ANALİTİKA

10 Mart

Avropa Rusiya enerjidaşıyıcılarından asılılığını azaltmaq üçün nə edir?

ABŞ Rusiyadan bütün enerjidaşıyıcılarının alışını və bu ölkənin enerji sektoruna yeni investisiyaları qadağan edib. Söhbət xam neft, neft məhsulları, neft yanacağı və sürtkü yağları, mayeləşdirilmiş təbii qaz, kömür və kömür məhsullarından gedir. ABŞ Rusiya üçün neft və neft məhsullarının tədarükü üzrə əsas bazar sayılmır. Ötən il şimal qonşumuzun ABŞ-ın xam neft idxalındakı payı 3 %, neft məhsulları ilə birlikəd 8 % olub. ABŞ bu qərarı bütün dünya üzrə ələlxüsus Avropadakı mütəfiqləri və tərəfdaşları ilə sıx məsləhətləşmələrdən sonra qəbul edib. Buna baxmayaraq okeanın o tayında başa düşürlər ki, Avropa idxalın qadağan olunmasına qoşula bilməyəcək.

Buna baxmayaraq dünən Böyük Britaniyanın transmilli neft-qaz şirkətləri “British Petroleum” (BP) və “Shell” Rusiyadan neft və qaz almayacağını, Britaniya isə 2022-ci ilin sonuna kimi bu ölkədən neft və neft məhsullarını idxal etməkdən imtina edəcəyini bəyan edib. Bu ölkənin neft istehlakının 8 %-i, təbii qaza olan ehtiyacının 4 %-i Rusiya hesabına təmin edilir. Buna baxmayaraq London Rusiya qazından tam şəkildə imtinada israrlıdır və bunun üçün ən radikal addımlar belə nəzərdən keçirilir. Bura frekinq metodu ilə şist neft hasilatının bərpa edilməsi daxildir. Məsələ burasındadır ki, mümkün ekoloji fəsadlarına (Frekinq üsulunda su və kimyəvi maddələr yüksək təzyiqlə qazma quyularına vurulur ki, bu da xüsusən içməli suyun çirklənməsinə səbəb ola bilər) görə bu metodla qaz hasilatına faktiki olaraq son iki ildir moratorium qoyulub. Analoji qadağa bir çox Avropa ölkəsində tətbiq olunur. Lakin görünən odur ki, mövcud durumda ekoloji məqamlar ikinci plana keçir. Əsas məsələ isə enerji təhlükəsizliyin təmin olunması və Rusiyadan asıllığın neytrallaşdırılmasıdır.

Bu, enerji təminatı baxımından Rusiyadan əhəmiyyətli dərəcədə asılı olan Almaniya üçün ələlxüsus əhəmiyyətlidir. Avropanın ən iri iqtisadiyyatı neftin 35 %-ni, təbii qazın 55 %-ni və kömürün 50 %-ni Rusiyadan alır. Şimal qonşumuzun Ukraynaya qarşı başlatdığı müharibə fonunda bu ölkədən enerji daşıyıcılarının tədarükündə hər hansı problemlər yaransa Almaniya iqtisadiyyatının ehtiyaclarını bərpa olunan enerji mənbələri, o cümlədn günəş və külək stansiyaları, hidroelektrik stansiyalar hesabına ödəmək mümkün olmayacaq. Əsas yük yenə ənənəvi enerji mənbələrinə o cümlədən "çirkli" enerjinin üzərinə düşəcək. Yaxın perspektivdə ən pis ssenariyə hazır olmaq üçün kömür elektrik stansiyaları ehtiyatda saxlanılacaq. Hökümət bu stansiyaların istismarından nəzərdən tutulandan daha gec imtina edilməsini nəzərdən keçirir. Daha əvvəl Almaniya bunu 2038-ci ilə kimi etməyi planlaşdırırdı. Orta perspektivdə ölkə mayeləşdirilmiş təbii qazın qəbulu üzrə iki terminalın tikintisinə bel bağlayacaq. Artıq hökümət səviyyəsində müvafiq qərar veririlib. Terminallar Brunsbyuttel və Vilqelmsxafendə yerləşəcək. Digər tərəfdən atom enerjisindən daha geniş şəkildə istifadə nəzərdən keçirilir. Hərçənd ki, bu ilin sonuna kimi ölkədəki bütün atom elektrik stansiyaları şəbəkədən ayrılmalı idi. Hazırda Almaniyanın neft ehtiyatları ölkənin 90 günlük tələbatını ödəməyə yetərlidir. Hökümət kömür üzrə də analoji ehtiyatların yaradılacağını bəyan edib.
Rusiya ilə münasibətlərin daha da pisləşəcəyi təqdirdə ola biləcək enerji böhranının fəsadlarını minimuma endirmək üçün ümumavropa mexanizmləri də işə düşə bilər. Belə ki, Aİ ölkələri fors-major hallarda təbii qaz ehtiyatları ilə bölüşməlidirlər. Bu, ilk növbədə ev təsərrüfatlarının təbii qaz defisitindən qorunmasına şamil edilir. Paralel olaraq Avropa Komissiyası əlavə təbii qaz və mayeləşdirilmiş təbii qaz tədarükünü təmin etmək üzərində işləyir. Rəsmi məlumata görə, Azərbaycan, Misir, Nigeriya və Norveçlə bu yöndə danışıqlar gedir. Yaponiya aldığı LNG-nin artıq qalan hissəsini Avropaya yönəldəcəyini bəyan edib. Bundan başqa Qətər “köhnə kontinent”ə təbii qaz tədarükünü artırmağa hazırdır.
Avropanın dekarbonizasiya doktrinasına yenidən baxa biləcəyi istisna edilmir. “Köhnə kontinent”in enerji təhlükəsizliyinə yeni təhdidlər fonunda ekoloji məsələlərin arxa plana keçəcəyi heç zaman olmadığı qədər realdır. Bu gün tərəzinin bir gözündə ola biləcək ekoloji fəsadlar digər gözündə ənənəvi dünya düzəninə real təhdid olan Rusiya var. Ukraynada cərəyan edənlər Qərbi son onilliklərdə olmadığı qədər konsolidasiya edib. Bu mənada Rusiyadan enerji asılılığını heçə endirəcək bütün variantlar masadadır. Avropa yaxşı anlayır ki, daxili enerji mənbələrinə nə qədər çox bel bağlasa, xarici iqtisadi problemlər və çağırışlara daha inamlı şəkildə cavab verə biləcək.
 

© report