Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, nüfuzunu artırır.
Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.
Respublikamız hazırda regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib. Nəqliyyat sektorunun bütün sahələrində xidmət infrastrukturları modernləşdirilib, yol təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilib, çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub.
TRASEKA, Şimal-Cənub kimi iri nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri gerçəkləşdirilib. Avropa və Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istifadəyə verilib. Şərq-Qərb dəhlizinin əsas alternativi olan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu hesabına Azərbaycan ərazisindən yükdaşımaların həcmi artıb. Liman infrastrukturu, limanların inkişafı üzrə logistika yaxşılaşdırılıb, limanlarda tranzit yük daşıması üstünlüyünə nail olunub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi zonanın və Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində isə logistika qovşağının (“hub”) yaradılması hesabına tranzit yüklər üzrə əlavə dəyər artırılıb. Müasir tipli ona yaxın aeroport tikilərək və ya yenidən qurularaq beynəlxalq əhəmiyyətli aeroport infrastrukturu yaradılıb.
Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, tranzit-logistika istiqamətində fəaliyyətin səmərəli qurulması bir neçə amillə bağlıdır. Əvvəla son illərdə gerçəkləşdirilən mühüm layihələr nəticəsində respublikamızın Avrasiyaboyu strateji beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində əlverişli geoiqtisadi mövqedə yerləşməsi, eləcə də güclü tranzit potensialı Azərbaycanın transregional ticarətdə mühüm qovşağa çevrilməsini təmin edib. Ölkəmiz beynəlxalq aləmdə Şərq-Qərb, ŞimalCənub, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən “Viking” Qatarı layihəsinin fəal iştirakçısı kimi tanınıb.
Respublika daxilində də infrastrukturun müasirləşdirilməsi uğurla gerçəkləşdirilib. Belə ki, son illərdə həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələr yüksək səviyyədə reallaşdırılıb. Bu isə ölkəmizin qeyri-neft sektorunun, xüsusən də regionların inkişafına mühüm təsir göstərib, işsizlik probleminin həllində, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasnda böyük rol oynayıb.
Bunu nüfuzlu beynəlxalq təşkilatların reytinqlərindən də görmək olar. Məsələn, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan inkişaf etməkdə olan 74 ölkə arasında infrastruktur layihələri ilə bağlı dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdədir.
Bu, statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, son 17 il ərzində əhalinin rahat gediş-gəlişinin təmini istiqamətində yazının əvvəlində xatırlatdığımız kimi, böyük layihələr reallaşdırılıb. Paytaxt Bakının qəsəbədaxili yolları yenidən qurulub. Respublikanın ən ucqar kəndlərinə belə müasir, beynəlxlaq standartlara cavab verən yollar çəkilib. Ümumiyyətlə, 17 min kilometrdən çox avtomobil yolu inşa olunub.
Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində də önəmli layihələr icra edilib, dəmir yollarının reabilitasiyası gerçəkləşdirilib, şəhərlərdə dəmir yolu vağzalları tikilib. Bakı dairəvi dəmir yolu istifadəyə verilib və bütün bunlar sərnişin daşımalarına, insanların rahatlığına müsbət təsir göstərib. Ölkəmizin təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsi yaradıb, Azərbaycanın tərəfdaşları tərəfindən ötən müddətdə bu yoldan səmərəli istifadə edilib.
Respublikamızda gəmiçiliyin inkişafı da diqqət mərkəzində saxlanılır. Bir neçə il bundan əvvəl istismara verilən Bakı gəmiqayırma zavodunda bu gün bütün növ gəmilər istehsal edilir, istehsal prosesi ildən-ilə artır.
Xəzər Gəmiçiliyi müasirləşdirilir, Azərbaycan Xəzərdə ən böyük donanmaya sahiblik edir və hər il donanmaya yeni gəmilər təqdim olunur.
Hava nəqliyyatının inkişafı istiqamətində də mühüm layihələr reallaşdırılır. Bu gün təyyarə parkımız dünyada ən müasir parklardan biri olmaqla həm yük, həm də sərnişin təyyarələrinin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılır, onlar dünyanın aparıcı şirkətləri tərəfindən istehsal edilir. Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanı kimi dünyadakı 10 limandan biri, MDBdə isə birinci yerdədir.
Azad edilmiş ərazilərdə hazırda böyük nəqliyyat layihələrinin icrasına başlanılıb. Füzuli hava limanının, Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə aparılır. Bir neçə gün bundan əvvəl Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməli qoyulub. Bütün bunlarla paralel olaraq, indi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələrin müzakirəsinə başlanılıb. Burada, əlbəttə, Horadiz-Zəngilan, daha sonra Zəngilan-Naxçıvan, Naxçıvan-Türkiyə dəmir yolu layihələri və digər layihələrin gerçəkləşdiriləcəyi nəzərdə tutulub.