ANALİTİKA

26 Fevral

Kəlbəcərin aqrar potensialı

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Kəlbəcər də var. 1993-cü ilin aprelindən işğal altında olan Kəlbəcərdə çoxşaxəli aqrar potensial mövcuddur. İşğal nəticəsində Kəlbəcərin yeraltı və yerüstü sərvətləri düşmən tərəfindən darmadağın edilib, kənd yerlərində çalışan əhali məcburi köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalıb və yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri sıradan çıxarılıb.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Əbdülrəhim Dadaşovun Kəlbəcərin aqrar potensialı barədə yazısını təqdim edir.

Azərbaycan Respublikasının cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində, Kiçik Qafqazda yerləşir. Ərazi baxımından Kəlbəcər-Laçın iqtisadi rayonunun tərkibinə daxildir.

Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunaya malik təbiət muzeyidir. Kiçik Qafqaz dağlarının cənub-şərqində Ermənistan ilə sərhəddə yerləşir. Ölkə ərazisinin 3,5 faizini, Qarabağ ərazisinin isə təqribən 22,2 faizini Kəlbəcər rayonu təşkil edir.

Kəlbəcər rayonunda Alagöllər, Qaragöl, Zalxa və digər göllər mövcuddur. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılıb. Ərazidə yüksək keçən soyuq və dağ tundura iqlimi üstünlük təşkil edir. Rayonun iqlimi aşağı hissələrdə mülayim, 200 metrdən yüksəklikdə isə soyuq dağ iqlimidir. Yayı sərin, qışı nisbətən soyuq olur. Yağıntıların çox hissəsi ilin soyuq vaxtında və yazın əvvəlində düşür. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır. Ölkəmizin ən böyük çaylarından biri olan Tərtərçayın yuxarı axarı və qolları (Levçay, Tutqunçay), Bazarçay, Zəylik, Keşdək, Xaçınçay, Qaraağac çayı məhz Kəlbəcər rayonu ərzisindən başlanır. Böyük və Kiçik Alagöllər, Zalxagöl və Sərsəng su anbarı rayon ərazisindədir.

Rayon əhalisinin böyük hissəsi kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti kənd təsərrüfatı olmuşdur. Keçmiş Sovet İttifaqının tərkibində olan zaman Kəlbəcər rayonunda örüş-otlaq və biçənək sahələrinin geniş olmasına (83.2 min ha) və əhalinin maldarlıq sahəsindəki təsərrüfatçılıq ənənələrinin saxlanılmasına görə bu regionun aqrar potensialı daha çox heyvandarlıq sahəsində formalaşırdı. Qeyd edək ki, burada mövcud olan otlaq sahələri respublikanın otlaq sahələrinin təqribən 3,4 faizini təşkil edir. Ərazisində hakim olan iqlimin və bol sulu çaylarının verdiyi imkanlara görə rayon sakinləri həm birillik, həm də çoxillik əkmələri rahat becərə bilirdilər. Burada heyvandarlıqla yanaşı, əkinçilik də inkişaf etdirilirdi və əsasən tütün və tərəvəzçilik kimi sahələri də mövcud idi.

Bitkiçilik sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Kəlbəcər rayonunda əkin 1980-ci ilin əkin sahələrinin strukturuna nəzər saldıqda tütün sahələrinin (71.7%) və kartof, tərəvəz və bostan sahələrinin (27.3%) daha geniş sahələri əhatə etdiyi müşahidə edilir. Bu bitkilərlə yanaşı, Kəlbəcər rayonunda çox cüzi, təqribən 10 hektar sahədə meyvə və giləmeyvə bağları olsa da, dağ relyefi üçün əlverişli intensiv meyvə bağlarının salınması ilə bu sahənin də potensialından istifadə etmək olar. Aşağıdakı diaqramda əks olunan strukturdan bölgənin hansı bitkiçilik məhsullarının istehsalı ilə ixtisaslaşdığı, kənd təsərrüfatının tarixi ənənəsinin hansı sahələrdə təmərküzləşdiyi nəzərə çarpır.

Ümumilikdə, Kəlbəcər rayonunda 1980-ci ildə mövcud olan tütün sahələri ölkədəki müvafiq əkin sahəsinin 2,7 faizini, eləcə də rayonda mövcud olan kartof, tərəvəz və bostan bitkilərinin əkin sahələri isə ölkədəki sahənin 0,2 faizini təşkil etmişdi.

Qrafik 1.

1980-ci il üzrə Kəlbəcər rayonunda bitkiçilik məhsullarının əkin strukturu, %

 

 

Mənbə: Dövlət Statistika Komitəsi.

1. Tütün istehsalı potensialı. Rəsmi statistik məlumatlara əsasən deyə bilərik ki, tütünçülük rayon əhalisi tərəfindən ən çox istehsalına üstünlük verilən kənd təsərrüfatı sahəsidir. 1980-ci ildə 456 ha sahədən 1,285 ton, 1985-ci ildə 801 ha sahədən 1,597 ton, 1988-ci ildə isə 660 ha sahədən 896 ton məhsul istehsal edilmişdir. Təhlildən göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) tütün məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 39,0 sent/ha olduğu halda Kəlbəcər rayonunda bu bitkinin məhsuldarlığı 28,2 sent/ha olmuşdur. 1980-1988-ci illər ərzində Kəlbəcər rayonunda tütün istehsalı ölkə üzrə istehsalın 2,1%-ini təşkil etmişdir. Göründüyü kimi, tütünçülük sahəsi barədə tarixi statistik göstəricilər həmin illər ərzində tütün istehsalında Kəlbəcər rayonunun tütün məhsulu istehsal etmə imkanlarının mövcud olduğunu göstərir. Aparılan araşdırmalar nəticəsində 2025-ci ilə qədər Kəlbəcər rayonda tütünün intensiv üsullarla əkilib-becərilməsi hesabına 3 ton/ha məhsuldarlıqla istehsalın 668 tona çatdırılması proqnozlaşdırılır ki, bu da ölkədə tütün istehsalının təxminən 9%-nin məhz Kəlbəcər rayonu hesabına formalaşacağı deməkdir.

2. Kartof istehsalı potensialı. Mövcud olan rəsmi statistik məlumatlara əsasən 1980-ci ildə 119 ha sahədə kartof əkinləri mövcud olmuşdur. Müstəqillik illərində aqrar sahədə aparılmış əsaslı islahatlar və innovativ texnologiyaların tətbiqi nəticəsində ölkədə məhsuldarlığın artması ilə yanaşı, işğaldan azad edilmiş Kəlbəcər rayonunda da bu yeni islahatlar və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etməyin mümkün olduğunu söyləmək mümkündür. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Kəlbəcər rayonunda kartof istehsalının 6.7 min tona qədər artırılması gözlənilir.

3. Tərəvəz və bostan bitkilərinin istehsal potensialı. Bostan bitkiləri bir sıra Qarabağ rayonlarında olduğu kimi, Kəlbəcərdə də təsərrüfatçılıq ənənəsinin mövcud olduğu bitkiçilik sahəsindən biri sayılır. Tədqiqatlar onu göstərmişdir ki, 1980-ci ildə 42 ha sahədə bostan, 13 ha sahədə isə tərəvəz bitkiləri əkilmişdir, lakin sonrakı illər ərzində sahələr ciddi şəkildə azalaraq 9 hektara qədər enmə müşahidə olunmuşdur. Belə ki, Kəlbəcər rayonunda az istehsal olsa da tərəvəzçilik sahəsində təsərrüfatçılıq ənənələrinin həmin dövrlərdə mövcud olduğu nəzərə çarpır. Yeni texnika və texnologiyaların tətbiqi, həmçinin işğaldan azad edilmiş torpaqlar üçün qəbul edilmiş yeni Tədbirlər Planı çərçivəsində digər bitki növləri ilə tərəvəzçilik və bostan bitkiləri sahələrinin artımı və daha yüksək məhsuldarlığın səviyyəsi hesabına ölkənin ərzağa olan tələbat səviyyəsinin yüksəlməsi gözlənilir. Tərəvəzçilik sahəsinin inkişaf etməsi, dəyər zənciri üzrə emal edilərək ixracın artımına da təkan verəcək. Belə ki, 2025-ci ildə bostan və tərəvəz istehsalında Kəlbəcər rayonu üzrə ölkə istehsalındakı payının 0.12% təşkil etməsi və 3.6 min ton civarında məhsul istehsal edilməsi proqnozlaşdırılır.

4. Digər növ bitkilərin istehsalı potensialı. Kəlbəcər rayonunda torpaq, iqlim, su resursları, eləcə də tarixən mövcud olan bitkiçilik ənənəsinin mövcud olması bu regionda meyvəçilik sahəsində də istehsal potensialı vəd etdiyini söyləmək mümkündür. Qeyd etmək lazımdır ki, potensial nəzərə alınaraq bu zonada 500 hektarlıq intensiv nar, alma və xurma bağlarının pilot layihə olaraq salınması da plan çərçivəsində həyata keçiriləcək. Bundan əlavə, Kəlbəcər rayonunda 1000 hektara qədər sahələrdə taxıl əkiləcəyi də gözlənilir. Regionlarda aqrar innovasiyalardan istifadə edilməklə yeni intensiv meyvə-giləmeyvə bağlarının salınması, həmçinin tərəvəz istehsalının artırılması nəzərə alınarsa, ölkənin bu məhsullar üzrə ərzaq təhlükəsizliyinin təminatı və ixracatının artımına Kəlbəcərin böyük töhfəsi olacaqdır. Heyvandarlıq sahəsinin yemə olan tələbatı baxımından, bu rayonda yemlik otların da yetişdirilməsi üçün 220 hektarlıq əlavə əkin sahələsinin salınması Tədbirlər Planı çərçivəsində nəzərə alınacaqdır.

Ümumilikdə, 1980-1988-ci illərin təcrübəsi, ölkədə son illər ərzində aqrar innovativ inkişaf trendləri və statistik göstəricilərinin təhlili göstərir ki, 2025-ci ilə qədər Kəlbəcər rayonunda 2.7 min hektarlıq əkin və bağ sahələrindən 44.2 min ton bitkiçilik məhsulu istehsalı imkanları var. Bu da ümumilikdə ölkədə müvafiq məhsullar üzrə proqnoz istehsal göstəricilərinin 0.5%-ini əhatə edir. Bitkiçilik məhsulları istehsalı nəticəsində Kəlbəcər rayonunun yaratdığı əlavə məhsulun dəyərinin 25.4 milyon manat, ölkə üzrə proqnoz göstəricilərindəki payının isə 0.58% olması gözlənilir.

Kəlbəcər rayonunda 2025-ci il üçün bitkiçilik məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi (faizlə) barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

Cədvəl 1.

2025-ci ildə Kəlbəcər rayonu üzrə bitkiçilik məhsulları istehsalının proqnozu

 

Bitkiçilik məhsulları                                

Rayon üzrə əkin sahəsi proqnozu, ha

Rayon üzrə məhsuldarlıq proqnoz, sent/ha

Rayon üzrə istehsal proqnozu, ton

Rayon üzrə proqnoz istehsalın ölkə istehsalına natural ifadədə gözlənilən faydası, %

Taxıl                              

1000

28.5

2850

0.1

Tütün                                             

223

30.0

668

9.0

Kartof                                                       

481

138.7

6676

0.5

Tərəvəz                                         

100

76.0

760

0.04

Bostan bitkiləri

150

192.0

2872

0.5

Meyvə və giləmeyvə

500

80.0

4000

0.3

Yem bitkiləri

220

120.0

26400

7.1

Cəm

2673

+

44226

0.5

Mənbə: Dövlət Statistika Komitəsi.

Sadalanan əmək, torpaq, iqlim və su resursları ilə indiki vaxtda bu istehsaldan dəfələrlə çox məhsul istehsal etmək mümkündür. Nəzərə alsaq ki, müasir dövrdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən müasir yanaşma ilə ciddi inkişaf əldə edilib. İstər heyvandarlıqda yeni növ cinslər, bitkiçilikdə isə daha məhsuldar toxumların tətbiqi ilə işğaldan əvvəl olan istehsal həcmində ciddi artım əldə etmək mümkündür.

Heyvandarlıq sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Rəsmi statistik məlumatlara əsasən 1980-ci ildə 33,791 olan iribuynuzlu heyvanların sayı 1985-ci ildə 38,582 başa yüksəlmiş və 1988-ci ildə isə 31,881 baş olmuşdur. Bu da ölkə üzrə müvafiq naxır sayının 1.6%-ni təşkil etmişdir. Eyni zamanda, xırdabuynuzlu heyvanlar üzrə isə 1980-ci ildə 66,725, 1985-ci ildə isə 90,701, 1988-ci ildə isə 97,428 baş olmuşdur ki, bu da ölkə üzrə müvafiq sürü sayının 1.7%-nə bərabər idi. Bütün təsərrüfat kateqoriyaları üzrə ət istehsalı qeyd edilən illərə müvafiq olaraq 28,907, 38,096 və 35,870 ton olmuşdur. Rayon üzrə bütün təsərrüfatlarda 1988-ci ildə cəmi 16,272 ton süd istehsal edilmişdir. Yun istehsalı isə həmin ildə 200 ton, yumurta istehsalı isə 8,086 min ədəd olmuşdur. Statistik məlumatlara əsasən deyə bilərik ki, Sovet İttifaqının tərkibində olduğumuz dövr ərzində Kəlbəcərdə heyvandarlığın bütün sahələri üzrə məhsul istehsalı artan dinamika ilə inkişaf etmişdir.

 

Qrafik 2.

İşğaldan öncə Kəlbəcər rayonunda iri və xırdabuynuzlu heyvanların sayı, baş

Mənbə: Dövlət Statistika Komitəsi.

Kəlbəcər rayonunda 2025-ci il üçün heyvandarlıq məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi (faizlə) barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

Cədvəl 2.

 2025-ci ildə Kəlbəcər rayonu üzrə heyvandarlıq məhsulları istehsalının proqnozu

 

Heyvandarlıq sahəsi                               

Ölkə üzrə istehsal proqnozu

Rayon üzrə istehsal proqnozu, ton

Rayon üzrə proqnoz istehsalın ölkə istehsalına natural ifadədə gözlənilən faydası, %

Ət (diri)

668224

16769

2.5

Süd                            

2431880

83962

3.5

Yumurta, min ədəd                                        

2104081

958

0.05

Yun

19975

287

1.4

Cəm

3246324

101976

3.1

Mənbə: Dövlət Statistika Komitəsi.

2025-ci ilə qədər Kəlbəcər rayonunda 57.8 min baş iribuynuzlu (inək və camışlar) və 164.6 min baş xırdabuynuzlu mal-qaranın (qoyun və keçilər) bəslənilməsi ölkədə heyvandarlığın və sürü dövriyyəsinin təqribən 3.6% artımına səbəb olacaq. Həmçinin Kəlbəcərdə 83.1 min quş və 13.5 min arı ailəsinin olacağı da proqnozlaşdırılır ki, bu da yumurta, quş əti və bal istehsalının artmasına təkan verəcək. Bu sahələrə müvafiq olaraq diri və kəsilmiş çəkidə ət istehsalında 2.5% və yun istehsalında isə təqribən 1.4% artım gözlənilir. Süd və yumurta istehsalında müvafiq olaraq 3.5% və 0.05% artım olacaq. Araşdırma və tədqiqat nəticəsində proqnoz dövrə qədər heyvandarlıq sahəsinin inkişafında Kəlbəcərin payının 102 min tona yaxın və yaxud 3.1% olacağı ehtimal edilir. Rayon üzrə 58.7 milyon manatlıq heyvandarlıq məhsulu istehsalı gözlənilir ki, bu da ölkə üzrə müvafiq istehsal miqyasında 1.4% əlavə dəyər yaradacağı potensialından xəbər verir.

Aqrar istehsal potensialı ilə yanaşı, Kəlbəcər rayonunda tütünün emalı, südün emalı, gön-dərinin və yunun emalı müəssisələrinin qurulması üçün böyük potensial da nəzərə alınmalıdır. Bu region üçün yeni trend hesab edilən meyvəçilik sektoru üzrə emal müəssisələri, arıçılıq məhsullarının istehsalı imkanları da hesablanarsa, burada aqro-sənayenin təmərküzləşmiş və klasterial inkişafının iqtisadiyyata töhfəsinin sovet dövründəkindən daha artıq olacağını demək olar.

Ümumilikdə, Kəlbəcər rayonunda kənd təsərrüfatı infrastrukturun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlıq sektorunun inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində, məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa töhfəsi 84.1 milyon manat, və ya 0.9% olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edir. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, dolayı olaraq daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından həndəsi silsilə ilə müsbət təsiri hiss ediləcək.

Qeyd edək ki, işğaldan azad olunmuş digər rayonlarımızın aqrar potensialı və perspektivlər barədə aşağıdakı linklərdən tanış olmaq olar.

 

© azertac