Ötən həftə Azərbaycanda mühüm iqtisadi hadisələr baş verib.
RƏSMİ
Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb. Prezident İlham Əliyev Pakistanın Baş nazirini Azərbaycana səfərə dəvət edib.
Prezident İlham Əliyev “Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Sərəncamlar imzalayıb. Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi və Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Prezident İlham Əliyev “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Sərəncam imzalayıb.
“Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası” təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı açıqlanıb.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb. Görüşdə iqtisadi sahədə birgə fəaliyyətin gündəmində olan məsələlər müzakirə edilib.
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb.
SƏNAYƏ
Azərbaycan Respublikası Dövlət Neft Fondu satdığı vəsaitin həcmini açıqlayıb. ARDNF tərəfindən 2024-cü ilin fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
BİZNES
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) BMT-nin Qlobal Sazişinə qoşulub. Agentlik BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq strategiya və fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq prinsiplərinə uyğunlaşdırmaqda, KOB-ların inkişafına və yeni sahibkarlıq subyketlərinin yaradılmasına dəstək olmaqla qlobal davamlı inkişaf strategiyasına öz töhfəsini verməkdə davam edəcək. Həmçinin, Agentlik 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alaraq fəaliyyətində və KOB-larla iş prosesində ətraf mühit məsələlərinə, “yaşıl iqtisadiyyat”ın təbliğinə diqqəti daha da artıracaqdır.
Azərbaycanda ilk dəfə təşkil olunacaq Bakı Su Həftəsi (“Baku Water Week”) sərgisi 12-14 mart tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil olunan Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləyib. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, İsveçrə, Qazaxıstan, Türkiyə və Rusiya daxildir. Bu barədə ötən həftə keçirlən mətbuat konfransında məlumat verilib.
Martın 4-ü Qətər Dövlətinin Doha şəhərində təşkil edilən “DİMDEX-2024” 8-ci Dəniz Müdafiəsi üzrə Beynəlxalq Sərgi və Konfransı öz işinə başlayıb. Sərginin açılış mərasimində Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun başçılıq etdiyi mümayəndə heyəti iştirak edib. Tədbir çərçivəsində H.Əzimov Qətər Dövlətinin Baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Xalid bin Məhəmməd Əl Attiyyah ilə görüşüb.
Hər ilin üçüncü ayının üçüncü həftəsinin üçüncü günü Caspian Energy Club-un İdarə heyətinin yeni tərkibi seçilir, yalnız 4 ildən bir seçkilər 29 fevral tarixində təşkil olunur. Bu il Caspian Energy Club-un İdarə heyətinin üzvlərinin növbəti seçkiləri 29 fevral tarixində başlayıb və iki gün davam edib. Ümumi səslərin sayı 1059 nəfər təşkil edib. Onlardan 971 səs anket formatında, 88-i isə onlayn formatda səs verib. 2 günlük səsvermə nəticələrinə əsasən Caspian Energy Club-un yeni İdarə heyətinə Telman Əliyev (Caspian Energy Club), Zərifə Həmzəyeva (Gazelli Group), Rəşad Abasov (ASE Şirkətlər Qrupu), Natiq Paşayev (Caspel), Fariz Sultan-Əhmədi (By Mygroup Holding), İlqar Nuriyev (Veysəloğlu), Əsəd Nəsrullayev (Debet Safety) və Səbinə Əliyeva (GHRS) daxil olublar.
TURİZM
Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. İlkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. Aprel ayından etibarən isə AZAL həftədə 9 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.
BANK
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. Bu il martın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 650,3 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ayın eyni dövrü ilə müqayisədə 11,3 milyon dollar çoxdur.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dubay Beynəlxalq Maliyyə Mərkəzinin (DIFC) sədri Essa Kazim ilə maliyyə xidmətləri sahəsindəki yenilikləri müzakirə edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov və Qətər Mərkəzi Bankının sədri Şeyx Bəndər bin Məhəmməd bin Səid Al Tani ilə görüşüb. Görüş zamanı hər iki ölkədə maliyyə sektorunun cari vəziyyəti və aparılan islahatlar, həmçinin ölkələrimiz arasında, xüsusən mərkəzi banklar, eləcə də maliyyə sektoru arasında qarşılıqlı əməkdaşlıq perspektivləri barədə faydalı müzakirələr aparılıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş təşkil olunub. Gözrüş zamanı AMB Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2025-2028-ci illəri əhatə edən) əsas istiqamətlərini müzakirə edilib.
Avropa Mərkəzi Bankının bəyanatına əsasən, qurum uçot faiz dərəcəsini tarixi maksimum olan 4.5% səviyyəsində saxlayıb. AMB-nin qərarı analitiklərin proqnozu ilə üst-üstə düşüb. Mərkəzi bankın qərarı analitiklərin proqnozu ilə üst-üstə düşüb. Bəyanətdə qeyd olunur ki, əsas yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, o cümlədən marja kreditləşməsi və depozit xətti üzrə faiz dərəcələri dəyişməyərək müvafiq olaraq 4.5%, 4.75% və 4% səviyyəsində qalacaq.
Unibank 2024-2026-cı illər üçün hədəflərini, prioritetlərini açıqlayıb. Bankın rəhbər heyəti və əməkdaşların iştirakı ilə yeni strateji prioritetlərin və korporativ dəyərlərinin təqdimat mərasimi keçirilib. Tədbirdə ötən strateji dövrün hesabatı da verilib.
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” ölkənin ilk “Faktorinq Klubu”nun rəsmi açılış mərasimini keçirib. Martın 1-də baş tutan tədbirdə 20-dən çox iri biznes şirkətlərinin təmsilçiləri iştirak ediblər.
Ötən həftə Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən "Bankçılıq mükafatları" müsabiqəsində ölkədə fəaliyyət göstərən banklar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
SIĞORTA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə müqaviləsi olan özəl tibb müəssisələrinə planlı müayinə və müalicə üçün göndərişlərin verilməsi prosesi vətəndaşlar üçün elektronlaşdırılıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və ASA Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə sığorta şirkətlərinin rəhbərləri üçün “Sığortaçılarda korporativ idarəetmə standartları” mövzusunda seminar keçirilib.
Fuad Mədətov
Fins.az