Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafına dair beş milli prioritetin gerçəkləşdirilməsi nəzərdə tutulub. Bura Azərbaycanda dayanıqlı, rəqabətqabiliyyətli iqtisadiyyatın, dinamik, inklüziv, eyni zamanda, sosial ədalətə əsaslanan cəmiyyətin formalaşması, respublikamızın rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit, “yaşıl artım” ölkəsi kimi tanınması, habelə işğaldan azad olunan ərazilərə böyük qayıdış proqramının reallaşdırılması istiqamətləri daxil edilib.
Yeri gəlmişkən, ötən bir il ərzində Milli Prioritetlərin icrası nəticəsində ölkədə getdikcə güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın gerçəkləşdirilməsi davamlı inkişafın daha da sürətləndirilməsinə möhkəm zəmin yaradıb. Bu prioritetlərin səmərəli həyata keçirilməsi üçün iki mühüm məqsəd – davamlı və yüksək iqtisadi artım, habelə daxili və xarici təsirlərə dayanıqlıq təmin olunub. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlər ardıcıl həyata keçirilib. Bununla əlaqədar dövlətimizin başçısı çıxışlarının birində deyib: “2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İl ərzində qarşıya qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır... Bu il Azərbaycana olan ənənəvi dəstək və hörmət daha da artdı və bunun başlıca səbəbi İkinci Qarabağ müharibəsindəki zəfərimiz, müharibə dövründə bütün müharibə qaydalarına riayət etməyimiz və müharibədən sonra özümüzü ləyaqətlə aparmağımız idi”.
Sosial-iqtisadi sahələrdə əldə edilən müsbət göstəricilər ölkəmizin beynəlxalq maliyyə qurumlarının reytinq siyahılarında yüksək yerlərə layiq görülməsi ilə nəticələnib. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Davos Dünya İqtisadi Forumunun hesabatına görə, respublikamız hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yeri, ölkə rəhbərliyinin islahatlara sadiqliyi baxımından isə 5-ci yeri tutub.
Sosial-iqtisadi göstəricilərdən söz düşmüşkən, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyətinə dair hesabatında diqqətə çatdırılan müəyyən rəqəmləri xatırlatmaq istərdik:
– ötən il ölkədə ümumi daxili məhsul (ÜDM) 5,6 faiz, sənaye istehsalı 5,2 faiz yüksəlib. O cümlədən, artım tempi qeyri-neft sektoru üzrə 7,2 faiz, qeyrineft sənayesi üzrə 18,9 faiz, kənd təsərrüfatı istehsalında 3,4 faiz təşkil edib;
– xarici ticarət dövriyyəsi təxminən 35,6 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 12,1 milyard ABŞ dollarını ötüb, 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz, real ifadədə 5 faiz artıb.
– ixracın real artımı 17 faiz olub, idxal isə 10 faiz azalıb. Qeyri-neft ixracı 2,7 milyard ABŞ dolları təşkil etməklə real ifadədə 38,4 faiz yüksəlib;
– vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 1,7 milyard manatdan çox olub ki, bu da 2022-ci ilin dövlət büdcəsinin sosialyönümlü xərclərinin artımına yönəldilib;
– strateji valyuta ehtiyatları 2,5 milyard ABŞ dollarına yaxın artaraq 53 milyard ABŞ dollarını ötüb və xarici birbaşa dövlət borcunu 7 dəfədən çox üstələyib. Belə ki, 2021-ci ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 7,4 milyard ABŞ dolları təşkil edib. Başqa sözlə, 2020-ci ilin sonu ilə müqayisədə 707 milyon ABŞ dolları və ya 8,7 faiz azalıb. Beləliklə, birbaşa xarici dövlət borcu ÜDM-in 13,5 faizini təşkil edib.
Bütün bunlarla bərabər, hesabat dövründə 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25,4 milyard manat proqnoza qarşı 26,4 milyard manat qeydə alınıb və 3,8 faiz çox olub. İnflyasiya da nəzarətdə saxlanılıb. Belə ki, 2021-ci ildə respublikada əvvəlki illə müqayisədə orta illik inflyasiya 6,7 faiz, 12 aylıq inflyasiya isə 12 faiz təşkil edib. Ümumi inflyasiyanın 60 faizi ərzaq inflyasiyasının payına düşüb. Azərbaycanın iqtisadi strategiyasında prioritet istiqamətlərdən biri olan ərzaq təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılıb. Bunun üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən davamlı maliyyə dəstəyi göstərilib. Bu məqsədlə reallaşdırılan tədbirlərin maliyyələşdirilməsi üçün 455 milyon manat vəsait sərf edilib ki, bu da 2020-ci illə müqayisədə 13 faiz çox olub. Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin də 59 faizi aqrar sektora yönəldilib.
Nazirlər Kabinetinin hesabatında sosial sahəyə də geniş yer ayrılıb, əhalinin, xüsusilə də aztəminatlı və sosial cəhətdən həssas kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə gerçəkləşdirilən layihələrin real ifadəsi müvafiq rəqəmlərlə diqqətə çatdırılıb:
– Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşdırılan sosial paket çərçivəsində 2022-ci ilin əvvəlindən ölkədə minimum aylıq əməkhaqqının 250 manatdan 300 manata çatdırılması ilə əlaqədar 800 min işçinin, o cümlədən, maaşları Vahid Tarif Cədvəli üzrə müəyyən olunanların əməkhaqqı orta hesabla 20 faiz artırılıb;
– minimum əməkhaqqı artımı üçün 2022-ci ilin dövlət büdcəsindən ayrılan əlavə illik vəsait 460 milyon manata çatıb. Ümumilikdə 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımı ilə bağlı sosial paket 3,4 milyon şəxsə aid olub. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 milyard manat təşkil edib;
– ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə 2021-ci ildə 3 mindən artıq mənzil verilib. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün 2021-ci ilin dövlət büdcəsindən 354 milyon manat vəsait ayrılıb;
– İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 2021-ci ildə 2 milyard manata yaxın olub və bununla 37 minə yaxın ailənin mənzil şəraiti yaxşılaşdırılıb;
– Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə, xəsarət almış və əlil olmuş hərbi qulluqçulara bütövlükdə təqribən 55 milyon manatdan çox sığorta ödənişləri həyata keçirilib.
Hesabat dövründə ölkədə idarəetmə-struktur islahatlarının həyata keçirilməsi də diqqət mərkəzində saxlanılıb. Dövlət şirkətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın və iqtisadi səmərəliliyin yüksəldilməsi məqsədilə dövlətimizin başçısının müvafiq fərmanı ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti gücləndirilib. Nəticədə indiyədək 12 dövlət şirkəti holdinqin idarəetməsinə verilib.
Ümumiyyətlə, hesabat ilində idarəetmə-struktur islahatlarının davamlı icrası sosial-iqtisadi islahatların sistemliliyini və dayanıqlılığını təmin edib, ölkənin dinamik inkişafını şərtləndirib. Ən əsası islahatların sistemli şəkildə gerçəkləşdirilməsi bu prosesə inamı daha da artırıb. Bu isə Azərbaycanın ictimai-siyasi kataklizmlər yolu ilə deyil, təkamül yolu ilə inkişaf etdiyini bir daha göstərib.
Hazırda dünyada rəqabət güclü idarəetmə sistemləri arasında gedir. Azərbaycan məhz idarəetmənin səmərəliliyini artırmaqla qlobal səviyyədə rəqabətlilik potensialını gücləndirir.
Nazirlər Kabinetinin hesabatında regionların tərəqqisi inkişaf strategiyasının əsas məqsədlərindən biri olduğu xüsusi vurğulanıb. Yeri gəlmişkən, hesabat ilində regional proqramın həyata keçirilməsi nəticəsində bölgələrdə yüzlərlə müasir müəssisə, yeni istehsal sahələri yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib. Sumqayıt Kimya Sənaye Parkında iki müəssisənin- “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı reallaşıb. Sumqayıt Kimya Sənaye Parkının 17-ci rezidenti olan “Azmonbat” MMC-nin istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq müəssisəsə istifadəyə verilib.
Bütün bunlarla bərabər, Hacıqabul Sənaye Məhəlləsinin açılışı gerçəkləşib, məhəllənin rezidenti olan “Azərmaş” zavodu, tikinti materialları üçün avadanlıqların, yüngül tara və plastik su qablarının istehsalı müəssisələri işə salınıb. Hacıqabulda “Azərsun Şamaxı Aqropark” və “Agro Dairy” MMC-nin aqroparkı istifadəyə verilib. Naxçıvanda “Azərxalça” ASC-nin muxtar respublika filialı fəaliyyətə başlayıb. Şamaxıda Üzüm Tingçilik Mərkəzinın açılışı mərasimi keçirilib. Qubada qablaşdırma vasitələrinin istehsalı müəssisəsi işə salınıb.
Yuxarıda sadalananlarla bərabər, 2021-ci ildə Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası, DOST Mərkəzi, Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağı, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı, Naftalan Mərkəzi Sanatoriyası, Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası, Bərdə Peşə Liseyi, Goranboy Olimpiya İdman Kompleksi, Sumqayıt Məhkəmə Kompleksi, İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzi, Şamaxıda Yaradıcılıq Mərkəzi, Şamaxı şəhər stadionu, Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksi, rayondakı akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binası, Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi və digər öbyektlərin açılışı mərasimləri keçirilib.
Regionların iqtisadi inkişafını, eləcə də sosial şəraitin yaxşılaşmasını şərtləndirən amillərdən biri də yol-nəqliyyat infrastrukturunun qurulmasıdır. Bu, müvafiq dövlət proqramlarında da daim diqqətdə saxlanılır. Ümumiyyətlə, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü genişmiqyaslı layihələr icra edilir.
Yeri gəlmişkən, son 18 ildə respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Bütün bölgələrdə yolların tikintisi ilbəil daha da genişləndirilib. Həm sosial, həm də iqtisadi baxımdam mühüm önəm daşıyan bu layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılıb. Təzə kənd yolları yerlərdə aqrar bölmənin əsaslı şəkildə inkişafına təkan verib, kənd təsərrüfatı məhsullarının bazarlara rahat və operativ şəkildə çatdırılmasına əlverişli şərait yaradıb. Kənd yollarının inşasının genişləndirilməsi məqsədilə büdcə vəsaiti ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə vəsait ayrılıb.
Həyata keçirilən bütün bu tədbirlər respublikada qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Belə tədbirlər hesabat dövründə həm işğaldan azad edilən ərazilərdə, həm də digər regionlarda həyata keçirilib.
Burada onu da qeyd edək ki, 2021- ci il ərzində dövlətimizin başçısının müvafiq sərəncamları ilə regionların sosialiqtisadi inkişafı üçün dövlət büdcəsinin investisiya xərclərindən 212 milyon manat, Prezidentin ehtiyat fondundan isə 122 milyon manat vəsait ayrılıb.
Nazirlər Kabinetinin hesabatından da görünür ki, müstəqil Azərbaycan bu gün sosial-iqtisadi, siyasi və mədəni inkişafının yeni mərhələsini yaşayır. Ölkədə milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmək məqsədilə məqsədyönlü sosial-iqtisadi islahatlar həyata keçirilir. Bunun nəticəsində iqtisadiyyatın həcmi getdikcə böyüyür, infrastruktur yenilənir və güclənir, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalır, maliyyə imkanları genişlənir və nəhayət, Azərbaycan yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənir.
Son illədə artan iqtisadi güc isə Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəldib, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin güclənməsinə möhkəm zəmin yaradıb.