Ukraynanın energetika naziri German Qaluşenko bildirib ki, raket hücumu nəticəsində ölkənin müxtəlif bölgələrində istehsal müəssisələri və elektrik enerjisinin ötürülməsi və paylanması sistemləri zədələnib. Nazirin sözlərinə görə, bu, son vaxtlar enerji sisteminə ən böyük hücumdur. “Ukrhidroenerqo” şirkəti Zaporojyedə yerləşən Dnepr su elektrik stansiyasının atəşə tutulduğunu bildirib.
Fins.az xəbər verir ki, “Məqsəd təkcə zərər vurmaq deyil, ötən il olduğu kimi, ölkənin enerji sistemində geniş miqyaslı pozulmalara səbəb olmaq üçün yenidən cəhd etməkdir”, - deyə nazir bildirib. Cənab Qaluşenkonun sözlərinə görə, atəş zamanı Zaporojye atom elektrik stansiyasını təmin edən elektrik xətlərindən biri də enerjisizləşdirilib. Ukraynanın bəzi bölgələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Ukraynanın DTEK enerji holdinqi bildirir ki, şirkətin istilik elektrik stansiyaları atəşə tutulub və onların avadanlıqlarına ciddi ziyan dəyib.
Xarkov meri İqor Terexov bildirib ki, ötən gecə şəhərdə 15 partlayış baş verib, hücumlar enerji infrastrukturuna yönəlib. Xarkovda nasos yarımstansiyalarında elektrik enerjisinin kəsilməsi ilə əlaqədar su təchizatında problemlər yaranıb, elektrik enerjisi ilə bağlı problemlər səbəbindən marşrutlarda elektrik nəqliyyatı olmayacaq.
Ukraynanın Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorov deyib ki, atəşə görə Zaporojye AES-i söndürmək ərəfəsində olub. Zaporojye AES-in rəhbərliyi də fəaliyyət göstərən iki yüksək gərginlikli xəttdən birinin dayanması barədə məlumat verib. Lakin hadisənin səbəbləri açıqlanmayıb və AES-in təhlükəsizliyinə heç bir təhlükənin olmadığı vurğulanıb.
© XQ