Neçə illərdir ABŞ dollarının valyuta bazarındakı üstün mövqeyini itirəcəyinə dair xəbərlər maliyyə dünyasını vaxtaşırı olaraq silkələyir. ABŞ-da növbəti hökumət dəyişikliyi dünyanın başlıca pul vahidlərinin gələcəyinə dair mübahisələrə və proqnozlara da rəvac verdi.
Hazırda Avropanın iqtisadi dairələri ciddi-cəhdlə avronun mövqeyini gücləndirmək əzmindədir. Ekspertlərin qənaətincə, bununla region maliyyə risklərindən və itkilərindən sığortalana biləcək. Bununla yanaşı, dünya iqtisadiyyatını əsaslı şəkildə sarsıtmış pandemiyanın coğrafi baxımdan ocağı olan Çin inamlı duruşu ilə diqqət çəkir, hazırda alıcılıq qabiliyyəti pariteti (PPP) baxımdan ABŞ-dan üstündür. Bunu nəzərə alan ekspertlərin bir qismi gələcəkdə Çin yuanının dolları sıxışdıracağı qənaətindədir.
Bununla yanaşı, Rusiya, Türkiyə kimi bir sıra ölkələr də öz valyutaları ilə ticarət əlaqələrinin inkişaf etdirilməsinə dair müxtəlif proqramlar açıqlayır. Həmçinin MDB, türk dünyası vahid valyuta bazarı qurulması ilə bağlı fikirlər vaxtaşırı ortaya atılır.
Bununla belə ekspertlərə görə, dollar üçün ən böyük mənfi hal kütləvi peyvəndləmə nəticəsində pandemiyadan daha çox zərər çəkmiş başqa ölkələrin ABŞ-dan daha sürətlə dirçəlməsi ola bilər.
Avropanın avro gücü
Belə təəssürat yaranır ki, dünya artıq dollar hökmranlığından bezib, bir çox hökumətlər bunu öz iqtisadiyyatlarına təhdid olaraq görür. Bununla belə dolları “taxt”dan salmaq üçün mövcud iqtisadi münasibətlər sistemi bütövlükdə yenidən qurulmalıdır ki, pandemiya başlayandan bu yana ekspertlər bu mövzunu müzakirə edirlər. Donald Tramp dövründə ABŞ-ın və müvafiq olaraq da dolların dünya iqtisadiyyatındakı dominantlığını əsas götürən siyasətin yeridilməsi bu məsələyə əlavə təkan verdi. Belə ki, Tramp administrasiyası İrana qarşı sanksiyaları bərpa etdikdən sonra Avropa ölkələri həmin ölkə ilə iqtisadi əlaqələrini davam etdirmək üçün müvafiq səylər göstərərək bəzi çətinliklərlə üzləşib.
Sabah - yanvarın 26-da Avropa İttifaqı avronun beynəlxalq valyuta kimi mövqeyini artırmaqla bağlı plan açıqlayacaq. Bu planda Aİ məkanında vahid bank sektoru və kapital bazarı yaradılmasına təkan verən bir sıra layihələrin tamamlanması nəzərdə tutulur. Həmçinin enerji və xammal sektorlarında, o cümlədən hidrogen kimi yeni yanacaq növlərilə bağlı da avronun başlıca beynəlxalq pul vahidi statusunun artırılması məsələsi də irəli çəkiləcək. Hidrogenin irəli çəkilməsi daha çox “Brent", "WTI" kimi başlıca markaları dollara bağlanan xam neftə alternativ axtarışından irəli gəlir.
Bununla yanaşı, Avropa Komissiyası rəqəmsal avronun tətbiqilə bağlı Avropa Mərkəzi Bankının (ECB) gördüyü işlərə dəstək verəcək.
Koronavirus pandemiyasının nəticəsi olan resesiyanı aradan qaldırmaqda Aİ üzv ölkələrinə yeni yaradılan yardım fondunun da avronun güclənməsinə təkan verəcəyi irəli sürülür. Sözügedən yardım proqramı 750 milyard avro həcmində kredit və subsidiya ayrılmasını nəzərdə tutur. Həm də bu vəsaitin üçdə biri ekoloji layihələrə sərf edilməlidir. Bununla yanaşı, Avropa iqtisadiyyatının dirçəlməsi üçün ECB də təşviq tədbirləri görüləcək. Həm də ABŞ-da faiz dərəcələri mənfi olduğu halda avrozonada müsbət olması da bu baxımdan əhəmiyyət daşıyır. Beləliklə, cari ildə avro həmin məsələdə dollara qarşı üstün olacaq.
“Bu il ABŞ dövlət istiqrazlarının gəlirliyin artımı dayanıqlı olmadığı, ABŞ-da inflyasiya proqnozlarının avrozonadakına nisbətən daha yüksək olduğu üçün avronun dollara qarşı məzənnəsi yenə də artmalıdır”, - deyə “Commerzbank” bildirib.
Bəs avroya dair bütün bu planlar nə dərəcədə ağlabatandır? Axı avronun saxlanc vasitəsi kimi istifadəsi artıq 20 ildir 20 faizə yaxındır. Avropa Komissiyasından bildirildiyinə görə, həmin müddət ərzində dolların payı 70 faizdən 60 faizədək geriləsə də, bunun başlıca səbəbi get-gedə güclənən yuanın payının 10 faizdən 18 faizədək artmasıdır.
Yuan sədləri aşır
Əslində dollar üçün ən təhlükəli rəqib məhz yuandır. Belə ki, koronavirusa və onun fəsadlarına baxmayaraq Çin iqtisadi artımı və dayanıqlı olması ilə heyrətləndirməyə davam edir. Hazırda ABŞ-dan sonra ikinci yerə çıxan Çin ÜDM-si 2000-ci ildə 1,2 trilyon ABŞ dollardan 2020-ci ildə 16 trilyon ABŞ dollaradək artıb. Odur ki, beynəlxalq maliyyə əlaqələrində yuanın rolu artıb və bundan sonra da artacaq. Bundan əlavə Çin Xalq Bankı rəqəmli yuanın sınaqlarına da başlayıb. Belə ki, ötən ilin aprel ayında aktivləşdirilmiş rəqəmsal yuan dövlət tərəfindənin yaradılmış və idarə edilən ilk rəqəmsal valyuta kimi tarixə düşəcək. Çin hökumətinin irəli sürdüyü “Kəmər və yol” (Belt and Road) təşəbbüsünə qoşulan bir çox ölkələr də Çinlə get-gedə artan ticarət əməliyatlarında məhz yuandan istifadə edir.
Yuanı dolların səviyyəsinə yüksəltmək üçün Çin hökuməti bir sıra tədbirlər görməlidir. Birincisi, bu gün dünya pul vahidləri arasında başlıca saxlanc vasitələrindən olan yuan hələ də ənənəvi mənada sərbəst konvertasiya olunan valyuta deyil. Ona görə də yuanın beynəlxalq bazara çıxması üçün iqtisadiyyatın sərbəstləşməsi, yuanla sərbəst hərraclar keçirilməsi, dövlətin məzənnəyə qarışmaması kimi bir sıra şərtlər irəli sürülür. Lakin iqtisadi siyasətində daim özünəməxsus yolla irəliləyən Çin hökumətinin bu şərtləri yerinə yetirəcəyi ağlabatan görünmür. Bu ölkənin maliyyə bazarlarındakı şəffaflığının inkişaf baxımdan müsbət amil olduğu da sual altındadır.
İkincisi, Çin ticarət əlaqələrində etibarlı tərəfdaş olduğunu sübut etməlidir. Lakin ölkənin ən zəngin sahibkarına (“Alibaba” sahibi Ma Yun) belə hökuməti tənqid etmək haqqı verilmirsə, bu məsələ müəmmalıdır. Hələ ABŞ ilə illərdir davam edən ticarət qarşıdurmasını da unutmayaq.
Dollar son sözünü söyləməyib
Təbii ki, dolların öz üstün mövqeyini asanlıqla “təhvil” verəcəyini düşünmək üçün də elə bir əsas yoxdur. İndi Co Bayden administrasiyasının iş başına gəlməsi də dolların yüksəlişinə olan ümidlər daha da artdı. Ekspertlərin rəyincə, yeni prezident sələfi Donald Tramp kimi FED-in fəaliyyətinə müdaxilə edərək dolların məzənnəsini aşağı salmaq üçün monetar siyasətini yumşaltmaq üçün təzyiq göstərən deyil. Bununla yanaşı maliyyə katibi vəzifəsinə namizəd göstərilən Canet Yellen də güclü dollar siyasətinə dönəcəklərinə eyham vurub: “ABŞ rəqabətdə üstünlük naminə valyutanı zəiflətmək istəmir. Dolların məzənnəsini bazar təyin etməlidir”. O, həmçinin xarici ölkələrin də rəqabətdə haqsız üstünlük qazanmaq məqsədilə valyuta məzənnəsilə oynamaq cəhdlərinin qarşısını alacaqlarını da qeyd edib.
“Bank of America”dan isə son prezident seçkiləri nəticələrinin “qısa perspektivdə dolların azalma potensialını gücləndir”diyini bildiriblər. Sərmayədarların isə qənaətincə, işgüzar fəaliyyətlər artdıqca mərkəzi banklar pul-kredit siyasətini adi qaydaya qaytardıqca ABŞ-da faiz dərəcələri Aİ-dəkindən daha sürətlə artacaq. FED ilə ECB əsas faiz dərəcələri arasında hazırda 0,66 faiz bəndinə yaxın olan fərqin 2026-cı ilədək illik 0,8 faiz bəndinə yaxınadək artacağı güman edilir. Nəticədə ABŞ dövlət istiqrazlarının gəlirliyi artacaq, avrozonada isə bu proses əngəllənəcək. Beləliklə də dollar bazar iştirakçıları üçün daha cazibəli hala gələcək. FED rəhbərliyi bildirib ki, faiz dərəcələri 2023-cü ilin sonunadək artırılmayacaq, amma iqtisadiyyat dirçəldikcə vəziyyət dəyişə bilər.
Sabah nələr olacaq?
Ekspertlərin fikrincə, dolların məzənnəsi ən azı cari ilin birinci yarısında azalmağa davam edəcək. Bu da daha çox FED tərəfindən ayda 120 milyard ABŞ dolları həcmində aktivlər satın alması ilə bağlı olacaq. Üstəlik Konqres tərəfindən 900 milyard ABŞ dolları həcmində yeni dəstək proqramının qəbulundan sonra satın alınan aktivlərin həcmi artırıla da bilər ki, nəticədə tədavüldəki dollar kütləsi daha da artacaq.
Ekspertlərin bir qismi də dünya bazarlarında yüksək dəyişkənlik riski üzündən dolların avroya qarşı məzənnəsinin 1,15 USD/EURO-dək artacağını, ilin ikinci yarısında isə 1,22-1,25-dək geriləyəcəyini güman edir.
Həmçinin bu il kütləvi peyvəndləmə nəticəsində koronavirusun səngiməsi halında Braziliya realı və Türkiyə lirəsi kimi pul vahidlərinin də böhrandan əvvəlki vəziyyətə qayıdacağına dair gözləntilər var. Hər halda bu il dünya valyuta bazarında diqqətəlayiq hadisələrin baş verəcəyi şəksizdir.
Azərbaycana gəlincə, bir tərəfdən başlıca ixracat məhsulumuz olan neftlə bağlı əməliyyatlar dollarla aparılır, digər tərəfdən isə Aİ ölkələri də mühüm ticarət tərəfdaşımızdır. Dövlət Neft Fondu və Azərbaycan Mərkəzi Bankı ta əvvəldən dünya bazarlarındakı meylləri nəzərə alaraq valyuta ehtiyatlarının ehtiyatlı şaxələndirilməsi siyasətini aparır və indiyədək bununla bağlı hər hansı əmma çıxmayıb. Həmçinin manatın dayanıqlı olmasına dair beynəlxalq təsisatlarının proqnozları da ümidvericidir.
Lakin 2020-ci ilin təcrübəsinin də sübut etdiyi kimi proqnozlara çox da etimad yoxdur. Valyuta bazarında bundan sonrakı cərəyanlar daha çox koronavirus böhranından sonra dünya iqtisadiyyatının artım sürətini nə dərəcədə bərpa edəcəyindən asılıdır. Hələ baxaq görək bərpa edə biləcəkmi.
Qulu Nuriyev, ekspert
© report