ANALİTİKA

14 Yanvar

Dövlət büdcəsinin fiskal dayanıqlığının qiymətləndirilməsi - Vüsal Qasımlı

2020-ci il üçün dövlət və icmal büdcələri, eləcə də növbəti 3 il üçün büdcələr yeni qaydalara əsasən hazırlanıb. Bu qaydalara uyğun olaraq büdcə xərcləri ildə 3 faiz həddini keçə bilməz. İnfrastruktur və ordu quruculuğu sahələrində uğurlardan sonra Azərbaycan büdcə qaydalarını tətbiq etməklə fiskal dayanıqlığa üstünlük verir. Beləliklə, bu il üçün inflyasiya proqnozunun 4,6 faiz olmasını nəzərə almaqla icmal büdcə ötən illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz artacaq və 29 milyard 448 milyon manata çatacaq. Fiskal dayanıqlığın daha bir əlaməti odur ki, dövlət başçısının tapşırığına əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxil məhsula nisbəti 1 faiz azalacaq və 29,1 faizədək enəcək. Bu onu ifadə edir ki, icmal büdcə getdikcə neftdən daha az asılı olur.