ANALİTİKA

24 Avqust

Pandemiya dövründə ölkəmizin xarici iqtisadi əlaqələri

Son 17 ildə Azərbaycanda müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkəmizin xarici iqtisadi əlaqələrində də müsbət meyillərə təkan verib. Belə ki, xarici iqtisadi əlaqələrin coğrafiyası genişlənib, ticarətin əmtəə strukturu təkmilləşib. Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsində önəmli rol oynayan məsələlərdən biri də respublikamızın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlıdır. Elə buna görə də həyata keçirilən tədbirlər və qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çeviri

Son illər ərzində ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.

Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində son illər görülən işlər xüsusilə vurğulanmalıdır. Şərq-Qərb nəqliyyat dəhlizi Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan, tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla, 5400 kilometr uzunluğunda olan Şərq-Qərb nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür. Əhəmiyyətinə görə “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra isə dəhliz quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradıb. Respublikamızın xarici iqtisadi əlaqələrinin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik də təkmilləşdirilib, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan yeni Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilib. Bütün bu tədbirlər nəticəsində son 17 ildə Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 1,5 dəfə artıb. Bu dövrdə ixrac 5,3 dəfə, o cümlədən, qeyri-neft ixracı 4,1 dəfə, ixrac məhsullarının çeşidi 2,6 dəfə yüksəlib.

Cari ilin yanvar-iyun aylarında da COVID-19-un müəyyən çətinliklərinə baxmayaraq, respublikamızın xarici ticarət əməkdaşlığında müsbət meyllər qeydə alınıb. Statistika Komitəsinin məlumatına görə, bu dövrdə xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 11 milyard 750,2 milyon ABŞ dolları, o cümlədən? ixracın dəyəri 6 milyard 760,7 milyon dollar, idxalın dəyəri 4 milyard 989,5 milyon dollar təşkil edib.

Nəticədə 1 milyard 771,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,3 faiz, real ifadədə 20,5 faiz, o cümlədən, idxal 42,8 faiz, ixrac isə 4,6 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, xarici ticarət dövriyyəsinin 89,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Ukrayna, ABŞ, Almaniya, Hindistan, İsrail, Gürcüstan, Yunanıstan, Xorvatiya, Çexiya, Vyetnam, İspaniya, İran, Tunis, Birləşmiş Krallıq, Fransa, Avstriya, Portuqaliya, İsveçrə ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiyanın, 14,8 faizi Türkiyənin, 13,3 faizi Çinin, 8,1 faizi ABŞ-ın, 5,3 faizi Almaniyanın, 4,3 faizi Ukraynanın, 4,1 faizi İtaliyanın, 2,8 faizi İranın, 2,7 faizi Birləşmiş Krallığın, 1,9 faizi Yaponiyanın, 1,8 faizi Koreyanın, 1,7 faizi Fransanın, 1,4 faizi Hindistanın, 1,1 faizi Belarusun, 1 faizi Türkmənistanın, 17,4 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

İdxalın 66,1 faizi avtomobil, 19,5 faizi dəmir yolu, 10,3 faizi hava, 4 faizi dəniz nəqliyyatı ilə gətirilib, 0,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilən məhsulların dəyəri təşkil edib.

Bütün yuxarıda sadalanan göstəricilər hökumətin ölkədə investisiya fəaliyyətinin genişləndirilməsini, biznes mühitinin yaxşılaşdırılmasını, sənaye istehsalının artırılmasını və qeyri-neft sektorunun inkişaf etdirilməsini daim diqqətdə saxlamasından xəbər verir. Bununla bağlı qarşıya qoyulan əsas vəzifələr isə sahibkarların ixrac potensialının gücləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir