ANALİTİKA

16 Mart

Rusiyada Azərbaycanın turizm imkanları təbliğ edilir - FOTO

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Rusiyanın Moskva şəhərində keçirilən "MITT" beynəlxalq səyahət və turizm sərgisində təbliğ edilir.

Fins.az xəbər verir ki, Rusiya və MDB məkanı üzrə aparıcı sərgidə 108 kvadrat metrlik sahəni əhatə edən milli stendimizdə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, Dağ Yəhudiləri Muzeyi, Abşeron Hotel Qrupu ilə birlikdə 8 yerli turizm sənayesi nümayəndəsi təmsil edir.

Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, dağ və qış turizmi imkanları, eləcə də ölkəmizdəki qədim yəhudi irsi haqqında ətraflı məlumat verilir.

Həmçinin digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 75 256 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51% artımdır. 2023-cü ilin fevral ayı ərzində Rusiyanın 14 şəhərindən Bakıya birbaşa 400 reys həyata keçirilib.