2020-ci ildə dünyada artmağa davam edən internet və bank xidmətlərinə əlçatanlıq elektron ticarətin də dövriyyəsinə təsirsiz ötüşməmişdir. Belə ki, datareportal.com-a istinadən 2020-ci ildə dünya əhalisinin 59% və ya 4.66 milyard insanın internetə əlçatanlığı olmuşdur. Bu isə 2019-cu il ilə müqayisədə 7.3% və ya 316 milyon nəfər artım deməkdir. Həmçinin, Dünya Bankının “Global Financial Inclusion Data”sına əsasən 15 yaşdan yuxarı dünya əhalisinin 68.5%-nin maliyyə institutlarında hesabları mövcuddur.
Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemləri statistikasına istinadən 2020-ci ildə ölkəmizdə hər 10 əməliyyatdan 6-sı nağdsız, 4-ü isə nağd əməliyyat, hər 100 manatlıq ödənişdən 22 manatı nağdsız, 78 manatı isə nağd əməliyyat olmuşdur. 2019-cu illə müqayisədə 2020-ci ildə ölkəmizdə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 55% artaraq 68.1 milyon ədəd, həcmi isə 25% artaraq 3.67 milyard manat təşkil etmişdir. Nağdsız ödənişlərdə aparılan hər 10 əməliyyatdan 6-sı, 100 manatdan 60 manatı isə elektron ticarət vasitəsilə reallaşdırılmışdır.
Təcrübədə elektron ticarətdə ödənişlərdə ən çox istifadə edilən ödəniş aləti kartlardır. Kartlar vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün adətən kartın 16 rəqəmli nömrəsi, kartın son istifadə tarixi və əsasən kartın arxa tərəfində yerləşən 3 rəqəmli təhlükəsizlik kodu (CVV/CVC) tələb edilir. Ödənişin təhlükəsiz tamamlanması üçün bəzən birdəfəlik şifrə (OTP) də tələb edilir.
Elektron ticarətdə ödəniş zamanı birdəfəlik şifrə (OTP) tələb edilmədi?
Bildirmək istərdim ki, elektron ticarətdə ödənişlərin autentifikasiyası (kart istifadəçisinin müəyyən edilməsi) müxtəlif üsullarla həyata keçirilir. Bu üsullar əsasən aşağıdakılardır:
- Biometrik vasitələr (Barmaq izi, üz tanıma, səslə eyniləşdirmə);
- SMS şifrələr (3D Secure);
- Geolokasiya;
- Ünvan təsdiqləmə sistemləri (AVS) və.s.
Bunlardan ən əsası 3D təhlükəsizlik şifrəsi ilə ödənişlərin reallığının müəyyən edilməsidir. Əməliyyatların aparılması zamanı 3D təhlükəsizlik şifrələrinin tələb edilməsi həm sizin ödəniş kartınızdan, həm də əməliyyat apardığınız saytdan (təsərrüfat subyektindən) asılıdır. Əgər sizin ödəniş kartınız 3D təhlükəsizlik protokolunu dəstəkləyirsə, lakin təsərrüfat subyekti 3D təhlükəsizlik protokolunu aktivləşdirməyibsə və ya sizin kartınız 3D təhlükəsizlik protokolunu dəstəkləmirsə, bu hallarda ödənişlər birdəfəlik şifrə tələb edilmədən həyata keçirilir. Yuxarıda qeyd edilən hallarda ödənişin tamamlanması məqsədilə bankınız tərəfindən sizə birdəfəlik şifrə göndərilməyəcək və ödənişlər gözləmə olmadan tamamlanacaqdır.
Kartınız 3D təhlükəsizlik protokolunu dəstəklədiyi halda, kart məlumatlarınız oğurlansa və ya kartınızı itirsəniz, fırıldaqçı və ya kartı oğurlayan şəxs kart məlumatları əsasında 3D təhlükəsizlik protokolunu dəstəkləməyən təsərrüfat subyektlərində onlayn ödənişlər edərək kartınızdakı vəsaitləri istifadə edə bilər. Kartınızın oğurlandığını müəyyən etdikdə dərhal ödəniş kartınızı bloklaşdırmaq üçün bankla əlaqə saxlayaraq ödəniş kartınızı bloklaşdıra bilərsiniz. Bu halda kartı oğurlayan və ya tapan şəxslər tərəfindən ödəniş əməliyyatları icra oluna bilməyəcəkdir.
Kartınızda 3D təhlükəsizlik xidməti aktivdir, lakin tərəfinizdən təsdiqlənməyən əməliyyatlar mövcuddur?
Bu halda qorxmağa heç bir əsas yoxdur. Bankınıza müraciət edərək əməliyyatı mübahisələndirə (chargeback prosesini başlada) bilərsiniz. Bu halda tərəfinizdən həyata keçirilməyən ödənişlər təsərrüfat subyekti ilə mübahisələndirilərək kartınızdan silinən məbləğ geri qaytarılacaqdır. Kartınız 3D təhlükəsizlik protokolunu dəstəkləmədikdə, ödənişin 3D təhlükəsizlik protokolunu dəstəkləyən təsərrüfat subyektində keçərsə bu halda ödənişi mübahisələndirə bilməyəcəksiniz. Bu əməliyyatda məsuliyyət kart sahibinin üzərinə ötürülür. Ödəniş kartınızı bankdan əldə etdiyinizdə onun 3D təhlükəsizlik protokolunu dəstəklədiyini yəqin edin. Əgər kartda təhlükəsizlik protokolu aktivləşdirilməmişdirsə, dərhal aktivləşdirin.
Kartınızın ön şəklini çəkərək tanımadığınız şəxsə təqdim edirsiniz və düşünürsünüz ki, kartın arxasının şəklini göndərməmişəm və üstəlik kartım 3D protokolunu dəstəkləyir, kartımdan heç bir vəsait silinə bilməz. Bu halda yenə yanlış düşünürsüz. Yuxarıda 3D təhlükəsizliyini dəstəkləməyən təsərrüfat subyektlərindən bəhs düşünürsüz. Yuxarıda qeyd edilən təsərrüfat suyektlərində əməliyyat həyata keçirildikdə, bankınız ödənişin tamamlanması üçün sizdən birdəfəlik şifrə tələb etmir. Bəs ödəniş təhlükəsizlik kodu (CVV/CVC) olmadan tamamlana bilərmi? Bəli, bu mümkündür. Amazon.com, target.com, benefit.com, lacoste.com və digər bu kimi saytlarda ödənişlərinizi CVV/CVC təhlükəsizlik kodunu daxil etmədən əməliyyatı tamamlaya bilərlər.
Elektron ticarətdə ödənişlərin sürətinin artırılması və istifadəçi rahatlığının təmin edilməsi üçün təsərrüfat subyektləri bu məlumatları tələb etmədən emitent banka avtorizasiya sorğusu (balans yoxlama sorğusu) göndərə bilər. Əgər bankınız tərəfindən 3D təhlükəsizlik protokolunu dəstəkləməyən və/və ya təhlükəsizlik kodu daxil edilmədən aparılan əməliyyatlar üzrə limit tətbiq olunmamışdırsa, bu halda bank həyata keçirilən əməliyyata icazə veriləcəkdir.
Elektron ticarət üzərindən ödəniş etməyə cəhd edirsiz, lakin ödəniş uğursuz olur?
Yəqin ki, daha öncə elektron ticarət vasitəsilə xidmət və ya mal alışı etdiyiniz zaman 3D təhlükəsizlik kodunu daxil etməyinizə baxmayaraq əməliyyatınızın tamamlanmadığı hallarla üzləşmisiz. Ödəniş kartları vasitəsilə ödənişlər aparılarkən risklərin qarşısının alınması məqsədilə təsərrüfat subyekti, onun bankı tərəfindən və ya sizin bankınız tərəfindən müəyyən limitlər tətbiq edilə bilər. Əgər sizin kartınızda SMS xəbərdarlıq xidməti aktivdirsə, əməliyyatın nə üçün tamamlanmadığını özünüzdə müəyyən edə bilərsiniz. Əgər bu xidmət aktiv deyilsə, bankınızla əlaqə saxlayıb əməliyyatın nə üçün tamamlanmadığını müəyyənləşdirə bilərsiniz. Əgər bankınız sizə ödəniş kartı üzrə avtorizasiya sorğusunun daxil olmadığını bildirirsə, deməli təsərrüfat subyekti və ya onun bankı tərəfindən ölkəxarici əməliyyatlara və ya sizin bankınızın BIN-lərinə (kartınızın bankını müəyyənləşdirən kartın ilk 6 rəqəmi) üzrə limitlər təyin edilmişdir. Əgər kartınız SMS xəbərdarlıq xidmətini dəstəkləyirsə, əməliyyatın icrası zamanı avtorizasiya SMS-i əldə etmirsinizsə, bu halda ödənişin satıcı tərəfindən və ya onun bankı tərəfindən icazə verilmədiyini yəqin edə bilərsiniz.
Əgər əməliyyatın həyata keçirilməsi ilə bağlı limitlər varsa, bu barədə bank və ya SMS bildirişi vasitəsilə məlumatı almaq mümkündür.
Elektron ticarətdə baş verə biləcək itkilərdən özümüzü necə sığortalamalıyıq?
1) Ödəniş kartınızda SMS xəbərdarlıq xidmətini aktiv edin;
2) Ödəniş kartınızın 3D təhlükəsizlik protokolu ilə qoruyun;
3) Kart məlumatlarınızı kənar şəxslərlə paylaşmayın;
4) Kart məlumatlarını nə şəkil formatında, nə də qeyd şəklində telefonunuzda saxlamayın;
5) Güvənmədiyiniz və ya kart məlumatlarınızı daxil etməkdə ehtiyat etdiyiniz saytlarda əməliyyat aparmaq üçün əvvəlcədən ödənilmiş kartlardan və virtual kartlardan istifadə edin;
6) Güvənmədiyiniz və ya kart məlumatlarınızı daxil etməkdə ehtiyat etdiyiniz saytlarda əməliyyat aparmaq üçün ödəniş üsullarını araşdırın. Paypal kimi etibarlı kanallarla ödənişləri həyata keçirmək mümkündürsə, ödəniş kartınızı “Paypal”a daxil edərək, ödənişinizi ordan həyata keçirə bilərsiniz;
7) Hesablarınıza birdəfəlik şifrələrlə daxil olmaq mümkündürsə, statik yəni özünüz müəyyənləşdirdiyiniz şifrələri daxil edərək hesablarınıza daxil olmayın;
8) Elektron ticarət vasitəsilə mal və ya xidmət aldıqda təsərrüfat subyekti tərəfindən razılaşdırılan şərtlərlə tanış olun. 50 səhifəlik müqaviləni oxumağa ehtiyac yoxdur. Tərəflərin məsuliyyəti və öhdəlikləri, geri qaytarma şərtləri bölmələrini oxumağınız sizə əməliyyatın gələcək taleyi ilə əlaqədar məqamları aydınlaşdıracaqdır;
9) Appstore və Play Store vasitəsilə proqramları telefonuza yükləyərkən diqqətli olun, kartınızı əlaqələndirdiyiniz istifadəçi adında kartınızdan tutulma baş verə bilər. Lakin geri qaytarma şərtlərini oxuduğunuzda, App Store və Play Storeda geri qaytarma hallarını müəyyənləşdirə və ödənişinizi geri ala bilərsiniz. Bunun üçün banka müraciət edib etiraz əməliyyatı (chargeback) başlatmağınıza ehtiyac qalmayacaqdır.
Müəllif: Araz Həsənzadə