ANALİTİKA

11 Aprel

2019-cu ilin sosial-iqtisadi vəziyyətinin təhlili

Ümummilli lider Heydər Əliyevin qüdrətli dövlətin qurulmasına yönələn uzaqgörən inkişaf strategiyası son 17 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilib, ölkəmizin siyasi-iqtisadi imkanları daha da genişlənib, beynəlxalq aləmdə nüfuzu artıb.

Bu müddətdə respublikamızın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhranı şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabat nitqində bu barədə ətraflı bəhs edib. Natiq Prezident İlham Əliyevin yeniləşmə istiqamətində atdığı addımların fonunda Nazirlər Kabinetinin də öz fəaliyyətini daim təkmilləşdirməyə, dövlət idarəçiliyinin modernləşdirilməsini nəzərdə tutan siyasi qərarların ardıcıl və səmərəli icrasına çalışdığını bildirib.

Baş nazirin hesabat nitqində ötən ilin müasir Azərbaycanın tarixinə köklü islahatlar ili kimi daxil olduğu, dövlət başçısının rəhbərliyi ilə aparılan siyasi, iqtisadi və sosial islahatların dönməz xarakter aldığı, cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə etdiyi xüsusi vurğulanıb. Eyni zamanda, Azərbaycanın əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, Dünya Bankı tərəfindən 2020-ci il üçün dərc olunan "Doing Business” hesabatında ən islahatçı 20 ölkə sırasında yer tutması göstərilib.

Yeri gəlmişkən, hazırda ölkəmizdə yaradılan biznes mühiti, siyasi və makroiqtisadi sabitlik Azərbaycanın regiondakı xüsusi rolunu fərqləndirir. Bu baxımdan respublikamızda hər bir vətəndaşın, sahibkarlığa meyilli olan hər bir şəxsin öz potensialını reallaşdırması üçün əlverişli şərait yaradılır. Bu gün yalnız iş yeri tapmaq deyil, eləcə də iş yeri yaratmağa çalışan hər bir vətəndaşa dövlət tərəfindən bir sıra tədbirlər vasitəsilə müvafiq qanunvericiliyin tətbiqi yolu ilə dəstək verilir.

İqtisadiyyatın, o cümlədən özəl sektorun inkişafı istiqamətində həyata keçirilən sistemli islahatlar, həmçinin sahibkarların güzəştli kreditlərlə təmin olunması bunun parlaq ifadəsidir.

Yeri gəlmişkən, keçən ilin əvvəlindən indiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 milyon manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 milyon manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradıb. Güzəştli kreditlərin 74 faizi aqrar sektorun, 26 faizi sənaye istehsalı və digər sahələrin, 66 faizi regionların, 34 faizi isə Bakı qəsəbələrinin payına düşüb.

Azərbaycanda əlverişli biznes mühiti formalaşdırılmaqla yanaşı, islahat proqramları çərçivəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib. Belə ki, 2018-ci illə müqayisədə ümumi daxili məhsul real ifadədə 2,2 faiz, sənaye məhsulu istehsalı isə 1,8 faiz artıb. Eyni zamanda, əlavə dəyər istehsalı qeyri-neft sektoru üzrə 3,5 faiz, qeyri-neft sənayesi üzrə 14,9 faiz çox olub.

Hesabat dövründə makroiqtisadi sabitliyin təmin edilməsi və əhalinin həyat səviyyəsinin qorunması məqsədilə hökumət inflyasiyanın minimal səviyyədə saxlanılmasına böyük əhəmiyyət verib. Elə buna görə də inflyasiyanın səviyyəsi 2019-cu ildə 2,6 faiz təşkil edib. Baş nazirin hesabat nitqində ölkəmiz üçün mühüm önəm daşıyan bir sıra digər göstəricilərə də toxunulub. 2019- cu ölkədə işsizliyin səviyyəsinin ən aşağı həddə olmaqla 4,8 faiz təşkil etdiyi, bundan sonra da məşğulluq siyasətinin gücləndirilməsinin iqtisadi və sosial-iqtisadi siyasətin ən mühüm vəzifəsi kimi diqqət mərkəzində saxlanılacağı xüsusi vurğulanıb.

Qeyd edilən bu faktdan da aydın görünür ki, ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi hər zaman Prezident İlham Əliyevin apardığı siyasətin başlıca prioritetlərindən olub. Dövlət başçısının birbaşa rəhbərliyi ilə pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi və məşğulluq sahələrində şəffaflığın, habelə sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı mühüm addımlar atılıb. Elə bütün bunların nəticəsidir ki, 2019-cu ildə əvvəlki ilə nisbətən əhalinin nominal gəlirləri 7,4 faiz artıb. Orta aylıq nominal əməkhaqqı isə 16,6 faiz yüksələrək, 635 manat təşkil edib. İnflyasiyanı nominal gəlirlərin artımı 4,8 faiz bəndi, orta aylıq əməkhaqqı isə 14 faiz bəndi üstələyib.

Hesabat nitqində diqqətə çatdırılan dövlət büdcəsinin gəlirlərinin 24,2 milyard manat və ya 104,5 faiz, xərclərin isə 24,4 milyard manat və ya 97 faiz səviyyəsində icra olunması faktı barədə bir qədər ətraflı bəhs etmək istərdik. Bununla bağlı xatırladaq ki, ötən il dövlət büdcəsinin şəffaflığının və ünvanlılığının təmin edilməsi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Nəticədə, vergi və gömrük borcları üzrə yığım səviyyəsi yüksəlib, qeydiyyatdan keçən ödəyicilərin sayı əhəmiyyətli dərəcədə artıb.

Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilib. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra edib.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Onu da qeyd edək ki, “Azərbaycan Respublikasının regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev tərəfindən regionların inkişafında prioritet istiqamətlər müəyyənləşdirilib, sənaye istehsalı və kənd təsərrüfatında yüksək artımın təmin olunması, iqtisadiyyatın aparıcı sahələrinin modernləşdirilməsi və şaxələndirilməsi, iqtisadi səmərəliliyin, habelə dayanıqlılığının təmin edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, irimiqyaslı infrastruktur layihələrinin reallaşdırılması ilə bağlı hökumət qarşısında bir sıra vəzifələr qoyulub. Bu vəzifələrin həyata keçirilməsi üçün cari və növbəti illərdə dövlət və icmal büdcələrində lazımi maliyyə təminatının yaradılması nəzərdə tutulub.

Burada xatırlatmaq yerinə düşər ki, ötən 17 il ərzində dövlət büdcəsinin maliyyə təminatının möhkəmləndirilməsinə xüsusi önəm verilib, büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, dövlətin borc strategiyası, vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ standartların tətbiqi, fiskal intizamın artırılması və digər tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, həmin müddətdə dövlət büdcəsinin gəlirləri 20 dəfə artıb.

Bu, ötən ilin dövlət və icmal büdcələrinin icra göstəricilərində də aydın nəzərə çarpır. Belə ki, 2019-cu ildə icmal büdcənin gəlirləri 33,8 milyard manat və ya 2018-ci illə müqayisədə 9,4 faiz, xərcləri isə 26,5 milyard manat həcmində icra olunub. İcmal büdcə ilə bağlı 7,3 milyard manat profisit əldə edilib ki, bu da proqnoza nisbətən 2,9 dəfə çoxdur.

Ötən il dövlət büdcəsinin kəsiri 2 milyard manat proqnoza qarşı 207 milyon manat olub. Büdcə kəsirinin əhəmiyyətli dərəcədə daralması, ilk növbədə, vergi və gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnozların artıqlaması ilə reallaşdırılması, habelə xərclər üzrə qənaətlərin əldə edilməsi ilə bağlı olub.

Baş nazir Əli Əsədovun Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabat nitqində yuxarıda qeyd edilənlərlə bərabər, strateji valyuta ehtiyatlarının hesabat ilinin əvvəlindən 14,2 faiz artaraq 51 milyard dollara çatdığı və ümumi daxili məhsulun həcmini üstələdiyi, eyni zamanda, ötən il ilk dəfə olaraq Dövlət Neft Fondunun aktivlərinin 40 milyard dolları ötdüyü vurğulanıb. Bundan başqa, 2019-cu ilin sonuna xarici dövlət borcu məbləğinin 9 milyard 91 milyon ABŞ dolları olduğu, imzalanmış sazişlər üzrə reallaşdırılan kreditlərə görə xarici dövlət borcunun ümumi daxili məhsulun 18,9 faizini təşkil etdiyi xatırladılıb. Ötən il respublikada əvvəlki illə müqayisədə əsas kapitala yönəldilən investisiyaların həcmi qeyri-neft sektoru üzrə 1,9 faiz, qeyri-neft sənayesi üzrə 23 faiz artıb. Bu investisiyaların 70 faizi daxili, 30 faizi xarici mənbələr hesabına formalaşıb.

Azərbaycanın sosial-iqtisadi sahələrinin inkişafını əks etdirən digər rəqəmlər də deməyə əsas verir ki, ölkəmiz əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolu keçib, bütün sahələrdə ciddi nailiyyətlər əldə edilib, respublikamız öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini gerçəkləşdirib. Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib.

Baş nazir hesabat nitqinin sonunda bu gün üzləşdiyimiz ciddi problemlərdən, xüsusilə də koronavirus pandemiyasının doğurduğu risklərdən, dünya neft bazarında dalğalanmaların milli iqtisadiyyatımıza mənfi təsirlərindən danışıb. Eyni zamanda, diqqəti koronavirus epidemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Azərbaycan Prezidentinin rəhbərliyi ilə gerçəkləşdirilən tədbirlərə yönəldib. Həmçinin dövlətimiz və xalqımızın bu ağır sınaqdan az itkilərlə çıxacağı əminliyini ifadə edib.