ANALİTİKA

29 Aprel

Mən niyə kriptovalyuta almadım?- İKİNCİ YAZI

Fins.az "AzFinance İnvestisiya Şirkətin"-in Direktoru İntiqam Səfərəliyevin "Mən niyə kriptovalyuta almadım?" başlıqlı 2-ci fundamental analizini təqdim edir. 

Fundamental təhlildən sonra texniki təhlil etmək və risk-gəlir əlaqəsinə baxıb qısamüddətli kiçik yatırım etmək olardı.
İlk növbədə bir valyutanın dəyər ifadə etməsi üçün ona inanıb yatırım edənlərin sayı və onlardakı coin sayına baxdıq. Göründü ki, investorların 90% i 50-100$ yatırım etmiş, təsadüfi adamlardır.
Kriptoların həcminin 80%- i isə kimliyi bilinməyən az saylı adamlardadır. Bu o deməkdir ki, maraq yaradılır, gələcəyin valyutası deyib insanlar 100$- lıq alırlar və 95% hallarda bu insanlar satış etmir. Yəni ancaq alış var. 80% in sahibi isə qiymətin qalxmasında maraqlıdır və satışı müəyyən çərçivədə edir. Komissiyalar çox yüksək olduğu üçün (10% ətrafında) alıcı satmaqda maraqlı olanda da qiymətin qalxmasını gözləmək məcburiyyətindədirlər.
Bəzi ölkələr İCO-ya (kriptovalyuta yaradıb ilkin satış üçün təklif edilməsinə) qadağa qoydu. Bu da mənim uzun müddət marağımı azaltdı. Nəticəm belədir ki, mənim 3 000 kriptovalyutanı bir-bir araşdırmağa çox da həvəsim yoxdur. Bu yatırım edəcəyim kiçik məbləğdən ola biləcək qazanca dəymir. Hazır araşdırma olanda təhlil edirəm və hələ ki, konservativ yanaşıram. Ola bilsin ki, hansısa kriptovalyuta dünya pulu rolu oynaya bilsin, hansı olar onu bilmirəm. Digital Human kitabını oxuyub bir baxış bucağı formalaşdıra bilərsiniz. İstəsəniz oxuyun. Bu gün İnvestisiya etmək üçün kriptovalyutalar foreksdən daha risklidir və hətta risk gəlirdən dəfələrlə çoxdur. Bir valyutanın bazarı və investorları o qədər çox deyil ki, qrafik üzərindən texniki analiz edəsən. Bir nəfər çıxıb tədavüldəki həcmdən 2 dəfə çox sayda coin satacaq bütün analiz alt üst olacaq. Birjada ticarət olunan Səhmlər bu baxımdan fərqlənir.

1. Biz 10%dən çox paya malik olan səhmdarları tanıyırıq.

2. Onlar, məsələn Musk Teslanın səhmlərini satmaq istəyəndə əvvəlcədən elan verməlidir. Biz də məlumat əsasında ondan qabaq sata bilərik.

Şəbəkə satışı dediyimiz metodla yeni alıcıları cəlb edirlər. Bina tikilən zaman beton zavod alacağını mənzilə barter edir və ev təhvil veriləndən sonra satıb həm betonun pulunu və həm də artıq qazanc əldə edir. Eyni metodla çirkli pullarla əməliyyat edən "biznesmenlər" ödənişi kriptovalyuta ilə əldə etdikdən sonra onu yavaş-yavaş yüksək qiymətə öz ətraflarına satmağa və maraq yaratmağa çalışmalıdır. Qiymət də 10-20-50% baha ola bilər. Bu insanlardan bir neçəsi Azərbaycana da gəlmişdi ki, kripyovalyutanı burda nəğd satın və yığılan pulları 3-5 il burada investisiya edəcəyik. Ona görə də kriptovalyutaları qeyri məhdud sayda insan reklam edir, satmağa çalışır. Satmaq isə çox asandır. Alıcıdan razılaşdığın məbləği nəğd alırsan və elektron cüzdanından valyutaları onun cüzdanına köçürürsən. Sabahdan artıq o adam da satıcı və ya reklamçıdır.

Müəllif: İntiqam Səfərəliyev

"AzFinance İnvestisiya Şirkətin"-in Direktoru