ANALİTİKA

17 İyul

Kənd təsərrüfatında prioritet istiqamətlər

Son illədə aqrar sektorda ciddi islahatlar aparılır. Fermerlərə subsidiya verilməsi diqqətdə saxlanılır. Aqrar sığorta mexanizmi səmərəli fəaliyyət göstərir. Lizinq fəaliyyəti getdikcə genişləndirilir. Kənd Təsərrüfatı Nazirliyi öz işini fermerlərə yaxınlıq prinsipi əsasında qurur və bütün rayonlarda dövlət aqrar inkişaf mərkəzləri formalaşdırılır. Bu mərkəzlərdə fermerlərə “Bir pəncərə” prinsipinə uyğun 60-a yaxın xidmət göstərilir. Bütün bunların nəticəsində isə bazarda azad və rəqabətli şərait formalaşır.  

Əlbəttə, bu, ilk növbədə, Prezident İlham Əliyevin sözügedən sahəyə diqqəti və dövlət tərəfindən göstərilən dəstəklə bağlıdır. Belə ki, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması bunun bariz ifadəsidir.

Regionların inkişafını özündə ehtiva edən Dövlət proqramlarının vaxtında və yüksək səviyyədə icra olunması da Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, aqrar sahədə mövcud istehsal müəssisələrinin fəaliyyətinin güclənməsinə, yeni istehsal sahələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, kənd təsərrüfatında islahatların sürətlənməsinə yol açıb.

Yeri gəlmişkən, respublikada ilk dəfə aqrar sığortanın genişmiqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” qanun qəbul olunub, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibini” təsdiqləyib. Bununla da Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulmağa başlanıb. Xatırladaq ki, bu model dövlət-özəl sektor əməkdaşlığına əsaslanıb.

Aqrar sektorda yeni sığorta sisteminin tətbiqi kənd təsərrüfatının inkişafını daha da sürətləndirəcək. Belə ki, bu sahədə istehsal olunan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını genişləndirəcək. Ümumiyyətlə, aqrar sığorta mexanizminin Azərbaycanda tətbiqinə başlanması ekspertlərin fikrincə, kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək əsas amillərdən biridir.

Aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda da əksini tapıb.

Subsidiyaların fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən ayrılması isə aqrar sahənin bütün iştirakçılarını bir platformaya toplamağa imkan verəcək. Aqrar Kredit və İnkişaf Agentliyinin yaydığı məlumatda (www.eagro.az portalında) bildirilir ki, həm fermerlər, həm də onlara xidmət göstərən toxum, gübrə, pestisid təchizatçıları, süni mayalama mütəxəssisləri, baytarlar qeydiyyatdan keçirlər: “Sistemdə onların təqdim etdikləri məhsul və xidmətlər, eləcə də, qiymətlər yerləşdiriləcək. Fermerlər qiymətləri müqayisə edib, istədikləri məhsul və xidmətləri seçmək imkanı qazanacaqlar”.

Aqrar sektorda diqqət çəkən başqa bir məsələyə də nəzər salaq. Belə ki, dövlət başçısının tapşırığına uyğun olaraq azad edilmiş torpaqların, təxminən, 100 min hektarında əkin işlərinin aparılması həm ölkəmizin ərzaq təhlükəsizliyinə, həm də bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək. Cari ildə əsas vəzifələrdən biri kimi işğaldan azad edilən torpaqlar da daxil olmaqla ölkədə su ehtiyatlarından səmərəli istifadə məsələlərinə xüsusi diqqət yetiriləcək. Azad olunan torpaqlarda ən müasir suvarma sistemləri yaradılacaq. Bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, həmin ərazilərdə su mənbələrindən istifadə edilərək su elektrik stansiyalarının tikintisi imkanları da nəzərdən keçiriləcək.

Bu il və qarşıdakı dövr ərzində büdcə vəsaitlərindən səmərəli, qənaətli istifadə olunması, izafi xərclərin qarşısının alınması üçün maliyyə intizamı, habelə nəzarət daha da gücləndirilib. Dövlət satınalmalarının şəffaflığı və səmərəliliyinin təmin edilməsi istiqamətində işlər davam etdirilib. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınıb. Özəl sektoru investisiya layihələrinin maliyyələşməsinə cəlbi və dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdirilib, dövlət investisiya layihələrinin səmərəliliyi yüksəldilib.

Bütün bunlarla bərabər, aqrar sektorda görüləsi işlər də az deyil. Azərbaycan Prezidenti İlham Əliyevin 15 iyul 2021-ci il tarixli “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Fərmanında da həmin məsələlər öz ifadəsini tapıb. Sənədin giriş hissəsində bildirilir ki, son illərdə kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilib. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərib. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də, səmərəli idarəetmə sisteminin qurulması kənd təsərrüfatında keyfiyyət dəyişikliyini şərtləndirib və emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaradıb.

Ölkədə aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm önəm daşıyır. Bunu nəzərə alaraq, kənd təsərrüfatının yüksəlişinə dəstək mexanizminin məqsədyönlü şəkildə davamlı olaraq təkmilləşdirilməsinə zəruri ehtiyac duyulur. Rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi və istehsalın dəyər zəncirinin həlqələri üzrə artırılması məqsədilə istehsalçıların müvafiq resurslara, o cümlədən, əlverişli maliyyə resurslarına asan çıxışının təmin edilməsi, bazar infrastrukturunun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsi tələb olunur.

Fərmanda kənd təsərrüfatı sahəsində istehsalın və emalın davamlı artımının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinə torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi, həmçinin torpaqların idarə olunması, mühafizəsi, qanunsuz istifadəsinin qarşısının alınması, habelə münbitliyinin qorunması, bərpası və artırılması ilə bağlı təkliflər hazırlayıb üç ay müddətində dövlətimizin başçısına təqdim etmək tapşırılıb. Bundan başqa sənəddə aqrar emal məhsulları istehsalçıları tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış, suvarma infrastrukturu və emal üçün müvəqqəti tikililərin inşası, aqroparkların fəaliyyətinin tənzimlənməsi məsələləri ilə əlaqədar təkliflərin də ölkə rəhbərinə təqdim edilməsi nəzərdə tutulub.

Yuxarıda qeyd edilənlərlə bərabər, kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi məqsədilə həmin torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi, torpaqların konsolidasiyası təcrübəsinin istifadəsi, ixrac məqsədli aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi, aqrotexniki xidmət göstərilməsi və mülkiyyət hüququnun saxlanılması şərtilə kənd təsərrüfatı texnikasının lizinqə (icarəyə) verilməsinin əlavə dəyər vergisindən azad edilməsi, habelə yerli kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı əlavə dəyər vergisinin ticarət əlavəsinə görə hesablanması məsələlərinin də həlli qarşıya mühüm vəzifə kimi qoyulub.

Fərmanda gələcəkdə idxal mallarını yerli istehsal (emal) malları ilə əvəzləyəcək məhsulların dairəsinin müəyyənləşdirilməsi, maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və buraxılan yerli məhsulların qiymətinin azaldılması üçün aqrar emal müəssisələrinə vergi təşviqlərinin verilməsi də prioritet istiqamət kimi nəzərdə tutulub. Sənəddə gələcəkdə respublikada aqrar istehsal sahəsində fəaliyyət göstərən müəssisələrin, habelə aqroparkların investisiya təşviqi mexanizmindən yararlanma imkanlarının genişləndirilməsi, aqrar istehsal və emalla məşğul olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi verilməsi, o cümlədən, kredit-zəmanət üzrə yeni maliyyələşdirmə alətlərinin tətbiqi məsələləri də yer alıb. Onu da xatırladaq ki, fərmanda İqtisadiyyat Nazirliyinin beş ay müddətində torpaq islahatı zamanı vətəndaşlara verilmiş pay torpaqlarına dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görərək, nəticəsi barədə Azərbaycan Prezidentinə məlumat verməsi tapşırılıb.

Sənəddə İqtisadiyyat Nazirliyinə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə torpaq islahatı həyata keçirilməmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan müvəqqəti istifadə mexanizminin formalaşdırılması ilə bağlı tədbirlərin görülməsi, beş ay müddətində aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala tələbatını, istehsalçıların istehsal etdiyi kənd təsərrüfatı məhsullarına dair məlumatları göstərən və elektron ticarət imkanlarına malik olan portalın yaradılması ilə bağlı “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq tədbirlər görmək tapşırılıb.