ANALİTİKA

03 Sentyabr

Sənaye parklarının fəaliyyət dairəsi genişlənir

Ölkəmizdə prioritet hədəf kimi nəzərdə tutulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də sənaye parklarının yaradılmasıdır. Hazırda respublikamızda dövlət başçısının müvafiq fərman və sərəncamlarına müvafiq olaraq kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye parkları fəaliyyət göstərir. Artıq həmin parklarda istehsal edilən müxtəlif növ məhsullar hesabına daxili tələbat təmin olunur, ixracdan asılılıq azalır, eyni zamanda, məhsul ixrac edilir.

Ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında yeni istehsal sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü istehsalın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, sənaye sahəsində məşğulluğun artırılması, daha çox investisiyanın cəlb olunması istiqamətində sistemli və ardıcıl işlər aparılır.

Bütün bunlar Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətində aydın nəzərə çarpır. Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılan adı çəkilən sənaye parkının hazırda 23 rezidenti var. Rezidentlər tərəfindən bura indiyədək 2,9 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və növbəti mərhələdə daha 245 milyon ABŞ dollarından çox investisiyanın qoyulması nəzərdə tutulub.

Xatırladaq ki, sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, bununla da, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.

Bu ilin sonunadək Sumqayıt Kimya Sənaye Parkında daha 2 müəssisənin – “Termoformasiya metodu ilə vərəqə şüşə istehsalı” layihəsi üzrə “AzerFloat” QSC və “Qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası” layihəsi üzrə “Azmonbat” MMC-nin istehsala başlaması planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkında hazırda 5 min 500-dən artıq insan daimi işlə təmin olunub və gələcəkdə işçi sayının 6 min nəfərə çatdırılması nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, bir sıra ölkələrə də ixrac olunur. Ümumilikdə bu sənaye parkında istehsal olunan 1,9 milyard manatdan çox dəyərdə məhsulun satışı həyata keçirilib ki, bunun da təqribən 32 faizi ixrac edilib.

Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2013-cü ildə fəaliyyətə başlayıb. Bu müddət ərzində yüksək nəticələr əldə edib. Bu yaxınlarda MMC-nin texniki avadanlıqlar zavodunda daha bir məhsulun – Rusiya Federasiyasının sifarişi ilə avtodayanacaqlarda istifadə olunan çuqun töküm yağış barmaqlıqların istehsalına başlanıb. “

Azertexnolayn” MMC-nin hazırda texniki avadanlıqlar zavodu ilə yanaşı, daha 2 müəssisəsi – polad boru və polietilen məmulatları zavodları da fəaliyyət göstərir. Bu müəssisələrdə qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir.

Zavodlarda indiyədək 383 milyon manatdan çox məhsul istehsal edilib və 95 milyon manatlıq hissəsi ixrac olunub. Sumqayıt Kimya Sənaye Parkının fəaliyyət dairəsi də getdikcə genişlənir. Bu yaxınlarda yeni rezidentin – “Novus Plastica” MMC-in qeydiyyata alınması da bunun bariz ifadəsidir. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bununla da adı çəkilən sənaye parkının rezidentlərinin sayı 24-ə çatıb. Yeni rezident tərəfindən bu sənaye parkının ərazisində “Polimer materialların emalı” layihəsi həyata keçiriləcək.

Layihə çərçivəsində yaradılacaq müəssisədə Yaponiya və Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə iki istiqamət üzrə – polietilen borular üçün qara karbon konsentratı və mavi konsentrat, həmçinin polimer istehsalı zamanı yaranan qeyri-standart polimerlər, habelə polimer kompozisiya materialları istehsal ediləcək.