“Yaşıl” enerji, bərpa olunan enerji mənbələri son vaxtlar gündəmdə ən çox hallanan məsələlərdəndir. Bu da məntiqlidir, çünki neft-qaz hasilatı nə qədər tədbir görülsə, ətraf mühitə xeyli ziyan vurur, həm də karbohidrogenlərin hasilatı da, idxalı da maliyyə cəhətdən baha başa gəlir. Bundan əlavə, uzun müddətdir “yaşıl” enerjiyə çılğıncasına lobbilik edən Cozef Baydenin ABŞ prezidenti seçilməsi bu məsələni həm də siyasi müstəviyə keçirdi.
ABŞ və Avropanın planları
Belə ki, prezident kürsüsündə ikən ilk fərmanlarından birilə Cozef Bayden ABŞ-ı Paris İqlim Sazişinə qaytardı. Bununla yanaşı, yeni administrasiyanın yeni atom elektrik stansiyalar tikmək, elektrik nəqliyyatının inkişafına rəvac vermək niyyətində olduğu da məlumdur. Bu çərçivədə elektromobil alanlara dövlət maliyyə təşviqinin də tətbiqi nəzərdə tutulur. Bütövlükdə karbon qazının atmosferdə tutularaq saxlama texnologiyalarına, hidrogen avtomobilləri və hidrogen enerji istehsalına sərmayə yatırımlarını da əhatə edən 2 trilyon dollarlıq planın başlıca hədəfi 2035-ci ilədək elektrik enerji istehsalında zərərli tullantıları sıfırlamaqdır.
Bu kimi planların eyni zamanda nef-qaz istehsalçısı ölkələrin iqtisadiyyatına mənfi təsir göstərdiyi şəksizdir. Ekspertlərin qənaətincə, bu mənfi təsir artıq orta perspektivdə özünü göstərəcək. Hərçənd digər tərəfdən dünya bazarına mənfi təsiri məlum olan ABŞ-ın şistli neft yataqlarındakı hasilatın daha çox tənzimlənməsilə yaxın illərdə OPEC+ ölkələrinə, o cümlədən Azərbaycana əlavə üstünlüklər əldə edə biləcəyi də bildirilir. Belə ki, Cozef Bayden administrasiyası şistli yataqlardakı hasilatın texnologiyalarına nəzarəti sərtləşdirmək niyyətindədir.
Avropada isə “yaşıl” iqtisadiyyat daha geniş vüsət alır. Belə ki, 2020-ci ilin yekununa görə bu regionda alternativ mənbələrdən enerji istehsalı ilk dəfə ənənəvi karbohidrogen texnologiyalarını üstələdi. Bu barədə Böyük Britaniyanın “Ember”, Almaniyanın “Agora Energiewende” araşdırma mərkəzlərinin hesabatlarına bildirilir. Avropa İttifaqının tarixində ən böyük iqtisadi dəyişiklik planı da “Avropa Yaşıl sövdələşməsi” (“European Green deal”) adı daşıyır. 2019-cu ilin 11 dekabr tarixində təsdiqlənmiş bu irihəcmli sənəd 2050-ci ilədək karbon qazı neytrallığına, çirklənmələrin kəskin azaldılmasına nail olmaq üçün bir növ yol xəritəsidir. Belə ki, iqtisadiyyatın istehsalat, satış, istehlak, yəni bütün ünsürlərini “yaşıllaşdırmaq”, o cümlədən ehtiyatların istismarını təkmilləşdirmək, tullantıları azaltmaq hədəflənir. Həm də Avropada bu istiqamətdə əldə olunacaq təcrübənin digər regionları və ölkələri də gələcək nəsillər naminə sözügedən istiqamətdə çalışmağa həvəsləndirəcəyi gözlənilir. Belə ki, həmin hədəflər 2015-ci ildə BMT tərəfindən qəbul edilmiş “Dayanıqlı İnkişaf Hədəfləri” (SDGs) proqramı həmin məsələni də əhatə edir.
Beləliklə, ekoloji təhlükəsizlik Qərbin siyasi gündəmində də öncül məsələlər sırasındadır. Ətraf mühitin çirkləndirilməsi, iqlim dəyişikliyi ilə bağlı artan narahatlıq “yaşıl” partiyaların və liderlərin seçicilər tərəfindən daha çox dəstək görməsində özünü göstərir.
Neft istehsalçıları üçün təşvişə əsas yoxdur
Böyük Britaniyanın “Carbon Tracker” araşdırma mərkəzinin hesablamalarına görə, “yaşıl” enerjinin sürətli inkişafı nəticəsində neft istehsalçısı ölkələri 2040-cı ilədək 13 trilyon ABŞ dolları məbləğində maliyyə zərərinə uğrayacaq. Odur ki, dövlət büdcəsi daha çox neft-qaz gəlirlərinə bağlı olduğu ölkələrdə artıq narahatlıq əlamətləri sezilməyə başlayıb. Lakin ekspertlər bununla bağlı təlaşa qapılmamağı lazım bilirlər.
Birincisi, bunun yaxın illərdə baş verəcəyi bir qədər mübaliğədir. Hazırkı koronavirus pandemiyasının da göstərdiyi kimi, dünya iqtisadiyyatında vəziyyət bir neçə gün ərzində dəyişə bilir. Belə ki, karantin tədbirləri yanacağa olan tələbata, bununla da hasilatçı şirkətlərin və hasilatçı ölkələrin planlarına, həmçinin alternativ enerjiyə keçməklə bağlı planlara da ciddi təsir göstərdi. Həmçinin bərpa olunan enerji ilə bağlı layihələr bir çox ölkələrdə böyük sərmayələr tələb edir ki, hazırkı böhran şəraitində bunun həyata keçiriləcəyi bir qədər müəmmalıdır. Bununla bağlı Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun (NESF) rəhbəri Konstantin Simonov bildirib: “Hazırda dünya enerji balansının 85 faizi, Avropanın inkişaf etmiş ölkələrində isə 75 faizi karbohidrogenlərlə ödənilir. Həmçinin milyard nəfər elektrik enerjisindən istifadə etmir, 2,5 milyard da yeməyi açıq ocaqlarda hazırlayır. Belə bir şəraitdə bəşəriyyətin hələ də çox bahalı olan enerjiyə cəmi 20 ilə keçəcəyini demək sadəlövhlükdür”.
Digər tərəfdən karbohidrogen ehtiyatlarının get-gedə tükənməsi, yeni yataqların ildən-ilə daha az kəşf olunması da məlum məsələdir. Bu faktı bir çox ölkələrin, o cümlədən Azərbaycanın hökuməti qəbul edərək postneft dövrünə hazırlıqlarını da davam edirlər. Azərbaycan bu istiqamətdəki bütün təşəbbüsləri dəstəkləyərək əməkdaşlığa hazır olduğunu bildirir, sərmayədarları dəvət edir. Elə bu günlərdə Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Mortonun Bakıya səfəri zamanı gündəmində iqlim dəyişikliklərilə bağlı problemlərin həlli əsas məsələlərdən biri olub. Artıq az qala bütün beynəlxalq maliyyə təsisatları Azərbaycanda bərpa olunan enerji ilə bağlı layihələrə maliyyə dəstəyi verməyə hazır olduqlarını ifadə ediblər.
Qarabağda “yaşıl zolaq”
Enerji sektorundakı yeni layihələrdən də göründüyü kimi, Azərbaycan hökuməti də “yaşıl” enerji sahəsinin daha da inkişaf etdirilməsində maraqlıdır. Bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında hazırkı 8 faiz olan payını 2030-cu ilədək 30 faizə çatdırmaq hədəflənir. Ölkənin coğrafi mövqeyinin bərpa olunan enerji istehsalı üçün əlverişli olduğu nəzərə alınsa, bu hədəf heç də mücərrəd deyil. Azərbaycan Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış komissiya da məqsədyönlü fəaliyyət göstərir, bu yaxınlarda energetika naziri Pərviz Şahbazovun sədrliyilə 5-ci iclası keçirilib.
Abşeron rayonunda günəş və külək elektrik stansiyalarının inşasına dair keçirilmiş ilk hərrac da bu sahəyə xarici şirkətlərin nə qədər böyük maraq göstərdiyinə əyani sübut oldu.
Xatırladaq ki, bir il bundan əvvəl Energetika Nazirliyi tərəfindən “ACWA Power” və “Masdar” şirkətlərilə müvafiq olaraq 240 mVt gücündə külək və 200 mVt gücündə günəş elektrik stansiyalarının tikintisinə dair müqavilələr imzalanıb.
Çox mühüm məqamdır ki, işğaldan azad olunmuş Qarabağda aparılacaq quruculuq işlərində məhz “yaşıl” enerji layihələrinə üstünlük verilir. Belə ki, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu bölgə “yaşıl” enerji zonası kimi dünya üçün nümunəyə çevriləcək: “Eyni zamanda ən müasir texnologiyalar tətbiq edilməlidir, iqtisadi cəhətdən ən sərfəli texnologiyalar, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji – su, külək, günəş”.
Hazırda Qarabağ bölgəsində bərpa olunan enerji mənbələrinin istifadəsini, enerji məhsuldarlığını, ekoloji təmiz texnologiyaları, o cümlədən nəqliyyat və s. məsələləri əhatə edən “yaşıl” zolaq konsepsiyası üzərində işlər başlanıb. Bu istiqamətdə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) ilə də müzakirələr aparılır. Nazir P.Şahbazova görə, həmin ərazilərdə 4 min mVt-dan artıq günəş, 500 mVt-dək külək enerjisi potensialı mövcuddur. İndiyədək Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonları ərazisində yüksək günəş enerjisi potensialına malik 8 ərazi müəyyənləşdirilib. Həmçinin Kəlbəcər və Laçın rayonlarında külək enerjisi mənbələrindən geniş istifadə olunacaq. Həmçinin ölkədə su ehtiyatlarının 25 faizinin məhz Qarabağ bölgəsində mövcud olduğunu nəzərə almaqla Tərtər, Bazarçay, Həkəri çayları və onların qolları da elektrik enerjisi istehsalı üçün istifadəsi məsələləri araşdırılır.
Beləliklə, dünyada “yaşıl” iqtisadiyyatın tətbiqi meylləri Azərbaycanda da geniş əks-səda doğurub. Hazırda dövlət büdcəsi hələ də neft gəlirlərindən asılı olmasına baxmayaraq, ölkəmiz gələcək iqtisadi və enerji siyasətini məhz “yaşıl işığa” doğru yönəldir.
Qulu Nuruyev, ekspert
© report