Müharibələr bəşəriyyətin bəlası hesab olunsa da, bir fakt danılmazdır ki, onların sayəsində elm və texnologiya inkişaf edir. Ötən əsrdə baş vermiş hər iki dünya müharibəsi bu fikrin bariz nümunəsi oldu. Söhbət əlbəttə ki, insanlıq əleyhinə ixtira edilmiş silahlardan deyil, bəşəriyyətə xidmət edən yeniliklərdən gedir.
Bu gün ictimaiyyət yeni növ koronavirus pandemiyasını dünya müharibəsi səviyyəsində qəbul edir. Qarşımızdakı əli silahlı düşmən olmasa da, məqsəd birdir – insanı məhv etmək. Bu mübarizə gözlə görünən düşməni zərərsizləşdirməkdən daha çətindir. Deməli, qələbə üçün yenə də elmin, texnologiyanın yeni nailiyyətlərinə ehtiyac var.
Yaşadığımız bu çətin pandemiya dövrü indiyə qədər əldə etdiyimiz nailiyyətləri sınaqdan keçirmək üçün əsl fürsət olmaqla yanaşı, həm də zəif və güclü tərəflərimizə nəzər yetirməyə imkan yaradır. Qısa zamanda insanların evlərə qapanması alternativ vasitələrə əl atmağı tələb etdi. İndiki zamanda belə vasitələr sözsüz ki, informasiya və kommunikasiya texnologiyaları (İKT) hesab olunur. Bu gün insanlar təhsildən əyləncəyə qədər bütün həyatlarını İKT-nin yaratdığı imkanlardan istifadə etməklə qurmağa çalışırlar. Azərbaycan da bu mənada istisna deyil.
Ölkəmizdə İKT-nin inkişaf etdirilməsi birbaşa ölkə başçısının nəzarəti altındadır. İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilməsi bunun bariz nümunəsidir.
Kiçik bir nümunə ilə ölkəmizin hazırkı şəraitdə İKT-nin imkanlarından yararlanmaq səviyyəsinə nəzər salaq. Pandemiya şəraitində ölkəmizdə atılan ilk məhdudlaşdırıcı addımlardan biri mart ayında təhsil müəssisələrinin bağlanması oldu. Tədris ilinin sonuna qədər sürən bu vəziyyətdə distant təhsil məsələsi ortaya çıxdı. Mövcud vəziyyətə qədər Azərbaycan üçün real görünməyən tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunan bu fоrması ilə az qala hər bir ailə tanış oldu. Doğrudur, yenilik olduğu və pərakəndə şəkildə həyata keçirildiyi üçün bu tədris formasının az effektli olduğunu düşünənlər oldu.
Lakin qısa müddət ərzində Təhsil Nazirliyinin bu sahədə atdığı addımları danmaq olmaz. Belə ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 11-dən “Mədəniyyət” və “ARB Günəş” kanallarında ölkənin ümumi təhsil müəssisələrinin şagirdləri üçün teledərslərin yayımına başlandı. Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etməklə həm Azərbaycan, həm də rus bölmələri üçün əvvəlcədən elan edilmiş cədvələ uyğun olaraq təqdim edildi.
Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verildi. “Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirildi.
İKT-nin imkanlarından istifadə edən Təhsil Nazirliyi şübhəsiz ki, distant təhsil təcrübəsi olan ölkələrin nümunələrindən yararlanacaq. Bunun qarşıdan gələn yeni tədris ilində daha sistemli olacağına, ən ucqar kənd məktəbinin şagirdini belə əhatə edəcəyinə ümid edirik.
Əslində İKT-nin inkişafını son bir neçə ayla əlaqələndirmək, pandemiya dövrünə bağlamaq bəlkə də doğru olmaz. Azərbaycan dövləti son illər ərzində İKT-nin inkişaf etdirilməsi üçün böyük miqyaslı uğurlu addımlar atıb. Belə addımlardan biri əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə 2015-ci ildə yaradılmış Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC-dir. Sonradan “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” adlanan bu MMC-nin ölkə üzrə 15 regionda cəmi 17 mərkəzi fəaliyyət göstərir. Mərkəz “Cisco Network Academy” və “CompTIA Academy” beynəlxalq statuslarına malikdir. Mərkəzdə HD multimedia studiyası, “Cisco” şəbəkə akademiyasının laboratoriyası, “Microsoft” sistem inzibatçılığı, qrafika və dizayn üzrə kompüter laboratoriyaları fəaliyyət göstərir.
Yaradılmış “Elektron Hökumət”in əsas məqsədi dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Elə bu sistemin effektivliyi də son aylarda əsl sınaqdan keçdi. Dövlətdən yardım alan işsiz əhalidən tutmuş işləmək icazəsinə görə portala müraciət edən vətəndaşa qədər hər kəs bu sistemdən istifadə etdi. Təkcə bu ilin may ayı ərzində “Elektron hökumət” portalı vasitəsilə xidmətlərə ən çox müraciət edilən sahələr bunlar olub: Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi xidmətlərə 691299, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 607587, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 461296, Dövlət Gömrük Komitəsi 48 821 və elektron arayışlara 14167 dəfə müraciət edilib.
Pandemiya dövründə ölkəmizdə elektron imzadan istifadə edənlərin sayı da artmaqdadır. Bu ilin yanvar-iyun ayları ərzində vətəndaşlara 1244, sahibkarlara 2144, hüquqi şəxslərə isə 1666 e-imza sertifikatı verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə təqdim olunan sertifikatların sayında 20 faiz artım qeydə alınıb.
Bu gün ayrı-ayrı qurumların sosial şəbəkələrdə aktivliyi də İKT-nin inkişaf göstəricisi hesab oluna bilər. Artıq həm dövlət, həm də özəl sektorda çalışan qurumlar sosial şəbəkələrdə təsdiqlənmiş rəsmi səhifəyə sahib olmaq, vətəndaşlarla bu səhifələr vasitəsilə ünsiyyət qurmaq istəyirlər. Azərbaycanda karantin rejiminə görə müvəqqəti olaraq fəaliyyətini dayandırmış mədəniyyət ocaqlarının – muzeylərin, teatrların, sərgi salonlarının, mədəniyyət evlərinin, musiqi məktəblərinin, konsert zallarının öz tədbirlərini onlayn şəkildə təqdim etməsi də təqdirəlayiq hallardan hesab oluna bilər. Doğrudur, bəzi mədəniyyət ocaqlarının bu sahədə müəyyən təcrübəsi var idi. Məsələn, ölkəmizdə kitabxana sahəsində elektronlaşmanın artıq on ildən çox yaşı var. Amma gəlin, etiraf edək ki, bu xidmət indiyə qədər belə populyarlıq qazanmamışdı.
Bu dövrdə elektron ticarətin inkişafını da danmaq olmaz. Koranavirus pandemiyası ilə bağlı ticarəti asanlaşdıran Azərbaycanın “Amazon”u hesab ediləcək vahid elektron ticarət (E-commerce) platforması yaradıldı. Bu, fəaliyyət növündən asılı olmayaraq yerli şirkətlər üçün mövcud qiymətlərdən aşağı qiymətə elektron satışı həyata keçirməyə imkan verən veb platformadır.
Pandemiya dövründə mobil operatorların fəaliyyəti də xüsusi vurğulanmalıdır. İnsanların daha çox internetdən və mobil əlaqədən istifadə etdiyi bu dövrdə demək olar heç bir mobil operator çətinlik çəkmədi. Əksinə, onların hər biri əhaliyə daha sürətli, keyfiyyətli xidmət etmək uğrunda yarışa girdi.
Bu dövr ölkədə populyarlaşmış mobil tətbiqlər əsasən məsafədən ünsiyyət qurmaq, onlayn seminarlar keçirmək üçün istifadə olunanlardır. Mobil tətbiqlər mövzusuna toxunarkən yerli istehsal olan “E-təbib”i unutmaq olmaz. E-Təbib” mobil tətbiqi vasitəsilə insanlar ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar olurlar.
Bu gün Azərbaycan İKT sahəsində beynəlxalq aləmdə belə öz sözünü deməyə, seçilməyə başlayıb. Belə ki, bu ilin iyun ayında Silikon Vadisində müxtəlif ölkələrdən iştirak edən 150 komanda arasında yerli startaplarımızdan “ABC Planet” və “VRiendly” da təmsil olunub. Həmtəsisçi və CEO Cəmil İslamovun simasında təmsil olunan “ABC Planet” startapı isə TOP 3 ən güclü və perspektivli startap siyahısında yer alıb. Artıq ABŞ-ın bir neçə nüfuzlu vençur fondu startaplara investisiya etmək üçün müraciət edib.
Tuncay Türbəndəzadə