ANALİTİKA

22 Avqust

Dünyanın pandemik durumu hələ ki, qeyri-müəyyəndir

Nüfuzlu Con Hopkins Universitetinin araşdırmalarına görə, dünyada yoluxma sayı üzrə ABŞ hələ ki, siyahıda birincidir. Bu ölkədə koronavirusa yoluxanların sayı artıq  5,52 milyondan çoxdur. Siyahıda ikinci yeri tutan Braziliyada yoluxanların sayı 3, 45 milyon, üçüncü yerdə dayanan Hindistanda 2, 83 milyon, dördüncü yerdə olan Rusiyada 942 min 106, 5-ci yerdə qərarlaşan CAR-da isə 596 min nəfərdən çoxdur. Avropa ölkələrində son günlər COVID-19-a yoluxanların sayında artımın müşahidə edilməsi bir sıra ölkələri zəruri tədbirlər görməyə məcbur etdi.

Ekspertlərin ikinci dalğa proqnozundan ehtiyatlanan əksər dövlətlər artıq önləyici tədbirlər kimi, məhdudiyyətləri artırmaqdadırlar. Əsas qayda kimi, insanların çox olduğu ictimai yerlərdə, nəqliyyat vasitələrində və digər məkanlarda hər kəsin qoruyucu maskadan istifadə etməsi və sosial məsafə saxlamasının zəruriliyi gündəmə gəlməkdədir.

“Reuters”in yaydığı məlumata görə, Almaniya və Fransa ÜST-də islahatların aparılması məsələsini müzakirə edirlər. Hər iki ölkə qurumun səlahiyyətlərinin və maliyyəsinin artırılmasını təklif edirlər. Təklif müəllifləri bildirirlər ki, COVID-19 pandemiyası bir daha ÜST-ə pandemiyanın yaranma səbəblərini araşdırmaq və onun ilkin ocaqlarını müəyyənləşdirmək zərurətini diktə edir.

ÜST-ün mütəxəssisi Maria van Kerkhove hələ avqustun 1-də “Telegraph” nəşrinə verdiyi müsahibəsində dünyada yaranmış vəziyyətlə bağlı suallara aydınlıq gətirmiş və bildirmişdir ki, sağlamlığa dəyən ziyana, sosial və iqtisadi fəsadlara baxmayaraq, ümumölkə karantin rejimi yerinə lokal karantin tədbirlərinin görülməsi tövsiyə olunur. O, sərt karantin rejiminin yenidən tətbiq olunmamasını məsləhət görüb. Odur ki, ÜST rəsmisi hazırda yoluxmanın daha çox yayıldığı şəhər və bölgələrdə lokal xarakterli karantin tədbirlərinin həyata keçirilməsinin tərəfdarıdır. Artıq bir sıra ölkələrdə virusun yayılma arealının çox olduğu bölgə və şəhərlərdə lokal xarakterli karantin tədbirləri tətbiq edilməkdədir.

Finlandiya pandemiya ilə bağlı bəzi ölkələrə səyahət məhdudiyyətləri tətbiq etmək qərarına gəlib. Ölkənin “foreigner.fi” saytı yazır ki, bu barədə ölkənin Daxili İşlər naziri Maria Ohisalo ilə Nəqliyyat və Kommunikasiya naziri Timo Harraka mətbuat konfransında ictimaiyyətə məlumat veriblər. Daxili İşlər nazirinin sözlərinə görə, Finlandiya hökuməti daxili sərhədlərdə (Şengen zonası daxilində) səyahət məhdudiyyəti və nəzarətini Norveç, Danimarka, İslandiya, Almaniya, Yunanıstan və Maltadan gələn səyahətçilər üçün yenidən tətbiq edəcək. Şengen zonasından kənarda olan ölkələrdən İrlandiya, Kipr, San Marino, Yaponiya üçün də məhdudiyyətlər tətbiq ediləcək. Məhdudiyyətlər avqustun 24-dən qüvvəyə minəcək.

Kanadada isə parlamentin fəaliyyəti sentyabrın 23-nə qədər dayandırılıb. Belə ki, koronavirusa yoluxmanın artması səbəbindən Baş nazir Castin Trüdonun müraciətinə əsasən parlamentin fəaliyyətinin dayandırılması ilə bağlı ölkənin general-qubernatoru Jyuli Peyette fərman imzalayıb. “Yeni növ koronavirus pandemiyası şəraitində iqtisadiyyatı bərpa etmək üçün uzunmüddətli bir plan lazımdır. Sentyabrın 23-də edəcəyim çıxışda bu planın həyata keçirilməsi üçün ilk addımları təqdim edəcəyik” – deyə baş nazir vurğulayıb.

COVID 19-la mübarizədə rusiyalı mütəxəssislərin hazırladıqları “Sputnik V” adlı vaksin bütün kliniki sınaq mərhələlərindən keçməsə də, artıq Meksika hökumətinin marağına səbəb olub. Belə ki, Meksikanın XİN rəhbəri Marselo Ebrard öz “Twitter” səhifəsində bildirib ki, onun ölkəsi Rusiyada COVID-19-a qarşı hazırlanmış vaksinlə maraqlanır. Bundan əvvəl Meksika Prezidenti Andres Manuel Lopes Obrador Rusiyanın dünyada hamıdan əvvəl hazırladığı vaksini öz ölkəsində ilk olaraq, sınaqdan keçirməyə hazır olduğunu bəyan etmişdi. “Universal” nəşrinin bildirdiyinə görə, Prezident “ Vaksinin vacibliyinə heç bir şübhə olmasın deyə, mən ilk olaraq, özümə peyvənd vurmağa icazə verərdim” – deyib və əlavə edib ki, əgər vaksinin effektivliyi olarsa, Meksika Rusiya tərəfi ilə bununla bağlı danışıqlara başlayacaq.