ANALİTİKA

16 Avqust

Proqnozlar doğrulur

Bunu ölkə üzrə 7 ayın makroiqtisadi göstəriciləri sübut edir

Cari ilin yanvar-iyul aylarında ölkədə 74 milyard 155,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artmışdır.
ÜDM istehsalının 52,9 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,3 faizi digər sahələrin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,6 faizini təşkil etmişdir. 
Bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM 7375,9 manata bərabər olmuşdur.
DSK-nın məlumatında daha sonra bildirilir ki, ilin əvvəlindən ötən 7 ay ərzində əsas kapitala 7 milyard 301,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,5 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,5 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 4 milyard 492,6 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı, 2 milyard 355,5 milyon manatı (32,3 faizi) xidmət sahələrinə, 453,6 milyon manatı (6,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. 
Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 427,8 milyon manatını (74,3 faizini) daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 174,9 milyon manatı (70,9 faizi) bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,4, büdcə vəsaitləri 29,6, əhalinin şəxsi vəsaitləri 7,8, sair vəsaitlər 5, bank kreditləri 3,2 faiz təşkil etmişdir.
DSK onu da açıqlamışdır ki, cari ilin yanvar-iyul aylarında ölkə üzrə 49,3 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulları istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalmış, qeyri neft-qaz sektorunda isə 10,7 faiz artmışdır.
Sənaye məhsullarının 75,6 faizi mədənçıxarma, 20,5 faizi emal, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 15,3 faiz artmışdır.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 3, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,6, əczaçılıq məhsullarının istehsalı 2 dəfə, elektrik avadanlıqlarının istehsalı 63,9, mebel istehsalı 56,5, geyim istehsalı 52, maşın və avadanlıqların istehsalı 39, kompüter, elektron və optik məhsulların istehsalı 34,5, hazır metal məmulatlarının istehsalı 32,4, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 29,4, poliqrafiya məhsullarının istehsalı 26,5, tikinti materiallarının istehsalı 24,9, kimya sənayesi məhsullarının istehsalı 18, metallurgiya sənayesi məhsullarının istehsalı 17,2, kağız və karton istehsalı 16,7, qida məhsullarının istehsalı 11,5, rezin və plastik kütlə məmulatlarının istehsalı 9,5, ağacın emalı və ağacdan məmulatların istehsalı 0,8 faiz artmış, tütün məmulatlarının istehsalı 2,4, içkilərin istehsalı 6,9, neft məhsullarının istehsalı 11,6, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,3, toxuculuq sənayesi məhsullarının istehsalı 24,6 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,8 faiz artmışdır.
DSK-nın açıqlamasına görə, 2022-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və ya 1,7 faiz artaraq 1 milyon 720 min nəfər olmuşdur. Onlardan 901,2 min nəfəri iqtisadiyyatın dövlət, 818,8 min nəfəri qeyri-dövlət sektorlarında fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 14,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Cari ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 827,1 manata çatmışdır. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.