsmiləri “Altı ölkə, bir istiqamət” adlı vahid turizm vizası tətbiqi planını müzakirə etməyə başlayıblar. Bu təşəbbüs Cənub-Şərqi Asiyada turizmin və iqtisadi əməkdaşlığın inkişafına yönəlib və Tailand, Kamboca, Bruney, Laos, Malayziya və Vyetnamı əhatə edir.

Tailand bu təşəbbüsü artıq təsdiqləyib və Kamboca ilə ilk rəsmi danışıqlara start verib. Məqsəd, turistlər üçün səyahəti asanlaşdırmaq və bölgədə turizm axınını artırmaqdır. Bu vahid viza sistemi, turistlərə bir neçə ölkəyə səfər etmək imkanı yaradacaq ki, bu da həm turizmin, həm də iqtisadiyyatın inkişafına töhfə verəcək.

Təşəbbüsə dair müzakirələrdə turizm marşrutlarının yaradılması, nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi və turizm sektorunda insan resurslarının inkişafı kimi məsələlər ön plana çıxıb. Kamboca bu təşəbbüsə qoşularaq, 2026-cı ilə qədər turist axınını artırmağı hədəfləyir.