ANALİTİKA

18 Mart

HƏFTƏNİN İQTİSADİ YEKUNLARI

Ötən həftə Azərbaycanda mühüm iqtisadi hadisələr baş verib.

Fins.az 11-17 mart tarixlərində Azərbaycanda baş verən iqtisadi hadisələrin qısa xülasəsini təqdim edir.

RƏSMİ

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib, Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Respublikasında dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli rayonuna gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərinin Baş planı ilə tanış olublar, prezidentlər Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər, Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar və daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.

Albaniya Respublikasının Prezidenti Bayram Beqay XI Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştayneri qəbul edib.

Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunub. İclasda Baş nazir Əli Əsədov, nazirlər və dövlət komitə və agentlik rəhbərləri iştirak edib. Hesabatı baş nazir təqdim edib və ötən il ərzində görülən işlər barəsində ətraflı məlumat təqdim edib. Hesabatda ötən il ərzində sosial-iqtisadi, siyasi, mədəni və digər sahələrdə görülən işlər barəsində geniş məlumatlar öz əksini tapıb. Müzakirələrdən sonra Ə.Əsədov deputatların suallarını cavablandırıb. Daha sonra hesabat səsverməyə qoyularaq qəbul edilib.

Baş nazir Əli Əsədov hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışlar barədə Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı məlumat verib.

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə martın 16-da ölkəmizə rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin başçısının dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.

Prezident İlham Əliyev Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə və “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının Bakıda keçirilməsinə dair sazişi təsdiqləyib.

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda qeyd edilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 iyul saat 06:00-dək uzadılsın.

“Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib. Bu barədə Nazirlər Kabineti qərar verib.

BİZNES

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl CabbarovXorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan arasında görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdiyini vurğulanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəf bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosla görüşüblər. İqtisadiyyat naziri bp şirkəti ilə uzunmüddətli və səmərəli əməkdaşlığın qarşılıqlı inam və etimada əsaslandığını vurğulayıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivləri" mövzusunda Forum keçirilib.

Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının 3-cü iclasında gündəlikdə duran təşkilati-hüquqi məsələlər, qurumun kredit, investisiya və uçot siyasətinə dair məsələlər müzakirə edilib. Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə onlayn formatda Şuranın 3-cü iclası keçirilib. Azərbaycan və Qırğızıstanın aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı vurğulanıb.

Bakıda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclası keçirilib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Qazaxıstanın "Atameken" Sahibkarlar Milli Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalı və "Meetup Networking Club"un birgə təşkilatçılığı ilə Azərbaycan məhsullarının ABŞ-nin Kaliforniya ştatına ixracına dair onlayn görüş keçirilib. Görüşdə “Azexport”un rəhbəri Ayxan Qədəşov Kaliforniyada yerləşən "BGS Group" şirkətinə həm portalın, həm də Azərbaycan məhsullarının onlayn təqdimatını edib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə səfərdə olan Cənubi Koreya şirkətlərinin alıcı missiyasına rəhbərlik edən Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Kim Byung-Kvanla görüşüb. Görüşdə Azərbaycan məhsullarının Koreyaya ixracının genişləndirilməsi müzakirə edilib. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Macarıstanda Budapeşt Balkan Forumunda iştirak edib. V.Qasımlının fəxri qonaq kimi qatıldığı forumda Balkan bölgəsində enerji və nəqliyyat-logistika təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu xüsusi olaraq vurğulanıb.

2024-cü ilin fevral ayı ərzində 51 674 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə ümumilikdə 58 066 müraciət olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 100,8 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 %, qeyri-qida məhsulları üzrə 101,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3 % təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında ölkədə 18 576,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında əsas kapitala 2638,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,1% artaraq 942,4 manat olub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnamələri “Vvonder Voyage” MMC-nin otel və avtomobil rezervasiya platforması, “Kidfi” MMC-nin maliyyə savadlılığını və hesablama bacarıqlarını artıran onlayn platforma və mobil tətbiqi, “CM Elec Troniq” MMC-nin ultrasəs terapevtik arıqlama cihazının istehsalı, “4Youkid” MMC-nin psixoloji xidmətlər üçün onlayn platforması, fərdi sahibkar Ramil Qədirovun ətraf mühitin parametrlərinin qeydə alınması üçün nəzarət-ölçü cihazının istehsalı layihələri üçün təqdim edilib.

“Nar” 2023-cü ilin nəticələrinə dair keçirdiyi mətbuat konfransında sərfəli qiymət siyasəti üzrə liderliyini, müştəri məmnuniyyəti ilə bağlı uğurlu göstəricilərini, əhatə dairəsinin genişləndirilməsi və mühüm sosial yönümlü layihələri barədə geniş məlumat verib. Fins.az xəbər verir ki, müştəri Loyallığı İndeksi nəticələrinə görə mobil operatorlar arasında “Nar” yüksək nəticə göstərərək 2023-cü ildə ölkə üzrə lider olub. Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə görə, əsas razılıq bildirilən indikatorlar sərfəli qiymət, üstün müştəri təcrübəsi və internet paketləridir.

ABB-nin baş sponsorluğu ilə İlin İş Adamı seçildi! Azərbaycanda artıq beş ildir keçirilən “EY İlin İş Adamı” müsabiqəsi başa çatıb. Martın 13-də Fairmont otelində təşkil edilmiş təntənəli mərasimdə qalib elan edilib. Müsabiqənin əsas qalibi “Baku Holiday Travel” şirkətinin rəhbəri Ramil Rzayev olub.

SƏNAYE

Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, iki ay ərzində respublikada 8,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 2,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 4,5 milyard kubmetri “Şahdəniz”, 0,3 milyard kubmetri “Abşeron”, 1,3 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 240 milyon kubmetr artımla qaz hasil edilib.

Energetika Nazirliyinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 8,2 milyard kubmetr qaz hasil olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 240 milyon kubmetr çoxdur. Bu həcmin 4,1 milyard kubmetri ixrac olunub.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 240 mln. kubmetr artımla hasil edilmiş 8,2 mlrd. kubmetr qazın 4,1 mlrd. kubmetri ixrac olunub. Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə, bu ilin yanvar - fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,8 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,9 mln. ton olub.

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Avropaya 2,1 milyard kubmetr qaz ixrac olunub. Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə, bu il ərzində Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz ixrac olunub. Bundan başqa, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 0,8 milyard kubmetr qaz nəql edilib.

Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ilin fevral ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barrel olub. Bunun 476 min barrelini xam neft, 122 min barrelini isə kondensat təşkil edib.

Qeyri-neft-qaz sektorunun iqtisadi dövriyyədə payının artırılmasını təmin edən təşəbbüslərin genişləndirilməsi bu sahədə müsbət dinamika yaradıb. Cari ilin yanvar-fevral aylarında qeyri-neft-qaz sənaye istehsalında artım tempi 2023-cü ilin yanvar-fevral ayı ilə müqayisədə 11,2% artaraq 2 milyard 935,1 milyon manata çatıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarındakı paylaşımında məlumat verib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 812,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artıb.

BANK

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Blue Finance" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verib. Məlumata görə, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Samir Oqtay oğlu Ələkbərovdur.

Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin fevral ayı üzrə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb. Yuxarı şikayət indeksi siyahısında (hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan) "Bank of Baku", "Bank VTB (Azərbaycan)" , "Accessbank" və "Bank Avrasiya" yer alıb. Orta şikayət indeksində isə "Yapı Kredi Bank Azərbaycan", "Turanbank", "Azərbaycan Sənaye Bankı", "Expressbank", "Unibank", "Yelo Bank", "Rabitəbnak", "Bank Respublika" və "Azər-Türk Bank" yer tutublar. Aşağı şikayət indeksində (hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan) isə "AFB Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank", "Xalq Bank", "PAŞA Bank"və "Ziraat Bank Azərbaycan" yer tutublar.

Azərbaycan Mərkəzi Bankı tərəfindən 2023-cü ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.

Azərbaycan Mərkəzi Bankının əməkdaşları üçün Visa şirkətinin rəhbər heyəti tərəfindən rəqəmsal ödənişlər üzrə seminar təşkil olundu. Seminarda yerli ödəniş infrastrukturunun inkişafı, açıq bankçılıq, pul vəsaitlərinin real vaxtda hərəkəti, tokenləşdirmə, e-ticarət, rəqəmsal valyutalar və bir sıra digər mühüm mövzular əhatə olundu. Tədbir zamanı AMB-nin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində milli ödəniş sisteminin modernləşdirilməsi və innovativ ödəniş həllərinin tətbiqi ilə bağlı tədbirlər planı da müzakirə edildi.

ABB AZAL-la birgə səyahətsevərlər üçün maraqlı yenilik təqdim edib. AZAL-ın təyyarə biletlərini indi TamKartla alıb ödənişi hissə-hissə həyata keçirmək olar. Bu imkan yalnız AZAL-ın rəsmi internet səhifəsindən və mobil tətbiqindən elektron qaydada alınmış biletlərə aiddir.

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşulub. Bank dayanıqlılıq sahəsində təşəbbüslərinin davamı olaraq BMT-nin Qlobal Sazişinə qoşulub. Bu Saziş biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunu stimullaşdırır. BMT-nin Qlobal Sazişinə üzv olması Bankın Dayanıqlı İnkişaf Məqsədləri (SDG), eləcə də ekoloji, sosial və korporativ idarəetmə sahələrinin (ESG) təşviqini əhatə edir. Beləliklə, ABB Qlobal Sazişin 10 prinsipinə əməl edəcəyini bəyan etmiş olur.

10 ildən artıq fəaliyyəti ərzində ölkədə kapital bazarının inkişafına mühüm töhfə verən “PAŞA Kapital” öz lider mövqeyini qorumaqdadır. Belə ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb. Bakı Fond Birjası tərəfindən 2024-cü ilin fevral ayı üçün açıqlanan hesabata əsasən "PAŞA Kapital" 5 milyard 114 milyon manatdan artıq dövriyyə həcmi ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti mövqeyində möhkəmlənib.

SIĞORTA

Martın 12-də Azərbaycan Respublikası Mərkəzi Bankının Daxili Audit departamentinin direktoru və İcbari Sığorta Bürosunun audit komitəsinin sədri Elçin Əlizadə ilə yerli sığorta şirkətlərinin daxili audit funksiyalarının rəhbərləri arasında görüş keçirilib. Görüşün məqsədi, icbari sığorta sahəsində və sığorta şirkətlərinin ümumi audit proseslərində təcrübə mübadiləsi və əməkdaşlığın gücləndirilməsi olub.

Fuad Mədətov
Fins.az