Bu il ölkəmizdə mərhələli şəkildə icbari tibbi sığorta tətbiq olunacaq və bununla əlaqədar 2020-ci il dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 369 milyon manat artıb. İcbari tibbi sığorta üçün xərcləri nəzərə alsaq, bu ilin dövlət büdcəsində səhiyyə xərcləri ötən illə müqayisədə 326,5 milyon manat və ya 31,3 faiz artıb. Milli Məclisin “Tibbi sığorta haqqında” Qanuna etdiyi dəyişikliklərə əsasən, 2020-ci il yanvarın 1-dən icbari tibbi sığortaya təqvim ili üçün adambaşına 90 manat məbləğində ödəniş ayrılıb.
Bir çox ölkələrlə müqayisədə Azərbaycanda icbari tibbi sığorta üçün ödənişlər aşağı faiz dərəcəsi ilə qəbul olunacaq. 2020-ci il aprelin 1-dən dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib.