ANALİTİKA

09 Mart

FATF-ın plenar iclasının strateji nəticələrinin dövlətlər üçün önəmi

Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF[1]) 2021-ci il üzrə nəzərdə tutulan plenar iclaslarının ilki keçən ay baş tutdu. Cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin (PL/TMM) lokomotivi rolunu oynayan FATF-ın plenar iclaslarından çıxan nəticələr dövlətlər üçün növbəti plenar iclasın keçirilməsinə qədər bir növ yol xəritəsi rolunu oynayır. Keçən ay baş tutmuş üç günlük plenar iclas dövlətlər, o cümlədən maliyyə kəşfiyyatı qurumları, maliyyə institutları, müəyyən edilmiş qeyri-maliyyə biznes və peşəkarları (MQMBP-lər), hüquq-mühafizə orqanları üçün olduqca mühüm əhəmiyyət daşıyırdı. COVID-19 pandemiyasının davam etdiyi bu dövrdə cinayətkarları və terrorçuları maliyyələşdirən vəsait axınlarının aşkarlanması, qarşısının alınması və dayandırılması istiqamətində qlobal mübarizənin gücləndirilməsi, maliyyə şəffaflığının təmin edilməsi, koronavirusla bağlı yaranan PL/TM risklərin minimallaşdırılması, “Boz siyahı” ölkələrinə[2] yenidən baxılması, Pakistan İslam Respublikası ilə bağlı qəbul ediləcək qərarlar plenar iclasın əsas müzakirə mövzularından idi. ABŞ-ın Xəzinədarlıq Katibliyinin rəhbəri Canet Yelen (Janet Yellen) FATF-ın PL/TMM sahəsindəki fəaliyyətini yüksək qiymətləndirərək, COVID-19 pandemiyası dövründə cinayətkarların və terroristlərin günahsız insanlardan sui-istifadəyə davam etdiklərini, bunun həyatımıza ciddi təhdidlər yaratdığını və belə bir mühüm zamanda FATF-ın öz fəaliyyətini davam etdirməsinin önəmli olduğunu bildirdi.[3]

Pandemiya ilə əlaqədar üçüncü dəfə virtual olaraq baş tutan və 205 nümayəndənin iştirak etdiyi plenar iclasda müzakirələr iki ana xətt üzrə formalaşmışdı:

  1. Strateji təşəbbüslər;

  2. Dövlətlərə xas proseslər.

Cinayət yolu ilə əldə edilmiş vəsaitlərin və terrorçuluğun maliyyələşdirilməsinə qarşı dövlətlərin birgə mübarizəsinə dəstək verən strateji təşəbbüslər 6 müzakirə istiqamətini özündə birləşdirirdi:

  • Bu müzakirə istiqamətlərindən biri FATF standartları yolu ilə effektiv, risk əsaslı nəzarətin təkmilləşdirilməsi idi. Məlum olduğu kimi çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasında nəzarətçilər mühüm rola malikdirlər. Bunu nəzərə alaraq FATF iclasda nəzarətçilərin fəaliyyətinə dəstək məqsədilə yeni təlimatını təsdiqlədi. FATF-a görə, bu təlimat nəzarətçilərlə banklar, mühasiblər, pul köçürmə sistemi təminatçıları, virtual aktiv xidməti təminatçıları (VAXT-lar), MQMBP-lər arasında əməkdaşlığa müsbət töhfə verəcək, risklərin necə minimallaşdırılması istiqamətində tənzimlənən qurumlara kömək etmiş olacaqdır. Başlıca məqsəd isə nəzarət mədəniyyətinin dəyişdirilməsinə (qayda əsaslı yanaşmadan risk əsaslı yanaşmaya keçidə) nail olmaqdır. FATF təlimatın bu ilin mart ayının əvvəllərində yayımlanacağını bildirmiş və martın 4-də FATF-ın rəsmi internet səhifəsində dərc olunmuşdur.

  • Virtual aktivlərin PL/TM riskləri - 2019-cu ilin iyun ayında FATF “Virtual aktivlər və virtual aktiv xidməti təminatçıları” adlı Təlimatını[4] dərc etdi. FATF-ın Tövsiyələrinə əsasən, VAXT-lar tənzimlənən, lisenziyalı və qeydiyyatlı olmalı və effektiv nəzarət tədbirlərinə məruz qalmalıdırlar. Qəbul edilmiş bu təlimat üzrə tədbirlərin həyata keçirilməsinin səviyyəsini ölçmək məqsədilə FATF 12 aylıq müşahidə müddətinə start verdi və 2020-ci ilin iyun ayında 12 aylıq təhlilin nəticələrini[5] elan etdi. İctimaiyyətə açıqlanan təhlilin 3-cü bölməsi virtual aktivlərlə bağlı FATF standartlarının həyata keçirilməsinin mövcud vəziyyətinə həsr olunmuşdu. 38 FATF üzvündən və 16 FATF Tipli Regional Təşkilat (FTRT) üzvündən əldə edilən cavablara əsasən hazırlanmış təhlil bir növ iştirakçı dövlətlərin özünüqiymətləndirməsi kimi qəbul olundu. 24 FATF üzvü və 8 FTRT üzvü ölkədaxilində VAXT-ların fəaliyyətinə icazə verən tənzimləyici rejimin yaradıldığını, 1 FATF üzvü və 2 FTRT üzvü isə VAXT-ların fəaliyyətini qadağan etdiklərini bildirdi. 13 FATF üzvü və 6 FTRT üzvü isə virtual aktivlərlə bağlı hər hansı bir rejimə malik olmadığını qeyd etdi. Təhlildə həmçinin VAXT-larla bağlı rejimin tətbiq olunduğu 19 yurisdiksiyada 2018 – 2020-ci il (mart) tarixləri arasında 134 500 sayda STR[6] hesabatının qəbul olunduğu yer aldı. VAXT-larla bağlı hər hansı rejimin tətbiq olunmadığı ölkələrin çəkisinin nəzərə çarpacaq dərəcədə olması, eyni zamanda virtual aktivlərlə bağlı mövcud təhdidlər FATF-dan bu mövzuda fəaliyyətin gücləndirilməsini tələb edirdi. İclasda qəbul olunan qərara əsasən, FATF ictimai müzakirələr əsasında virtual aktivərlə bağlı Təlimatına yeniləmə edilməsinə razılıq verdi. Təlimatın yenilənmiş variantının iyun ayında (2021) təsdiqlənməsi gözlənilir. Virtual aktivlər üzrə FATF standartlarının beynəlxalq səviyyədə tətbiqinin vəziyyətini ölçmək üçün FATF növbəti 12 aylıq təhlil müddətinin başlanması barədə qərar qəbul etdi.

  • FATF kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dəstək məqsədilə yeni bir təlimat dərc edəcəyini ela etdi. Virtual aktivlər mövzusunda olduğu kimi bu mövzuda da hazırlanacaq təlimatın yekun variantının iyun ayında (2021) dərc olunmasına qədər mart ayında (2021) ictimai müzakirələrə başlanması barədə qərar qəbul edildi. Yeni təlimat FATF tələblərinin yerinə yetirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi kontekstində risk qiymətləndirilməsinin necə hazırlanmasının, tələblərin potensial pozulması, tələblərə və sanksiya öhdəliklərinə əməl edilməməsi ilə bağlı risk indikatorlarının aydınlaşdırılmasını hədəfləyəcəkdir.

  • Terrorçuluğun maliyyələşdirilməsinə dair məhkəmə istintaqı və hüquqi təqibin təkmilləşdirilməsi – FATF əksər ölkələrdə bu sahədə müəyyən boşluqların aşkar edildiyini bildirdi. BMT-nin Təhlükəsizlik Şurasının 28 mart 2019-cu il tarixli 2462 saylı qətnaməsində[7] də terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması və prosesin təqibi ilə bağlı narahatlıq ifadə olunmuş, dövlətlər tərəfindən FATF-ın 40 standartının tətbiqinə, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə beynəxalq əməkdaşlığın gücləndirilməsinə şiddətlə çağırış edilmişdir. İclasda həmçinin terrorizmlə mübarizədə hüquqi proseslərin effektivliyini artırmaq üçün FATF tərəfindən yerli orqanlara dəstək məqsədli təlimat hazırlandığı da qeyd olundu. İctimaiyyət üçün gizli qalacaq bu təlimatı dövlət rəsmiləri FATF təşkilatı ilə əlaqə yaratmaqla əldə edə biləcəklər.

  • Qanunsuz silah alveri və terorçuluğun maliyyələşdirilməsilə mübarizə - 2020-ci ilin iyun ayından etibarən FATF təşkilatına Almaniyanın rəhbərlik etməsilə qanunsuz silah alverinə qarşı mübarizə başlıca prioritet məsələlərdən birinə çevrildi. FATF-ın fikrincə, bu istiqamətdə atılan müsbət addımlar BMT-nin Davamlı İnkişaf Məqsədlərinə[8] nail olmaqda müsbət töhfələr verəcəkdir.

Yuxarıda qeyd etdiyimiz kimi plenar iclasın digər müzakirə xətti dövlətlərə xas proseslərlə bağlı məsələlərə həsr olunmuşdu. Burada məqsəd PL/TMM qiymətləndirmələrinin yekunlarına uyğun olaraq dövlətlərə münasibətdə müvafiq qərarların qəbul edilməsi idi. Dövlətlərə xas proseslər aşağıdakı əsas istiqamətləri özündə ehtiva edirdi:

  • Yeni Zelandiya ilə bağlı qarşılıqlı qiymətləndirmə - FATF təşkilatı Yeni Zelandiyanın çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi istiqamətindəki fəaliyyətinin müsbət nəticələr verdiyini, qarşılaşdığı riskləri başa düşdüyünü, bununla belə ölkə tərəfindən benefisiar mülkiyyətə dair məlumatların mövcudluğunun təkmilləşdirilməsi, nəzarət tədbirlərinin artırılması və maliyyə sanksiyalarının tətbiqi məsələlərinə diqqətin yetirilməsinə ehtiyac olduğunu qeyd etdi. Yeni Zelandiya ilə bağlı qarşılıqlı qiymətləndirmə hesabatının aprel (2021) ayında dərc olunacağı bildirildi.

  • Qarşılıqlı qiymətləndirmə prosesinə COVID-19 pandemiyasının təsiri – pandemiyaya baxmayaraq ölkələrin qarşılıqlı qiymətləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyi bildirildi.

  • Monitorinqin artırılmalı olduğu yurisdiksiyaların müzakirəsi dövlətlər üçün olduqca mühüm önəmə sahib olan müzakirələrdən biridir. Ümumiyyətlə, iclasda alınan qərarların nəticələri maliyyə institutlarının digər ölkələrin maliyyə institutları ilə olan münasibətlərinə də təsirsiz ötüşmür. “Boz siyahı” ölkələrinin “Qara siyahı”[9] ölkələri kimi PL/TMM sahəsində mənfi imicləri olmasa da, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Asiya İnkişaf Bankı kimi qurumların maliyyələşməsindən kənarda qala bilirlər. Bu iclasda da əsas gözlər Pakistanla bağlı veriləcək qərara çevrilmişdi.

Pakistan üçün tunelin sonunda işıq görünmədi

FATF iyun (2021) ayında baş tutacaq növbəti plenar iclasa qədər Pakistanın “Boz Siyahı”da qalmasına qərar verdi. Ümumiyyətlə, Pakistan son 12 il ərzində üç dəfə (2008; 2012; 2018) “Boz siyahı”ya salınmışdır. Sonuncu dəfə FATF Pakistanı 2018-ci ilin iyun ayında bu siyahıya əlavə etdi və PL/TMM üzrə fəaliyyət planını 2019-cu ilin sonuna qədər həyata keçirməyə çağırdı. Plenar iclasda Pakistanın terorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əhəmiyyətli tədbirlər gördüyü vurğulansa da, fəaliyyət planında üç əsas strateji çatışmamazlığın qaldığı, həmin bu üç istiqamət üzrə fəaliyyətin dava etdirməli olduğu vurğulandı:

  1. Terrorçuluğun maliyyələşdirilməsinə dair istintaq və təqib prosesinin müəyyən olunmuş şəxslərin adından hərəkət edən fiziki və ya hüquqi şəxsləri də əhatə etməsinin nümayiş etdirilməsi;

  2. Terrorçuluğun maliyyələşdirilməsinə dair təqiblərin effektiv, mütənasib və çəkindirici sanksiyalarla nəticələnməsinin nümayiş etdirilməsi;

  3. Müəyyən olunmuş 1267[10] və 1373[11] sayda terroristə qarşı maliyyə sanksiyalarının effektiv şəkildə həyata keçirilməsinin nümayiş etdirilməsi.

FATF fəaliyyət planında olan 27 bənddən 24-nün Pakistan tərəfindən böyük ölçüdə həll edildiyini qeyd etdi. Fəaliyyət planı tam icra edilərsə, iyun ayında baş tutacaq növbəti plenar iclasda Pakistan haqqında yekun qərar veriləcəkdir. Şübhəsiz hazırki qərar Pakistanın maliyyə sektoruna hiss olunacaq qədər zərbə vurur. Belə ki İslamabad mərkəzli Tabadlab adlı beyin mərkəzinin araşdırmasına əsasən, Pakistanın “Boz siyahı”ya salınması səbəbindən (2008-2019-ci illər aralığında) ölkə 38 milyard ABŞ dolları həcmində iqtisadi itkiyə məruz qalmışdır.[12] Araşdırmaya əsasən, itkilər istehlak bazarının, ixracın və xarici investisiyanın azalması səbəbindən baş vermişdir.

Plenar iclasın baş tutmasına bir neçə gün qalmış Amerikanın Erməni Milli Komitəsi (ANCA) öz tvitter səhifəsində paylaşım[13] edərək, rəsmi İslamabadın Azərbaycan Respublikası tərəfindən aparılan 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləməsinə cavab olaraq, Pakistanın “Qara siyahı”ya salınması üçün ABŞ Xəzinədarlıq katibi Janet Yelenin (Janet Yellen) vasitəçiliyi ilə Bayden (Biden) administrasiyasına çağırış etdiklərini bildirdi. Hər nə qədər “Boz siyahıya”da olma “Qara siyahı”ya salınma üçün təhlükə siqnallarını səsləndirsə də, FATF-ın üzvü olan və Pakistanla ikitərəfli münasibətləri yüksək qiymətləndirilən Türkiyə, Malayziya və Çin kimi FATF üzvü olan dövlətlərin Pakistanın “Qara siyahı”ya salınmaması üçün mümkün olan təzyiqlərin göstərilməsi tərəfdarı olacağı gözlənilir.

Plenar iclasın yekun qərarına əsasən, 4 yurisdiksiya (Burkino Faso, Kayman adaları, Mərakeş və Seneqal) “Boz siyahı”ya əlavə edildi, Baham adaları isə siyahıdan azad olundu. Yeni əlavə olunan 4 yurisdiksiyanın “Boz siyahı”ya salınması FATF tərəfindən aşağıdakı şəkildə əsaslandırıldı:

  1. Burkino Faso – 2021-ci ilin fevral ayında Burkio Faso PL/TMM rejiminin effektivliyinin gücləndirilməsi məqsədilə FATF və GIABA[14] ilə birgə birlikdə işləmək barədə yüksək səviyyəli öhdəlik götürdü. Buriko Faso ilə bağlı MER-in[15] 2019-cu ildə tamamlanmasından sonra keçən müddət ərzində ölkə milli PL/TMM strategiyasının qəbul edilməsilə yanaşı, texniki uyğunluğun və effektivliyin təkmilləşdirilməsi istiqamətində MER tərəfindən məsləhət görülən bir sıra fəaliyyətdə irəliləyiş əldə etmişdir. Burkino Faso milli fəaliyyət planının tam şəkildə həyata keçirilməsi üçün aşağıdakıları həyata keçirməlidir:

    1. milli strategiyada nəzərdə tutulan fəaliyyətlərin monitorinqi üçün izləmə mexanizmlərinin qəbul edilməsi və tətbiqi;

    2. öz risk profilinə uyğun olaraq MLA[16] və digər beynəlxalq əməkdaşlıq formalarının araşdırılması;

    3. PL/TMM üzrə bütün nəzarət orqanlarının resurs imkanlarının gücləndirilməsi və maliyyə institutları və MQMBP-lərə risk əsaslı nəzarətin həyata keçirilməsi;

    4. benefisiar mülkiyyətə dair hərtərəfli və güncəl məlumatların saxlanılması və şəffaflıq öhdəliklərinin pozulmasına görə sanksiya rejiminin gücləndirilməsi;

    5. STR hesabatlarının diversifikasiyanın artırılması;

    6. əlavə işçi tələbi, təlimlər və maliyyə vəsaitləri hesabına maliyyə monitorinqi orqanının insan resursları potensialının yüksəldilməsi;

    7. hüquq-mühafizə, prokurorluq və digər aidiyyəti qurum əməkdaşları üçün PL/TMM üzrə təlimlərin təşkil edilməsi;

    8. səlahiyyətli orqanların müsadirə siyasətinin siyasi məqsəd naminə həyata keçirilməsinin nümayiş etdirilməsi;

    9. terrorçuluğun maliyyələşdirilməsinə qarşı Milli Strategiyaya uyğun olaraq terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə iştirak edən hüquqi-mühafizə və prokurorluq orqanları üçün gərəkli resurs və dəstəyin artırılması;

    10. terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı effektiv, hədəflənmiş maliyyə sanksiya rejiminin həyata keçirilməsi, habelə qeyri-kommersiya təşkilatlarının risk əsaslı monitorinqi və nəzarəti.

  1. Kayman adaları - 2021-ci ilin fevral ayında Kayman adaları PL/TMM rejiminin effektivliyinin gücləndirilməsi məqsədilə FATF və CFATF[17] ilə birgə birlikdə işləmək barədə yüksək səviyyəli öhdəlik götürdü. Kayman adaları ilə bağlı MER-in 2018-ci ilin noyabr ayında tamamlanmasından sonra ötən müddət ərzində ölkə milli PL/TMM strategiyasının yenilənməsi, terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı və bir neçə sahəvi risk qiymətləndirməsinin həyata keçirilməsi, çirkli pulların yuyulmasına qarşı mübarizə qaydalarına və cinayət yolu ilə əldə olunan gəlirlər qanununa dəyişikliklərin edilməsi, MQMBP-lər üzrə PL/TMM tənzimləyicisinin təyin olunması və çirkli pulların araşdırılması üçün yeni Maliyyə Kəşfiyyatı Bürosunun yaradılması da daxil olmaqla, MER tövsiyələrinin həyata keçirilməsində inkişaf əldə etmişdir. Kayman adaları milli fəaliyyət planının tam şəkildə həyata keçirilməsi üçün aşağıdakıları həyata keçirməlidir:

    1. effektiv, mütənasib və çəkindirici sanksiyaların tətbiq edilməsi və pozuntuların effektiv şəkildə və vaxtında aradan qaldırılması üçün buna yol vermiş şəxslərə qarşı inzibati cəzalar və icra tədbirlərinin görülməsi;

    2. benefisiar mülkiyyətə dair məlumatları düzgün, adekvat və güncəl şəkildə doldurmayan tərəflərə qarşı (hüquqi şəxslər də daxil) adekvat və effektiv sanksiyaların tətbiq edilməsi; və

    3. yurisdiksiyanın risk profilinə uyğun olaraq çirkli pulların yuyulmasının bütün növlərinə qarşı təqibin həyata keçirilməsinin və bu cür təqiblərin çəkindirici, effektiv və mütənasib sanksiyalarla nəticələnməsinin nümayiş etdirilməsi.

  1. Mərakeş - 2021-ci ilin fevral ayında Mərakeş Krallığı PL/TMM rejiminin effektivliyinin gücləndirilməsi məqsədilə FATF və MENAFATF[18] ilə birgə birlikdə işləmək barədə yüksək səviyyəli öhdəlik götürdü. Mərakeş ilə bağlı MER-in 2019-cu ildə tamamlanmasından sonra keçən müddət ərzində ölkə PL/TMM üzrə bütün qurumların fəaliyyətini və hədəflərini koordinasiya etməklə yanaşı, texniki uyğunluğun və effektivliyin təkmilləşdirilməsi istiqamətində MER tərəfindən məsləhət görülən fəaliyyətdə irəliləyiş əldə etmişdir. Mərakeş milli fəaliyyət planının tam şəkildə həyata keçirilməsi üçün aşağıdakıları həyata keçirməlidir:

    1. ölkənin risk profilinə uyğun olaraq MLA tələblərinə vaxtında cavab verilməsinin və bu tələblərin prioritetləşdirilməsində keys menecment sisteminin effektiv tətbiq olunmasının nümayiş etdirilməsi;

    2. risk əsaslı nəzarətin təkmilləşdirilməsi, önləyici tədbirlərin görülməsi və uyğunsuzluqlara görə effektiv, mütənasib və çəkindirici sanksiyaların tətbiqi;

    3. hüquqi şəxslər və xarici hüquqi təsisatlar da daxil olmaqla, benefisiar mülkiyyətə dair məlumatların adekvat, dəqiq və təsdiqlənmiş olmasının təmin edilməsi;

    4. STR hesabatlarının diversifikasiyasının artırılması;

    5. maliyyə monitorinqi orqanı tərəfindən əməliyyat xarakterli təhlillərin və strateji analizlərin aparılması üçün lazımi maliyyə və insan resurslarının təmin edilməsi;

    6. ölkə risklərinə uyğun olaraq çirkli pulların leqallaşdırılması ilə bağlı bütün növ risklərin müəyyənləşdirilməsinə, araşdırılmasına və təqibinə üstünlük verilməsi;

    7. maliyyə araşdırmasının paralel şəkildə aparılması, maliyyə kəşfiyyatından istifadə edilməsi, aktivlərə əl qoyulması və qarşılıqlı hüquqi yardımlaşmanın axtarılması / təmin edilməsi üçün hüquq-mühafizə, prokurorluq və digər səlahiyyətli qurumların potensialının artırılması; və

    8. maliyyə institutları və MQMBP-lərin müəyyən olunmuş maliyyə sanksiya öhdəliklərinə necə əməl etməsinin monitorinq olunması və buna effektiv şəkildə nəzarətin təşkili.

  1. Seneqal – 2021-ci ilin fevral ayında Seneqal PL/TMM rejiminin effektivliyinin gücləndirilməsi məqsədilə FATF və GIABA ilə birgə birlikdə işləmək barədə yüksək səviyyəli öhdəlik götürdü. Seneqal ilə bağlı MER-in 2018-ci ildə tamamlanmasından sonra keçən müddət ərzində ölkə milli PL/TMM strategiyasının və bu strategiyanın icrası ilə bağlı Əməliyyat Planın qəbulu ilə yanaşı, texniki uyğunluğun və effektivliyin təkmilləşdirilməsi istiqamətində MER tərəfindən məsləhət görülən bir sıra fəaliyyətdə irəliləyiş əldə etmişdir. Seneqal milli fəaliyyət planının tam şəkildə həyata keçirilməsi üçün aşağıdakıları həyata keçirməlidir:

    1. təlim və təbliğat yolu ilə PL/TM risklərinin (xüsusilə MQMBP sektoru ilə bağlı) müvafiq qurumlar tərəfindən məntiqli şəkildə başa düşülməsinin təmin edilməsi;

    2. öz risk profilinə uyğun olaraq MLA və digər beynəlxalq əməkdaşlıq formalarının araşdırılması;

    3. maliyyə institutları və MQMBP-lərin adekvat və effektiv nəzarətə tabe olmasının təmin edilməsi;

    4. benefisiar mülkiyyətə dair məlumatların yenilənməsi və saxlanılması, şəffaflıq öhdəliklərinin pozulmasına görə sanksiya tətbiqi sisteminin gücləndirilməsi;

    5. effektiv əməliyyat təhlili potensialının qorunub saxlanılması üçün maliyə monitorinqi orqanının insan resursları ehtiyatının artırılmasının davam etdirilməsi;

    6. aşkaretmə mexanizmlərinin gücləndirilməsinə və PL/predikat cinayətlərin istintaqını və təqibetmə imkanlarının təkmilləşdirilməsinə yönəlmiş səylərin Seneqalın risk profilinə uyğun olaraq davamlı şəkildə aparılmasının nümayiş etdirilməsi;

    7. riski profilinə uyğun olaraq cinayət yolu ilə əldə olunan vəsait və əmlakın müəyyənləşdirilməsi, izlənməsi, dondurulması və müsadirə edilməsi üçün hərtərəfli və standartlaşdırılmış siyasət və prosedurların yaradılması;

    8. səlahiyyətli qurumlar tərəfindən terrorçuluğun maliyyələşdirilməsi risklərinin başa düşməsinin gücləndirilməsi və ölkənin 2019 Terrorçuluğun Maliyyələşdirilməsi üzrə Milli Strategiyasına uyğun olaraq terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə iştirak edən hüquqi-mühafizə və prokurorluq orqanları üçün gərəkli resurs və dəstəyin artırılması; və

    9. terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı effektiv, hədəflənmiş maliyyə sanksiya rejiminin həyata keçirilməsi, habelə qeyri-kommersiya təşkilatlarının risk əsaslı monitorinqi və nəzarəti.”

Son tənzimləmədən sonra FATF-ın “Boz siyahı”sında hazırda 19 ölkənın adı mövcuddur: Albaniya, Barbados, Botsvana, Burkino Faso, Kamboca, Kayman adaları, Mavritaniya, Mərakeş, Myanma, Nikaraqua, Pakistan, Panama, Qana, Seneqal, Suriya, Uqanda, Yamayka, Yəmən və Zimbabve.

Qlobal şəbəkənin gücləndirilməsi – Plenar iclasın digər mühüm mövzularından biri də PL/TMM sahəsində FTRT-lərlə əməkdaşlığın gücləndirilməsi məsələsi idi. FATF çirkli pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizədə regional təşkilatlarla əməkdaşlığa üstünlük verəcəyini bir daha vurğuladı. Bəzi regional təşkilatlar pandemiyanın doğurduğu çətinlikdən dolayı qarşılıqlı qiymətləndirmələrin aparılmasında müəyyən sıxıntılarla qarşılaşdıqlarını bildirdilər. Yarım qalan qiymətləndirmələrin tamamlanması üçün FATF üzv dövlətlərdən regional təşkilatlara köməklik göstərilməsini xahiş etdi.

FATF-ın fəaliyyətini yaxından izləyən Azərbaycan Respublikası da beynəlxalq standartlara uyğun olaraq, milli səviyyədə PL/TMM risklərinin başa düşülməsi, bu risklərə münasibətdə strateji hədəflərin müəyyən edilməsi və aşkar edilmiş risklərin minimallaşdırılması istiqamətində davamlı fəaliyyət göstərməkdədir. Bu məqsədlə AR Nazirlər Kabinetinin Qərarına[19] əsasən, milli risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsini təmin etmək məqsədilə Koordinasiya Şurası[20] yaradıldı. Koordinasiya Şurasının yaradılmasında digər hədəfi isə Avropa Şurasının MONEYVAL[21] Komitəsinin Azərbaycan Respublikasına münasibətdə 2022-ci ildə başlanılması nəzərdə tutulan V raund qiymətləndirilməyə hazırlığın təmin edilməsi məqsədilə qanunvericilikdə islahatların aparılması və institusional mühitin qiymətləndirilməsi zamanı effektivliyin artırılması üzrə müvafiq tədbirlərin əlaqəli şəkildə icrasına nail olmaqdır.

25 dekabr (2020) tarixində ilk iclası baş tutmuş Koordinasiya Şurasının başlıca fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında milli risk qiymətləndirilməsinin həyata keçirilməsi üçün zəruri olan metodologiyanın müəyyən edilməsi;

  2. müəyyən edilmiş metodologiyaya uyğun olaraq milli və sahəvi təhdidlərin və zəifliklərin aşkar edilməsi məqsədilə işçi qrupların yaradılması və onların fəaliyyətinə nəzarətin təşkili;

  3. milli risk qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi;

  4. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci və 1.0.8-ci maddələrində nəzərdə tutulmuş monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin milli risk qiymətləndirilməsinə cəlb edilməsinin təmin edilməsi;

  5. zəruri statistik və digər məlumatların milli risk qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə yaradılmış aidiyyəti işçi qruplara və Koordinasiya Şurasının katibliyinə təqdim edilməsini təmin etmək məqsədilə tədbirlərin görülməsi;

  6. milli risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsini təmin etmək məqsədilə digər məsələlərinin həll edilməsi.

Koordinasiya Şurasının yaradılması ilə PL/TMM sahəsində müxtəlif dövlət orqanlarının və aidiyyəti özəl sektorun fəaliyyətini əlaqələndirməklə mövcud çağırışlara vaxtında cavab vermək, habelə milli sistemin risk qiymətləndirilməsi üzrə effektiv mübarizə əsaslarının yaradılmasına kömək etmək hədəflənir.


[1] 1989-cu ildə yaranmış FATF-a hazırda 37 üzv ölkə və 2 regional təşkilat (Avropa Komissiyası və Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası) daxildir.

[2] FATF-ın “Boz siyahısı” çirki pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üçün təhlükəsiz sayılmayan ölkələr qrupunu əks etdirir. Hər hansı bir ölkənin “Boz siyahı”ya salınması həmin ölkə tərəfindən müvafiq PL/TMM tədbirlərinin görülməməsi halında onun “Qara siyahı”ya düşə biləcəyi barədə xəbərdarlığı ifadə edir. Futbol oyunu bənzətməsi ilə desək, bir ölkənin “Boz siyahı”ya salınması ona sarı vərəqənin göstərilməsi kimidir. Növbəti sarı vərəqədə ölkə beynəxalq maliyyə sistemindən xaric ediləcəkdir.

[6] “Suspicious Transaction Report” – Şübhəli Əməliyyata dair Hesabat

[8] Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş və 1 yanvar 2016-cı il tarixindən etibarən qüvvəyə minmiş 17 məqsəd.

[9] FATF-ın bu siyahısına Koreya Xalq Demokratik Respublikası və İran İslam Respublikası daxildir.

[10] BMT-nin Təhlükəsizlik Şurasının 15 oktyabr 1999-cu il tarixli Qətnaməsi. Bu qətnaməyə əsasən, BMT-nin Təhlükəsizlik Şurası Usama bin Laden və onunla əlaqəli şəxsləri terrorçu elan edərək, Əl-Qaidə, Üsamə bin Laden və/və ya Taliban hərəkatı ilə bağlı olan fiziki və hüquqi şəxslərə qarşı sanksiya rejiminin tətbiqinə qərar verdi.

[11] BMT-nin Təhlükəsizlik Şurasının 28 sentyabr 2001-ci il tarixli Qətnaməsi. 11 sentyabr hadisəsindən sonra terrorla mübarizəni nəzərdə tutan beynəlxalq hüquqi sənəd.

[14] Groupe Intergouvernemental d'Action contre le Blanchiment d'Argent en Afrique de l'Ouest – Qərbi Afrikada çirkli pulların yuyulmasına qarşı fəaliyyət göstərən hökumətlərarası qrup

[15] Mutual Evaluation Report – “Qarşılıqlı Qiymətləndirmə Hesabatı”

[16] Mutual Legal Assistance – Qarşılıqlı Hüquqi Yardımlaşma (ölkələrarası)

[17] Caribbean Financial Action Task Force – Karib dənizi hövzəsi ölkələrinin maliyyə tədbirləri üzrə işçi qrupu

[18] Middle East and North Africa Financial Action Task Force – Yaxın Şərq və Şimali Afrika ölkələrinin maliyyə tədbirləri üzrə işçi qrupu

[19] Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizminin yaradılmasına dair bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2020-ci il, 404 saylı Qərarı

[20] Koordinasiya Şurasının rəhbəri  Azərbaycan Respublikası Baş Nazirinin müavini, üzvləri isə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, Xarici İşlər nazirinin müavini, Ədliyyə nazirinin müavini, Daxili İşlər nazirinin müavini, Maliyyə nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini, Xarici Kəşfiyyat Xidmətinin rəisinin müavini, Dövlət Sərhəd Xidmətinin rəisinin müavini, Dövlət Gömrük Komitəsinin sədrinin müavini, Dövlət Statistika Komitəsinin sədrinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini və Mərkəzi Bankının sədrinin müavini və ya Mərkəzi Bankın Baş direktoru.

[21] Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi.

Tural ƏLİYEV

Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə (PL/TMM) sahəsi üzrə mütəxəssis