ANALİTİKA

25 Mart

Neftin qiyməti 300, hətta 500 dollara da qalxa bilər?

Bu gün dünyanın əksər siyasi və iqtisaçı ekspertləri Rusiyanın Ukraynada apardığı xüsusi əməliyyat fonunda neftin qiymətinin hansı səviyyəyə qalxacağı ilə bağlı ən müxtəlif proqnozlar və şərhlər verirlər. Əksər mütəxəssislər Rusiyaya qarşı sanksiyaların davam edəcəyi və bu ölkənin neftinə embarqo qoyulacağı təqdirdə Qərbin bir barel neft üçün ən azından 300 və ya 500 dollar qiymət görəcəyini istisna etmirlər. Fins. az bütün ekspert rəylərini və təhlilləri nəzərdən keçirərək oxucularına bu istiqamətdə mövcud olan vəziyyəti geniş təhlil etməyə qərara verib.

İlk olaraq Qərbin sanksiyalarının neftə şamil ediləcəyi təqdirdə dünya neft bazarının buna necə reaksiya verəcəyinə Rusiya Fedarsiyasının baş nazirinin müavini Aleksandr Novakın fikrinə diqqət edək. Bu sahədə kifayət qədər təcrübəsi olan və baş verəcək fakta ilk növbədə mütəxəssis kimi yanaşan Rusiya rəsmisi Qərbin Rusiya tədarükündən imtina edəcəyi təqdirdə neftin qiymətinin 300 dollar və ya daha çox artacağını proqnozlaşdırıb.  Baş nazirin müavini hətta bir qədərdə irəli gedərək söyləyib ki,  “kollektiv Qərb” ölkələri Rusiyadan bu ən mühüm yanacaq və xammalın tədarükündən tamamilə imtina edəcəyi təqdirdə dünya bazarında neftin qiymətinin fantastik 500 dollara qalxacağını da istisna etməyib. Belə bir ssenarinin nə qədər real olduğunu və bunun nəyə gətirib çıxara biləcəyinə münasibət bildirməzdən əvvəl Qərbin imtina etdiyi Rusiya neftinin taleyinin necə olacağına  aydınlıq gətirək.

Novak bildirib ki, Qərb bundan imtina edərsə, Rusiya öz neftinin ixracını diversifikasiya etmək niyyətindədir. O əminliklə söyləyib ki, bütün ssenarilər, hətta ən çətinləri də hesablanır. Baş nazirin müavini xatırladıb ki, dünyada neft nəqlinin əsas yolu tankerlərdir. "Ona görə də biz logistik sxemlər və zəncirlər yaradacağıq", - deyən hökumət nümayəndəsi əlavə edib ki, "əlbəttə, neft endirimlə satılırsa, o zaman məmnuniyyətlə alınacaq".

Novakın söylədiyi fikirlər əsassız deyil. Həqiqətən də, hazırkı sanksiyaların təzyiqi altında Rusiyanın “Urals” qarışığı, ABŞ-ın və onun ən yaxın müttəfiqlərinin Rusiya ilə bağlı misli görünməmiş informasiya və siyasi kampaniyasının birbaşa nəticəsi olan əhəmiyyətli endirimlərlə satılsa da, öz alıcısını tapır. Hətta bu hərəkətlərin başqa bir nəticəsi xammalın maya dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olsa da, Rusiya neftinin dəyəri, hətta endirim nəzərə alınmaqla, cari dövr üçün Rusiya büdcəsində əks olunan gözləntilərdən xeyli yüksəkdir.

Etiraf edək ki, Qərb isteblişmentinin neft bazarına təsiri təkcə Ağ Evin digər ölkələrə təzyiqi ilə məhdudlaşmır. Martın əvvəlində ABŞ özü Rusiyadan neft, neft məhsulları, mayeləşdirilmiş təbii qaz (LNG) və kömür idxalını dayandırmaq qərarına gəlib. Buna baxmayaraq, Novakın qeyd etdiyi kimi, bu addımın nəticələrini Rusiyanın xammal ixracına təsirini elə də yüksək qiymətləndirmək olmaz: onun məlumatlarına görə, neftin yalnız 3 faizi xaricə, 7 faizi isə ABŞ-a göndərilib.

Yeri gəlmişkən, Böyük Britaniya heç də ABŞ kimi dərhal deyil, 2022-ci ilin sonuna kimi Rusiyadan neft və neft məhsullarının idxalını dayandırmaq niyyətində olduğunu bəyan edib. Görünür, iş Vaşinqtonun təsir orbitində olan Avropa İttifaqına aiddir, o isə neftdən daha çox Rusiya təbii qazının tədarükündən asılıdır: Avropanın neft idxalının ümumi həcmində müvafiq payı təxminən 27 faizə çatır.

Lakin “Reuters”in qeyd etdiyi kimi, görünür elə bu həcm özü  Aİ-nin Rusiyanın “qara qızılından” tamamilə imtina etməsi məsələsində fikir ayrılığına düşməsi üçün kifayətdir”. Üstəlik, dəniz limanlarından uzaqda yerləşən bəzi Avropa neft emalı zavodları demək olar ki, tamamilə Rusiyadan boru kəmərləri ilə gələn həcmlərdən asılıdırlar.

Agentlik onu da xəbər verir ki, bəzi avropalı alıcılar könüllü olaraq Rusiya neftini almaqdan imtina etsələr də, Aİ-də Rusiyadan bu enerji daşıyıcısının ən böyük alıcısı olan Almaniya və Hollandiyanın hakimiyyəti enerjinin qiymətinin daha da artmasına, daşıyıcı şirkətlərin və ayrı-ayrı neft emalı zavodlarının bağlanmasına səbəb ola biləcək çox tələsik qərarlar verməyin əleyhinədirlər. Hətta  Bolqarıstan bəyan edib ki, Aİ səviyyəsində Rusiyadan enerji idxalına qadağa qoyulacağı təqdirdə, özü üçün istisna axtaracaq. Macarıstan hakimiyyəti isə ümumiyyətlə belə bir qadağanın əleyhinədir.

Analitiklər qeyd edirlər ki, Aİ ölkələrinin vahid cəbhədə birləşib “Rusiya neftini almaqdan imtina etdiyi bir ssenarini fərz etsək, o zaman Çin və Hindistan kimi Asiya super nəhənglərinin qeyd-şərtsiz onlardan nümunə götürməsi ehtimalı çox azdır. Hətta Fins.az-ın da xəbər verdiyi kimi Çin nəinki Rusiya neftini almağa davam edir, həm də “Ukrayna işi” adlanan məsələdə bütün dünyaya misli görünməmiş təzyiq göstərən ABŞ-a açıq şəkildə bəyan edir ki, o, Vaşinqtona birtərəfli güzəştlərə getmək fikrində deyil.

Neftinin 85 faizini idxal edən Hindistan da öz növbəsində niyyətini açıq şəkildə ortaya qoyub. Artıq Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra Hindistan Neft Korporasiyası (IOC) və Hindustan Petroleum Corporation Ltd. (HPCL) ümumilikdə 5 milyon barel Urals nefti alıb. Daha 1 milyon barel isə  ölkənin Mangalore Refinery and Petrochemicals (MRPL) şirkəti almağı planlaşdırır. Razılaşaq ki, bu özü ölkənin qəti mövqenin təzahürü sayıla bilər. “The Economic Times”ın Hindistan nəşrinin qeyd etdiyi kimi, Hindistan əsas neft idxalçısı kimi davamlı olaraq cəlbedici qiymətlərlə alış fürsəti axtarmağa məcburdur və Rusiya xammalına böyük endirim ölkə iqtisadiyyatı üçün son dərəcə vacibdir.

“Reuters” təsdiq edir ki, Kiyev və Moskva arasında vasitəçi olmaq istəyən Türkiyə də Rusiya neftini almaqdan imtina etməyəcək.

Ümumiyyətlə, Avropa elitasının Rusiyanın enerji daşıyıcılarını alışından imtina etməsi məsələsində konsolidasiyaya nail olub-olmamasından asılı olmayaraq, Asiyanın aparıcı iqtisadiyyatlarının Rusiya neftindən tamamilə imtina etməyə hazır olan ölkələrə qoşulacağına çox ciddi şübhələr var. Məsələn, Cənub-Şərqi Asiyanın iki kifayət qədər böyük iqtisadiyyatı olan Malayziya və Vyetnam Rusiyaya qarşı sanksiyaları dəstəkləmək məsələsində bitərəf qalmaq barədə öz aralarında razılığa gəliblər.

Beləliklə, aydın görünür ki, nə Vaşinqton, nə də Ağ Evin xarici siyasət sifarişlərini qeyd-şərtsiz yerinə yetirməyə adət etmiş ən yaxın müttəfiqləri ABŞ-ın fəal şəkildə lobbiçilik etməyə çalışdığı Rusiyaya qarşı neft embarqosuna hərtərəfli dəstəyə ümid bəsləməsi mümkün sayılmır.

Rusiyadan tədarükün azaldılmasını kompensasiya etmək üçün dünya bazarında neft tədarükünün nəzərəçarpacaq dərəcədə artması ehtimalına gəlincə, əslində  görünür, buna da ümid etmək arzu olaraq qalacaq. Çünki OPEC+ qrupuna daxil olan ölkələrin ümumi əhval-ruhiyyəsinin son həftələrdə nəzərəçarpacaq dərəcədə dəyişməsi diqqət çəkmir. Ən vacibi, “The Wall Street Journal” nəşrinin müəyyən etdiyi kimi, əsas neft ixracatçılarından biri olan Səudiyyə Ərəbistanının hakimiyyət orqanları, öz həcmlərini Çin yuanına satmaq perspektivini ümumiyyətlə ciddi şəkildə müzakirə edirlər ki, bu da onların ABŞ-ın enerji təchizatı məsələlərində təklifini nəzərə almaq istəyinə çox az bənzəyir.

Yuxarıda sadaladıqlarımızı nəzərə alaraq, söyləyə bilərik ki, qiymətlərin misli görünməmiş 300 dollar və ya daha çox səviyyəyə qalxmasına səbəb olacaq  Rusiya neftinin tədarükünün kifayət qədər azalacağını təsəvvür etmək çətindir. Lakin fantastik qiymətlərin nə qədər davam edə biləcəyini və bu cür hadisələrin dünya iqtisadiyyatı üçün nə qədər genişmiqyaslı (əgər dağıdıcı olmasa da) nəticələr verəcəyini proqnozlaşdırmaq daha çətindir.

 P.S. Material hazırlanan ərəfədə  neftin qiymətiinin qalxacağı bağlı daha bir ciddi xəbərdarlıqla qarşılaşdıq. Dünyanın ən hörmətli neft treyderlərinin fikrincə, indiki 2022-ci ildə neftin qiyməti bir barel üçün 200 dolları keçə bilər. Görünür Novak əsassız yerə neftin qiymətinin qalxmasını proqnozlaşdırmayıb.

“Financial Times” yazır ki, xam neftin qiymətlərinin bu qədər artmasına səbəb Rusiyaya qarşı artan beynəlxalq sanksiyalar və alternativ təchizat mənbələrinin olmamasıdır. Sektorun ən məşhur hedc-fond menecerlərindən olan Piyer Andouranın fikrincə, iqtisadiyyat bir neçə aydan sonra normal fəaliyyətə qayıda bilməyəcək. O, bunu Lozannada keçirilən FT Commodities qlobal sammitində bildirib.

“Düşünürəm ki, biz Avropa istiqamətinə Rusiya tədarükünü həmişəlik itiririk” deyə düşünür  və bu il xam neftin qiymətinin 250 dollar/barel olacağını proqnozlaşdırır. Bu, indiki katirovkaları iki dəfə üstələyir.

RCMA Əmtəə Ticarət Fondunun rəhbəri Duq Kinq də Piyer Andouranın proqnozunu təsdiqləyərək, bu il neftin qiymətinin 200-250 dollar/barel səviyyəsinə qalxacağını proqnozlaşdırıb. "Bu keçici deyil. Bu, xam neft təklifindən şok olacaq", - deyə spiker bildirib.

Hazırladı, İLQAR