ANALİTİKA

20 Sentyabr

SOCAR Capital rəsmisi: İnstitusional investorlar SOCAR İstiqrazlarında çox maraqlıdır

Bu gün SOCAR İstiqrazlarının ikinci buraxılışına abunə yazılışı başlayır. SOCAR İstiqrazlarının yeni yazılışının başlanması ilə bağlı  SOCAR Capital-ın Xəzinə Meneceri Turan Talıbovanın Fins.az-a müsahibəsini təqdim edirik.

SOCAR İstiqrazlarına abunə yazılışı nə zaman başlayır və neçə gün davam edəcək?

SOCAR İstiqrazlarının ikinci buraxılışına abunə yazılışı 20 sentyabr tarixindən başlayaraq, 29 oktyabradək davam edəcək. Vətəndaşlar bu tarixlər arasında ASAN 1 və 5 xidmət mərkəzlərində yerləşən SOCAR İstiqrazları köşklərinə və ya istənilən investisiya şirkətlərindən birinə müraciət etməklə, abunə yazılışında iştirak edə bilərlər.

İstiqrazların gəlirliliyi nə qədərdir və bazardakı digər istiqrazlardan əsas fərqi nədir?

İstiqrazların illik faiz gəliri 4.5%-dir, bazarda mövcud istiqrazlardan fərqi faizlərin ildə 4 dəfə ödənilməsi, yüksək likvidliyi, hamı üçün əlçatan olmasıdır. Bundan əlavə, SOCAR İstiqrazlarının sahibi olan fiziki və hüquqi şəxslər bu qiymətli kağızları girov qoyaraq, qısamüddətli repo əməliyyatlarında iştirak edə və ya sərfəli faizlə uzunmüddətli kredit ala bilərlər. Bu halda onların İstiqrazlara sahibliyi və faiz ödənişlərini almaq hüquqları qalır, eyni zamanda qısamüddətli kredit ehtiyaclarını da ödəmiş olurlar.

İstiqrazlarını satmaq istəyənə SOCAR necə zəmanət verir?

SOCAR emitent olaraq, buraxdığı qiymətli kağızların təkrar bazarda likvidliyni – yəni, rahat alqı-satqısını təmin etmək üçün marketmeyker mexanizmindən istifadə edir. Belə ki, ölkəmizdə lisenziya əsasında fəaliyyət göstərən investisiya şirkətlərindən biri – PSG Kapital – SOCAR İstiqrazlarının marketmeykeri təyin olunub. Bu şirkət İstiqrazların tədavül müddəti – 5 il ərzində – hər gün bazarda alıcı və satıcı qismində iştirak edəcəkdir ki, investorlar istədikləri zaman İstiqrazları sata bilsinlər.

Hazırda buraxılan SOCAR istiqrazlarının əvvəlki istiqrazlardan fərqi varmı?

SOCAR İstiqrazlarının ikinci emissiyasının birincidən ciddi fərqi yoxdur. Bu istiqrazlar da 5 illikdir, ümumi həcmi 100 milyon ABŞ dolları məbləğində, nominalı 1000 dollar olaraq buraxılıb. İllik faiz dərəcəsi 4.5% olmaqla, rüblük ödənişlər əsasında həyata keçiriləcəkdir.

SOCAR istiqrazını almaq istəyən şəxslər hara müraciət etsin?

İstiqrazları əldə etmək üçün 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərinə və ya investisiya şirkətlərindən birinə müraciət etməlidirlər.

SOCAR istiqrazlarını konkret  hansı banklardan almaq mümkündür?

SOCAR İstiqrazlarını banklar deyil, investisiya şirkətləri vasitəsilə almaq mümkündür. Vətəndaşlar ilk öncə investisiya şirkətinə müraciət edərək, onlar vasitəsilə abunə yazılışına qeydiyyatdan keçməli, müvafiq sənədləşməni həyata keçirməli, sonra isə investisiya şirkəti tərəfindən banka ödəniş üçün yönləndirilərək, alacaqları İstiqraz sayına uyğun ödəniş etməlidirlər.

SOCAR istiqrazını pula çevirmək prosesi nə qədər vaxt aparır?

 Bu çox sadə prosesdir. İnvestor SOCAR İstiqrazına sahibdirsə, onu satmaq və pula çevirmək bir neçə dəqiqəlik əməliyyatdır. İnvestor istiqrazları aldığı investisiya şirkəti ilə əlaqə saxlayaraq, satmaq istədiyi istiqraz sayı və qiymətini bildirərək, birjada sifariş qoyur, satış əqdi birjada həyata keçiriləndən sonra, istiqrazların məbləği onların bank hesablarına ödənilir. Daha sonra vətəndaş bank hesabından vəsaitini çəkə bilər.

İstiqrazların alıcıları arasında institusional investorlar  mövcuddur?

 Bəli, birinci emissiya zamanı hüquqi şəxslər SOCAR İstiqrazlarına böyük həcmdə investisiyalar etmişdirlər, 5 il tədavül müddəti ərzində də istiqrazları uzunmüddətli və stabil investisiya kimi öz portfellərində saxlamış, bəziləri aktiv şəkildə alqı-satqıda təkrar bazar əməliyyatları aparmışdılar. Ümumilikdə, institusional investorlar SOCAR İstiqrazlarında çox maraqlıdırlar.

Xarici investisiya şirkətləri tərəfindən abunə yazılışı üçün müraciət edilib?

Təəssüf ki, Azərbaycan Respublikasında qeydiyyatda olmayan xarici hüquqi və fiziki şəxslər abunə yazılışında iştirak edə bilməzlər.

Müəllif:Aynur Qəniyeva