ANALİTİKA

14 İyun

Naxçıvanda da enerjinin rəngi dəyişəcək

Muxtar respublikanın bərpaolunan enerji potensialı 5 QVt-dır

Prezident İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru, eləcə də Naxçıvan Muxtar Respublikasını "yaşıl enerji" zonası elan etməsi bu diyarların həmin sahədəki  potensialından səmərəli istifadə olunması üçün geniş perspektivlər açır. Konkret olaraq Naxçıvan MR-in  5 QVt "yaşıl enerji" mənbələri potensialı ilə enerjinin bu növünün ixracatçısına çevrilməsi də hədəflənib.

Bu istiqamətdə Azərbaycan-Türkiyə Enerji Forumu  möhkəm platforma təşkil edir. İlk dəfə 2021-ci ildə Bakıda təşkil olunan  bu forum iki qardaş ölkə arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Əsasən "yaşıl enerji" konsepsiyası çərçivəsində formalaşdırılan  platforma enerji sahəsində əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldilməsini qarşıya qoyur. Növbəti dəfə - 2022-ci ildə Türkiyədə keçirilən foruma üçüncü dəfə keçən ilin payızında Naxçıvan evsahibliyi etdi. Bu mühüm tədbir regionun  "yaşıl enerji" mənbələrini bir daha təhlil etmək, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinə nail olmaq baxımından böyük rol oynayır. 
Xatırladaq ki,  2023-cü il sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak edərkən  dövlətimizin başçısı demişdir: "Bir neçə gündən sonra, daha doğrusu, üç gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəkdir və əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş-elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan "yaşıl enerji" zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su-elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində "yaşıl enerji" ixracı da mümkün olacaqdır". 
Bu görüşdə "Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu" da imzalandı. Beləliklə, Azərbaycan və Türkiyə arasında enerji  sahəsinin daha da inkişaf etdirilməsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının da  "yaşıl enerji" dəhlizi üçün əhəmiyyəti bir daha ortaya qoyuldu.
Məhz Azərbaycan-Türkiyə III Enerji Forumunda vurğulandı ki, külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun ən azı 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq Naxçıvanı "yaşıl enerji"nin istehsalçısı, ixracatçısı mənbəyinə  və  tranzit məkanına çevirəcək. Bu xüsusda "yaşıl enerji" layihələrinin reallaşdırılması ilə bağlı planlar diqqətə çatdırıldı.
Yekunda isə "Azərbaycan-Türkiyə III Enerji Forumunun Protokolu", həmçinin "Naxçıvan üzərindən "Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə" layihəsinin icrası ilə əlaqədar 2023-2025-ci illərdə "TEİAŞ" və "Azərenerji" ASC-nin birgə həyata keçirəcəyi Yol Xəritəsi", "Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və "A-Z Czech Engineering" MMC arasında Azərbaycan Respublikası ərazisində bərpaolunan enerji mənbələri üzrə layihələrin icrası, həmçinin Naxçıvan Muxtar Respublikasında gücü 500 MVt-a qədər olan günəş-elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" və "Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və "ACWA Power" şirkəti arasında Batareya Enerji Saxlama Sistemi (BESS) layihəsi və 200 MVt quruda külək layihəsi üçün tədbirlər təqvimi (Yol xəritəsi)" imzalandı.
Təsadüfi deyil ki,  bu ayın əvvəlində keçirilən Bakı  Enerji Həftəsində də həmin mövzuya geniş toxunuldu.
Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar  tədbirin açılış mərasimindəki çıxışında dedi: "Biz Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Məqsədimiz burada - Naxçıvan ilə Türkiyə arasında qarşılıqlı enerji bağlantısı imkanlarını artırmaqdır. Bu investisiyaların yekunlaşdırılması ilə daha çox yeni "yaşıl enerji"ni təmin edə və bunları Türkiyə bazarına nəql edə bilərik. Çıxışımı yekunlaşdırmazdan əvvəl bildirmək istəyirəm ki, Türkiyə bu istiqamətdə enerji layihələrinin regionda əsas vasitəçisi kimi çıxış edir. Belə ki, Türkiyə Şərq ilə Qərb arasında unikal mövqedə yerləşir. Düşünürəm ki, regional əməkdaşlığı daha da təşviq etməklə, enerji təhlükəsizliyini prioritet kimi görməklə biz dayanıqlı və dinamik enerji landşaftı qura bilərik ki, bu da gələcək nəsillərə xidmət edə bilər".
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynov Bakı Enerji Həftəsinin Forum hissəsindəki çıxışında bildirdi ki, Naxçıvandan, əsasən yeni günəş-elektrik stansiyalarından (GES) Türkiyəyə və sonra da ola bilsin ki, Avropaya elektrik enerjisi ixrac etmək planlaşdırılır. Energetika Nazirliyi Naxçıvan MR-də  bərpaolunan enerji mənbələrinin yaradılmasına xarici şirkətləri cəlb edir. Xüsusən "TotalEnergies" və "Nobel Energy" şirkətləri Naxçıvanda ümumi gücü 650 MVt olan GES, "Masdar" (BƏƏ) - 150 MVt gücündə GES, Almaniyanın "Notus" şirkəti Naxçıvanın şimal-qərbində 70 MVt gücündə GES layihələrini elan ediblər. Digər layihələr də öyrənilir.

© "Azərbaycan"