ANALİTİKA

23 Aprel

Qütbləşdirilən dünya

Zəmanəmizin əsas rəqabəti nədir?

 Co Baydenin ABŞ prezidenti seçilməsi ilə Çin-ABŞ münasibətlərindəki gərginlik nəinki səngiyir, hətta daha sərt forma alır. Qarşılıqlı ittihamlar, sanksiyalar, hədələr günbəgün artır. Bu gərginlik də, Çini ABŞ-la gərgin münasibətlərdə olan Rusiya və İran ilə əlaqələri daha da gücləndirməyə sövq edir. Bu isə öz növbəsində dünyanı getdikcə daha da qütbləşdirməyə doğru aparır. Türkiyə mediasında dərc olunan məqalələrdə ekspertlər diqqəti mühüm bir məsələyə yönəldirlər. Onların qənaətincə, Co Baydenin qondarma erməni soyqırımını tanıması ilə Türkiyə də bu qütbləşmənin bir hissəsinə çevrilə bilər. Sadəcə onun qarşısında başqa yol qalmır. Ümid etmək olar ki, bu hal baş verməyəcək. Və qardaş ölkə növbəti bir beynəlxalq ədalətsizliklə üzləşməyəcək. Əks təqdirdə, ABŞ Yaxın və Orta Şərqdə mühüm söz sahibi və çəkiyə sahib olan bir ölkəni itirə bilər. Beləliklə, görünən odur ki, Donald Tramp dönəmində start götürən ABŞ və Çin arasında ticarət müharibəsi Vaşinqtonun sanksiyaları ilə daha da qızışıb. Məhz iki dövlətin bir-birinin rəsmilərinə qarşı sanksiyalar tətbiq etmələri bu gərginliyi daha da artırmış olub. Lakin məsələ ondadır ki, ABŞ yenə də bu mübarizədə heç bir uğura nail ola bilməyib. Tərəflər arasında gərginlik, xüsusən ABŞ-ın Honkonqla əlaqələrinə görə daha da artıb. Çin Amerikanın bu addımını onun daxili işlərinə qarışmaq kimi dəyərləndirir və ABŞ-ın 4 rəsmisinə sanksiya tətbiq edib. Həmin şəxslərin Honkonqla Makao bölgələrinə girişini qadağan edib. Görünən odur ki, Tramp iqtidarı dönəmində Çinlə sərt ultimatum dili ilə danışan ABŞ, bu ritorikanı davam etdirəcək. Lakin məsələ ondadır ki, Amerika iqtisadiyyatı hazırda çətinliklər yaşayır və bunun bir səbəbi də qoyulan investisiyaların azalmasıdır. Amerikanın yalnız Çinlə deyil, Avropa ilə də münasibətləri korlanıb.
 

 

ABŞ-Rusiya-Çin "geosiyasi üçbucağı” gərginləşir
 

Əsas diqqət çəkən məqam odur ki, ABŞ-Rusiya-Çin "geosiyasi üçbucağı”nda vəziyyət getdikcə daha gərgin xarakter alır. Burada təhlükəsizlik, silahlanma, insan haqları kimi aktual sferalarda münasibətlərdə uçurum dərinləşir. Maraqlıdır ki, ABŞ başda olmaqla Qərb açıq bəyan edir ki, Çinin inkişafı ona təhlükə törədir. Ardınca da insan haqlarını qabardırlar. Əlbəttə, uyğurların hüquqları təmin olunmalıdır. Ancaq bu məsələdən Çini qarışdırmaq üçün istifadə etmək daha təhlükəli vəziyyət yaradır. Belə olan halda, böyük bir geosiyasi məkanda çoxlu sayda xalqların haqqı tapdanır, dövlətlərin suverenliyi zərər görür. Ekspertlər hesab edirlər ki, Amerikanın bu addımları dünya üçün təhlükəlidir. Lakin İbn Həldun adına universitetin politologiya və beynəlxalq münasibətlər kafedrasının müəllimi Əli Aslan hesab edir ki, Çinin "liberal dünya düzəni” çağırışlarını rədd etməsi səbəbindən beynəlxalq rəqabət ən təhlükəli həddə çatıb. Onun sözlərinə görə, Co Baydenin seçki kampaniyası dövründə əsas xarici siyasət vədi liberal beynəlxalq düzənin canlanması idi. Düzdür, Bayden ABŞ-ı Paris İqlim Sazişinə qaytardı və eyni zamanda ölkəsinin Dünya Səhiyyə Təşkilatına (ÜST) və BMT İnsan Hüquqları Şurasına üzvlüyünü bərpa etdi. Asiya və Avropa müttəfiqləri ilə daha yaxın münasibətlər qurmaq üçün bir neçə vacib addım da atdı. Lakin Asiya və Avropa müttəfiqləri qarşısında götürülən öhdəlikləri yerinə yetirmək və ya ölkənin beynəlxalq təşkilatlarla əlaqələri bərpa etməsi kifayət etmir. Bəllidir ki, Bayden əsas etibarilə Trampın realistik strategiyasını tənqid edərək hakimiyyətə gəldi. O, Tramp administrasiyası tərəfindən daha da gərginləşdirilən Çin (həmçinin İran) üzərindəki gərginliyi azaldacağına və bu ölkələrlə mübahisələri həll etmək üçün hərbi olmayan yollar tapacağına söz verdi. Bununla birlikdə, Çin ilə gərgin münasibətlər, Baydenin kəskin tənqid etdiyi Trampın kursunu davam etdirəcəyini göstərir. Bu günə qədər edilən açıqlamalar və hərəkətlər nəzərə alınmaqla, demək olar ki, Bayden rəhbərliyi Çinə qarşı Tramp administrasiyasından da daha çox qarşıdurma strategiyası həyata keçirəcək. Buna bir nümunə olaraq ABŞ, Hindistan, Avstraliya və Yaponiyanın daxil olduğu və bəzi mütəxəssislər tərəfindən "Asiya NATO”su olaraq qəbul edilən "Dördtərəfli Təhlükəsizlik Dialoqu” liderlərinin 12 mart tarixindəki zirvəsini göstərmək olar. Zirvə toplantısından sonrakı elanın ən diqqət çəkən tərəfi, dörd ölkəni "azad və açıq Hind-Pasifik konsepsiyası”nı birləşdirməsi idi. Bu konsepsiya ilk dəfə Yaponiyanın ev sahibliyi etdiyi 2020-ci il oktyabr zirvəsində ortaya çıxdı. Ancaq bu dəfə liderlər özlərini daha qətiyyətlə ifadə etdilər. Bundan əlavə, zirvə toplantısının yekun bəyanatında "sərbəst, şəffaf, əhatəli, sağlam, demokratik dəyərlərə söykənən və məcburiyyət ilə məhdudlaşdırılmayan” regional bir nizam üçün mübarizə aparacağı vəd edildi. Çini burada qorxutmağa çalışdıqlarını anlamaq asandır. Xatırladaq ki, "Dördtərəfli Dialoq” 2017-ci ildə Trampın prezidentliyi dövründə canlandı. Dörd ölkənin liderləri 2017 və 2019-cu illər arasında, ümumilikdə beş dəfə bir araya gəldilər. Birgə hərbi təlimlər də bu format çərçivəsində aparıldı. Əvvəlcə ABŞ və Hindistan arasında keçirilən hərbi təlim 2020-ci ilə qədər dörd ölkənin də iştirakı ilə Çinə qarşı hərbi güc nümayişinə çevrildi.

İki həftə əvvəl Alyaskada keçirilən görüşdən sonra isə ABŞ-la Çin rəsmiləri arasında yenidən şifahi "atışma” baş verdi. ABŞ dövlət katibi Entoni Blinken Sincan Uyğur Muxtar Bölgəsindəki insan haqları pozuntuları, Honkonq və Tayvandakı antidemokratik fəaliyyətlər, ABŞ-ı hədəf alan kiber hücumlar və ABŞ müttəfiqlərinə qarşı iqtisadi təzyiqlərdən narahatlığını dilə gətirdi. Blinken bütün bunların liberal beynəlxalq düzəni təhdid etdiyini vurğulasa da, Çin Xarici İşlər Nazirliyinin səlahiyyətliləri ABŞ-ın artıq Pekinlə güclü mövqedən danışıqlar apara bilməyəcəyini bildirdilər. Pekinin, Alyaskadakı görüşləri Çin ilə ABŞ-ın da daxil olduğu Səkkiz Ölkələr İttifaqı arasında 1901-ci ildə imzalanan alçaldıcı protokolla müqayisə etməsi çox əlamətdar idi. Bu, Çin əhalisinin Çinin beynəlxalq siyasətdə əldə etdiyi irəliləyişi necə qəbul etdiyini və artan maddi imkanların psixoloji inamı necə artırdığını göstərdi. Bundan əlavə, Çin rəhbərliyi ABŞ-ın Çinin üçüncü ölkələrlə ticarət əlaqələrini əngəlləməyə çalışdığını, milli təhlükəsizlik ritorikasının köməyi ilə ölkənin imicini təhrif etdiyini bir daha bəyan etdi.
 

 

"Soyuq müharibə” realdırmı?
 

İndi çoxlarını bir sual düşündürür: Baydenin dövründə ABŞ-Çin münasibətləri "soyuq müharibə”yə çevriləcəkmi? Əksər dünya mərkəzləri hesab edir ki, ABŞ və Çin arasında dərinləşən "soyuq müharibə” dünya üçün koronavirusdan daha böyük bir təhlükə ola bilər. Onların qənaətincə, dünya pandemiyadan sonra "böyük pozuntular içində olan və idarə edilməyən” bir dövrə doğru irəliləməkdədir. İki fövqəldövlət arasında ziddiyyətin bu vəziyyəti daha da dərinləşdirəcəyi bildirilir. Çoxları hesab edir ki, iki ölkə arasında yaranmış düşmənçiliyə görə günah ABŞ administrasiyasındadır. ABŞ-ın hərəkətlərinin əməkdaşlıq deyil, parçalanma doğurduğu və bu cür hərəkətlər davam edərsə, normal vəziyyətə qayıtmağın mümkünsüz olacağı, daha böyük ziddiyyətlər və daha böyük təhlükə ilə üzləşəcəyimiz ehtimal edilir. Ən təhlükəlisi odur ki, ABŞ və Çin arasındakı gərginlik yalnız ticarət deyil, bir neçə istiqamətdə böyüyür.

 "ABŞ liderliyi”nin gələcəyi


 Bayden rəhbərliyinin hazırkı Çin əleyhinə siyasətini rahatlıqla davam etdirə biləcəyi də şübhəli görünür. Bu gün Şərqi və Cənub-Şərqi Asiyadakı bəzi dövlətlərin ABŞ-ın köməyi ilə Çini tarazlaşdırmağa çalışdığını görürük. Bunu "Dördtərəfli Dialoq”un canlanması və daha ciddi bir platformaya çevirmək cəhdləri sübut edir. Bununla birlikdə, Avropa ölkələrinin ABŞ-ın "daha güclü müttəfiq” çağırışlarına heç də həmişə müsbət cavab vermədiyini görürük. Bir tərəfdən, Avropada Çin ilə ortaq hərəkətlərin daha çox iqtisadi imkanlar yaradacağı, digər tərəfdən ABŞ-la yaxınlaşmanın Rusiya ilə daha çox qarşıdurma münasibətlərinə yol açacağı fikri artmaqdadır.

Avropa, xüsusən də təbii qazla bağlı Rusiyadan asılılığını nəzərə alaraq, ABŞ-ın müttəfiqliyi gücləndirmək çağırışlarına zəif reaksiya göstərdi. Həqiqi həlledici amil ABŞ gücünün zəifləməsi, ya da ABŞ-da iqtidarın dəyişməsidir. Bu vəziyyətdə Avropa dövlətlərinin ABŞ-Çin münaqişəsində niyə aydın bir mövqe tutmaq istəməmələri anlaşılandır. Digər dövlətlər ABŞ-la münasibətlərində daha ehtiyatlı bir kurs götürməyə üstünlük verəcək, çünki ikiqütblü beynəlxalq sistem onlara daha çox üstünlük və azadlıq verəcək. Bir sözlə, yeni bir "soyuq müharibə”nin başlanğıcı barədə danışmaq hələ tezdir.

Beləliklə, ilk baxışdan "soyuq müharibə”nin baş verməsi normal görünür, amma bu, nə qədər önəmlidir? İlk "soyuq müharibə”də Sovet İttifaqı və müttəfiqləri dünya iqtisadiyyatından böyük ölçüdə təcrid olundular və ciddi ixrac nəzarətinə tabe oldular. Əksinə, Çin dünya iqtisadiyyatının dayaq nöqtəsidir və ABŞ iqtisadiyyatı ilə dərindən inteqrasiya olunub. Qlobal kontekst də fərqlidir. "Soyuq müharibə” dövründə dünya iki statik hissəyə, həmçinin xırda blok ölkələrə bölündü.
Bu gün mahiyyət etibarilə çoxqütblü bir dünyamız var, amma liberal dünya nizamının təsisatları təhlükə altındadır. Bu, Çinə öz dünyagörüşünü tətbiq etmək imkanı yaradır. Ancaq "soyuq müharibə” modeli təməl baxımdan olduqca təhlükəlidir. ABŞ və Sovet İttifaqı arasındakı qarşıdurmada bir tərəf həqiqətən məğlubiyyətə uğradı – Sovet sistemi tarixdən silindi. Ancaq Çin Sovet İttifaqı deyil, daha güclüdür. Ən yüksək zirvədə sovet ÜDM-i ABŞ-ın 40% -i həcmində idi. Çin on il ərzində ABŞ ilə eyni ÜDM-ə sahib olacaq. Çin ABŞ-ın 19-cu əsrdən bəri üzləşdiyi hər problemdən daha güclü bir rəqibdir. Və bu, bəlkə də on illər öncə idarə olunması lazım olan bir münasibətdir. Zəmanəmizin əsas rəqabəti budur. Çinin bir çox güclü tərəfləri ilə yanaşı, eyni zamanda bir çox zəif cəhətləri də var. ABŞ-ın da böyük zəif tərəfləri var, eyni zamanda diqqətəlayiq bir dinamizmə və özünü yenidən kəşf etmək qabiliyyətinə malikdir. Ancaq Covid-19 pandemiyasının inandırıcı şəkildə göstərdiyi kimi, Çində baş verənlər Çində qalmır.
 
 
© kaspi